Son günlər sosial şəbəkələrdə tibb müəssisələrində, xüsusilə əməliyyat otaqlarında pasiyentlərin foto və video görüntülərinin çəkilərək paylaşılması geniş müzakirələrə səbəb olub.
Bəzi hallarda görüntülərin pasiyentin razılığı ilə çəkildiyi bildirilsə də, razılığı olmadan yayımlandığı iddia edilən paylaşımlar cəmiyyətdə narazılıq doğurur və bunun qanuniliyi ilə bağlı suallar yaradır.
Mövzu ilə bağlı AZXEBER.COM-a danışan tibb hüququ üzrə ekspert, vəkil Hikmət Babayev bildirib ki, Azərbaycan Respublikasının qanunvericiliyi həkim-pasiyent münasibətlərini və tibbi məlumatların məxfiliyini aydın şəkildə tənzimləyir:
"İlk növbədə qeyd edim ki, həkimlərin fəaliyyətini, ümumilikdə isə həkim-pasiyent münasibətlərini Azərbaycan Respublikasının "Əhalinin sağlamlığının qorunması haqqında" Qanunu tənzimləyir. Həmin qanuna əsasən, həkim pasiyenti bütün risklər, baş verə biləcək hallar, aparılacaq tibbi müdaxilələr və onların mümkün nəticələri barədə əvvəlcədən məlumatlandırmalıdır. Bu məlumatlandırma razılıq protokolu ilə də təsbit olunur. Yəni həkim hər bir halda pasiyentin razılığını almağa borcludur".
Vəkil qeyd edib ki, pasiyentə aid tibbi məlumatlar, müalicə prosesi, foto və video görüntülər həkim sirri hesab olunur və qanunla qorunur:
"Həmin qanunda həkim sirri anlayışı da öz əksini tapıb. Pasiyentin fərdi məlumatları, onun müalicə prosesi, videoçəkilişləri və digər görüntüləri üçüncü şəxslərlə paylaşılmamalıdır. Çünki həkim pasiyentin ən məxfi məlumatlarına bələd olan şəxsdir və bu məlumatlar Azərbaycan Respublikasının Konstitusiyası, eləcə də digər qanunlarla qorunur. Bundan başqa, "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, şəxsin həyatı ilə bağlı, onun nüfuzuna və şəxsi toxunulmazlığına təsir göstərə biləcək məlumatların həmin şəxsin razılığı olmadan yayılmasına yol verilmir. Bu cür məlumatlar yalnız şəxsin razılığı əsasında açıqlana bilər".
Hikmət Babayev bildirib ki, pasiyentin razılığı olmadan onun görüntülərinin yayılması hüquqi məsuliyyət yarada bilər:
"Belə hallarda həm inzibati məsuliyyət, həm də əmək qanunvericiliyinə uyğun olaraq, Əmək Məcəlləsinin 186-cı maddəsi əsasında intizam məsuliyyəti yarana bilər. Əgər bu əməl ağır nəticələrə səbəb olubsa və şəxsin şəxsi həyatına dair məlumatların yayılması ona ciddi zərər vurubsa, artıq burada Cinayət Məcəlləsinin 156-cı maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyəti də yarana bilər. Bundan əlavə, pasiyent məhkəməyə müraciət edərək ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsini tələb etmək hüququna malikdir".
Fəridə Əsədzadə











































