Redaktorlar kimləri oxuyur? – SORĞU

Redaktorlar kimləri oxuyur? – SORĞU
MEDIA
16:24 31.03.2015
1423

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır. Bu mütaliə haqqında deyilmiş ən mükəmməl aforizmdir bəlkə də. Kitaba sözün yaxşı mənasında narkotik kimi yanaşıb aludə olan və tərgidə bilməyən oxucular da var. Elə həmin oxuculardır ki, mütaliəyə bəzən çox vaxt ayıra bilməyəndə narahat olur. Gərgin iş rejimində çalışmasına baxmayaraq həqiqi kitabsevərlər az da olsa kitab oxumağa vaxt tapa bilir.

Sorğuda iştirak edən redaktorlar da zaman azlığında şikayət edib:

Vüsal Məmmədov, az vision.az:“Son vaxtlar zamanım çox az olduğu üçün, bədii əsər oxumağı azaldıb, əsasən elmi-populyar kitablara üstünlük verirəm. Bir də, səmimi deyim ki, bədii ədəbiyyatdan haradasa yorulmuşam. Bilmirəm, yaşla bağlıdır, yoxsa oxucu “stajı” ilə, amma bədii ədəbiyyatda məni təəccübləndirə bilən şeylərə getdikcə daha az rast gəlirəm. Peşəm və ixtisasımla bağlı daim mütaliə etdiyim kitabları çıxsam, sonuncu oxuduğum Mitio Kakunun “Mümkün olmayan şeylərin fizikası” (“Физика невозможного”) kitabıdır. Hazırda Karl Saqanın “Kosmos” əsərini oxuyuram. Paralel olaraq, “Seçkilərin psixologiyası” (“Психология выборов”) və “Dünya 2050-ci ildə” kitablarını mütaliə edirəm. Növbədə yeni aldığım iki kitab var: “Vaşinqton Post”un redaktoru Stiv Koll-un yazdığı, CİA-nın Yaxın Şərqdəki əməliyyatlarından bəhs edən “Kabus savaşları” və Erik Uolberqin “Postmodern İmperializm” adlı araşdırması”.

Elməddin Muradlı, avtosfer.az:“Qabriel Qarsio Markesi və Hemenqueyini çox sevirəm. Onların bəzi əsərlərini təkrar oxumuşam. Viktor Hüqodan oxuduğum “Səfillər” romanı həyatımda çox şeyi düzgün seçməyimə kömək etdi. Bu roman bir həyat dərsidir. Amma gərək oxuyub anlayasan. Yoxsa kitabı tez qurtarım deyə oxumaqdansa heç oxumasan yaxşıdır. Müasir yazıçılardan Çingiz Abdullayevin bir neçə əsərini həvəslə oxumuşam. Sonra baxdım ki, bu əsərlərin iki səhifəsini oxuyan kimi axırını təxmini təsəvvür edə bilirsən. Ona görə daha maraqsız gəldi, oxumadım. Hazırda isə yol hərəkəti ilə bağlı qanunları oxuyuram, çünki işimə görə mənə lazım olur. Son bir neçə ayda bədii kitab oxumağa vaxt tapa bilməmişəm”.

Anar Niftəliyev, axar.az:“Sevdiyim çox müəllif var – Dostoyevski, Markes, Maşado de Asiz, Selincer, Folkner, Kafka, Coys... Azərbaycan ədəbiyyatından da xeyli adam var: Kamal Abdulladan Pərvizə, Şərif Ağayara qədər - Amneziya romanına görə Əli Əkbərin də adını çəkə bilərəm. Çoxdur, o qədər ki, ad çəkdikcə çəkmək istəyirəm. Təəssüf ki, son il yarımda iş rejimim ciddi şəkildə mütaliəyə imkan vermir – yalnız internetdən kiçik həcmli hekayələr rastıma çıxanda, saytdan 10-15 dəqiqə oğurlayıb, oxuyuram. Amma bunu mütaliə hesab etmirəm. Kitaba toxunmadan, sakit, heç nə düşünmədən, tamamilə əsərin içinə girmədən oxumaq oxumaq deyil, sadəcə, filan əsərdən və ya filan müəllifdən də məlumatım olsun deyə, informasiya toplamaqdır”.

Rauf Arifoğlu, Yeni Müsavat qəzeti:İşim kitab oxumağıma mane olur. Lakin arada imkan tapıb, oxuyuram. Son oxuduğum və hələ də oxumağa davam etdiyim kitab Orhan Pamukun “Kafamda bir tuhaflık” adlı kitabıdır.

Azər Niftiyev, editor.az:Seymur Baycandan başlamış Anara qədər, Bəxtiyar Vahabzadədən tutmuş Murad Könəqalaya qədər hamısını oxuyuram. Xarici ədəbiyyatdan isə Mark Tveni və Qabriel Qarsio Markesi daha çox bəyənirəm. Eyni zamanda dünyanın idarə olunması, insanda fərdi xüsusiyyətlərin artırılması barədə kitablar da maraq dairəmdədir.//azadinform

OXŞAR XƏBƏRLƏR