Rektorlar yeni təhsil naziri haqda nə düşünürlər?

Rektorlar yeni təhsil naziri haqda nə düşünürlər?
Bütün Xəbərlər
13:48 21.04.2013
7285

Şəmsəddin Hacıyev: “Mikayıl Cabbarov bu etimadı doğruldacaq”

Əhməd Vəliyev: “Misir Mərdanov savadlı, peşəkar kadr idi”

Misir Mərdanovun vəzifədən çıxarılması ictimaiyyət tərəfindən maraq və təəccüblə qarşılanıb. Onun yerinə təhsil sahəsi ilə əlaqəsi olmayan Mikayıl Cabbarovun təyin edilməsi də eyni təəccüb və marağa səbəb olub. Əksər ekspertlər bu fikirdədir ki, Misir Mərdanovun işdən çıxarılıb yerinə Mikayıl Cabbarovun təyin olunması təhsil sistemində müsbət dönüş yaratmayacaq.

Milli Məclisin elm və təhsil komitəsinin sədri, İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev eyni nazirlə bağlı ümidli olduğunu bildirdi: “Mikayıl Cabbarov çox savadlı, mədəni, səviyyəli şəxsdir. Amerikada da təhsil alıb, Bakı Dövlət Universitetinin, İqtisad Universitetin də məzunu olub. Bizim universitetdə magistr təhsili alıb. Güman edirəm ki, yaxşı olacaq. O, bu vəzifəyə dövlət rəhbərinin xüsusi tapşırığı ilə gəlib. Bilir ki, təhsildə hansı problemlər var. Təhsili bir nəfər düzəltmir ki. Yalnız hamılıqda, hamının köməyi ilə təhsil sahəsi düzəlməlidir, başqa yol yoxdur. Neqativlər olmamalıdır, təhsilimiz yüksək səviyyədə olmalıdır. Əgər gələcəyimizi inkişaf edən bir ölkə kimi görmək istəyiriksə, ilk növbədə diqqət təhsilə yönəlməlidir”.

Rektor yeni nazirin təhsildəki problemləri həll etməyə gücü çatacağı ilə bağlı sualı bu cür cavablandırıb: “İşləyəndən sonra görərik. Bu, idman deyil ki, fikirləşək bu ştanqı qaldıra bilər, ya yox? Amma hər halda onun potensialı, səviyyəsi, həyat yolu, təmiz fəaliyyəti göstərir ki, yəqin ki, bacaracaq, təyinatı doğruldacaq”.

Ş.Hacıyevin sözlərinə görə, yeni nazirin təhsillə bağlı adam olmaması onun normal fəaliyyətinə problem yaratmaz: “Təcrübə göstərir ki, bəzən təhsildə olan adamlar vəzifəyə çəkildikdə, özünü doğrultmur. Bəzən görürsən ki, başqa sahənin adamı vəzifəyə təyin olunandan sonra tamamilə başqa bir islahatlar başlayır. Başqa bir ab-hava, mühit yaranır. Mikayıl Cabbarov normal təhsil alıb, Amerika təhsili görüb, bizim təhsili görüb. Hüquqşünasdır, iqtisadçıdır. Hesab edirəm ki, cavan, enerjili bir kadrdır. Həm də problemlərə qarşı hamılıqla çalışmalıyıq. Bu gün rektorlar da maraqlıdır ki, təhsilə üzqaralığı gətirən problemlər həllini tapsın”.

“Odlar yurdu” universitetinin rektoru, deputat Əhməd Vəliyev isə deyib ki, yeni nazirin gələcək fəaliyyəti barədə proqnoz verə bilməz: “Onunla bir yerdə işləməmişəm, tanımıram, buna görə heç nə deyə bilmərəm. Köhnə nazir isə savadlı, peşəkar kadr idi”.

Rektorun sözlərinə görə, işdən çıxarılan nazirin başqa vəzifəyə təyin edilməsi istisna deyil: “Vəzifə daimi deyil. Misir müəllim 15 il işləyib də. Hər halda, hər bir işin sonu var. Hamı gedir vəzifədən, daimi vəzifə ola bilməz. Buna təbii baxmaq lazımdır. Ola bilsin Misir müəllimi başqa vəzifəyə təyin etsinlər. Niyə də olmasın? O, uzun illər ölkədə təhsilə rəhbərlik edib, yüksək səviyyədə fəaliyyət göstərib. Təcrübəli adamdır. Onu hər vəzifəyə apara bilərlər”.

Keçmiş təhsil naziri Firudin Cəlilov isə fərqli düşünür. Onun fikrincə, bu vəzifəyə kim gəlir-gəlsin, Azərbaycan təhsilinin problemini qısa müddətdə çözə bilməyəcək: “Ümumiyyətlə, bu gün kimi təhsil naziri qoysan, bu sahədə hər hansı çevriliş mümkün deyil. Çünki bu rejim təhsili elə bir günə salıb ki, düzəlməsinə illərlə vaxt lazımdır. Məndən sonra rəhmətlik Lidiya Rəsulova nazir oldu. Çox gözəl bürokrat, təmiz adam idi, yaxşı da çalışırdı, amma təhsil sahəsində işləyə bilmədi. Çox çətinliklər çəkdi, çünki təhsil sahəsində işləməmişdi, təhsilin problemlərini bilmirdi. Axırda öz ərizəsi ilə işdən çıxdı. Təhsil naziri olacaq adam, ilk növbədə, təhsili bilməlidir, əlində təhsillə bağlı konkret proqramı olmalıdır. Bundan başqa, ən vacib göstəricilərdən biri dövlətin özünün təhsillə bağlı proqramının olmasıdır. Gəl ki Azərbaycanda belə proqram yoxdur. Bu gün Misir Mərdanovun yerinə kim gəlsə, bu işləri apara bilməyəcək”.

Musavat.com

OXŞAR XƏBƏRLƏR