AZXEBER.COM-un müsahibi Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılovdur.
- Rəşad müəllim, Qətər Dövləti hər zaman
özünə məxsus siyasəti, xüsusiyyətləri ilə digər Körfəz və
ümumilikdə ərəb ölkələrindən fərqlənib. Bir diplomat kimi Qətəri digər Ərəb ölkələri
ilə müqayisə etməli olsanız, hansı fərqlilikləri qeyd edə bilərsiniz?
- Qətər də digər körfəz ölkələri kimi neft və qazla zəngindir.
Dünyanın təbii qaz ehtiyatlarının 14 faizi Qətərdə yerləşir. Hazırda ən böyük
maye qaz (LNG) ixracatçısı olan Qətərdə illik 80 milyon tona yaxın maye qaz
hasil olunur. 2022-ci ilədək isə hasilatın 110 milyon tona çatdırılacağı
planlaşdırılır. Ölkə rəhbərliyi neft və qaz satışından əldə etdiyi gəlirləri
ölkənin hərtərəfli inkişafına yönəldir və bu istiqamətdə məqsədyönlü siyasət həyata
keçirir.
Qətər adam başına düşən ÜDM payına görə (təqribən
130 min dollar) təkcə ərəb ölkələrini deyil, ümumilikdə bütün dünya ölkələrini
qabaqlayır. Qətər dünyanın ən böyük valyuta ehtiyatlarına malik ölkələrindən
biridir. Təkcə qeyd etmək kifayətdir ki, bu ölkənin suveren fondunun (Qətər
İnvestisiya Qurumu) aktivləri 350 milyard ABŞ dollarına yaxındır.
Qətər ABŞ-ın Yaxın Şərqdəki ən böyük hərbi bazasına
(Al Udeid) ev sahibliyi edir. Həmçinin, dünyanın ən böyük və nüfuzlu media
qurumlarından olan "Aljazeera” media şəbəkəsi də Qətərdə yerləşir. Rəsmi Doha
regionda bir çox konfliktlərin həllində vasitəçilik səyləri ilə də seçilir.
- Son illərdə Azərbaycan Qətər münasibətlərində
nəzərəçarpacaq dərəcədə aktivlik müşahidə olunur. İki ölkə arasında əlaqələr
bütün sahələr üzrə keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyub. Azərbaycanın Qətər
Dövlətindəki səfirliyi iki ölkə arasında əlaqələrin inkişafı istiqamətində
hansı layihələri həyata keçirir?
- Bu il Azərbaycan-Qətər diplomatik əlaqələrinin
qurulmasının 25 ili tamam olub. Bu müddət ərzində iki ölkə arasında əlaqələr
böyük məsafə qət edib. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2004
və 2017-ci illərdə Qətər Dövlətinə rəsmi səfərləri qarşılıqlı əməkdaşlığın
inkişafı üçün geniş perspektivlər açıb, həmin səfərlər zamanı imzalanmış sənədlər
əlaqələrin dərinləşməsi üçün əlverişli hüquqi zəmin yaradıb. İki ölkə arasında
qarşılıqlı yüksək səviyyəli səfərlərin həyata keçirilməsi və dövlət başçıları
arasındakı yaxın dostluq münasibətləri Azərbaycan-Qətər əməkdaşlığının
inkişafında və dərinləşməsində əvəzsiz rola malikdir.
Hazırda iki ölkə arasında bütün istiqamətlər üzrə əlaqələrin
inkişafı yönündə səylər göstərilir. 2017-ci ildən etibarən fəaliyyət başlayan
hökumətlərarası birgə iqtisadi komissiyanın mütəmadi görüşləri keçirilir. Həmin
görüşlər çərçivəsində ikitərəfli əməkdaşlığın inkişafına dair mühüm qərarlar qəbul
olunur. Bu xüsusda, İnvestisiyalar üzrə birgə işçi qrupunun yaradılmasını və
ilk görüşünün 16-17 oktyabr tarixlərində keçirilməsi nəzərdə tutulub. Bu işçi
qrupu iki ölkə arasında sərmayələrin daha səmərəli təşviqi və birgə layihələrin
həyata keçirilməsi məqsədini daşıyır.
2017 və
2019-cu illərdə Qətər Dövlətinə iki dəfə ixrac missiyası təşkil olunub. Həmçinin,
hər iki ölkənin iş adamları arasında birbaşa əlaqələrin qurulması və Qətər
Ticarət və Sənaye Palatası ilə əməkdaşlığın inkişafı yönündə konkret addımlar
atılıb.
2018-ci ilin
oktyabr ayında Qətərdə keçirilmiş "Birinci Beynəlxalq Məhsullar" sərgisində
ölkəmizin 18 şirkəti iştirak edib. Sərgi çərçivəsində məhsullarımızın ixracına
dair səmərəli danışıqlar aparılıb.
Karqo
daşımaları ilə bağlı Qətər Hava Yolları ilə aparılmış danışıqlar müsbət nəticələnib
və artıq 2019-cu ilin ikinci yarısından etibarən ilkin olaraq sərnişin təyyarələri
vasitəsilə məhsullarımızın Qətərə birbaşa ixracına başlanılıb.
- Son illər ölkəmizə ərəb ölkələrindən,
o cümlədən Qətərdən çox böyük turist axını var. Səfirliyimiz ölkəmizin turizm
potensialının təbliği üçün hansı addımları atır?
- Bəli, son
dövr ərzində bir çox ərəb ölkələrindən, o cümlədən Qətərdən ölkəmizə gələn
turistlərin sayında nəzərəçarpacaq artım müşahidə olunur. Təkcə son 5
il ərzində Qətərdən ölkəmizə səfər edənlərin sayında 40 dəfədən çox artım olub.
Ölkəmizin
Qətərdə turizm imkanlarının təbliği məqsədilə bir sıra işlər görülüb. Qətərin
aparıcı KİV-lərində mütəmadi olaraq ölkəmizlə bağlı yazı və məqalələr nəşr
edilib. Qətər bloqerlərinin və KİV təmsilçilərinin ölkəmizə səfərləri təşkil
edilib. Qətərdəki turizm şirkətləri ilə sıx əməkdaşlıq qurulub.
Hazırda Qətər
Hava Yolları tərəfindən Bakıya gündə iki dəfə birbaşa uçuş həyata keçirilir. Bu
reysə olan marağı və sərnişinlərinin sayının artdığını nəzərə alaraq, birbaşa
uçuşların sayının artırılması nəzərdən keçirilir.
Yaxın zamanda
Azərbaycan-Qətər Birgə Turizm Forumunun keçirilməsi üzərində çalışırıq.
Həmçinin, viza siyasətinin daha da asanlaşdırılması yönündə danışıqlar
aparılır. Bu istiqamətdə görülən işlər bizdə turizm əməkdaşlığının daha da
inkişaf edəcəyinə və ölkəmizə səfər edən qətərli turistlərin sayının daha da
artacağına əminlik yaradır.
- Gəlin, Qətərdə yaşayan azərbaycanlılar
və onların hazırki durumuna da diqqət çəkək. Bu ölkədə yaşayan həmyerlilərimiz
Sizə ən çox hansı məsələlərlə bağlı müraciət edirlər?
- Azərbaycan Respublikasının ümummilli lideri Heydər
Əliyev və Prezident cənab İlham Əliyevölkə xaricində yaşayan azərbaycanlıların milli birlik və həmrəylik hisslərinin
güclənməsi, onların ümummilli ideyalar, Azərbaycan dövlətçiliyi ətrafında sıx
birləşməsi üçün ardıcıl və məqsədyönlü fəaliyyət göstərib. Xaricdə yaşayan həmvətənlərimizin
problemlərinin həlli həmişə ölkə rəhbərliyinin diqqət mərkəzində olub.
Bu siyasətə
uyğun olaraq, səfirliymiz hazırda Qətərdə yaşayan 300-ə yaxın vətəndaşımızın
problemlərini daim diqqətdə saxlayır. Vətəndaşlarımızın təşkilatlanması və
onların dövlətimizin ümumi maraqları ətrafında sıx birləşməsi istiqamətində
mütəmadi olaraq tədbirlər görülür. Bu xüsusda, 2018-ci ilin dekabr ayında
Qətərdə yaşayan həmvətənlərimizlə birgə qəbul olunmuş qərar əsasında bu ölkədə
Azərbaycan diaspor təşkilatı təsis edilib. Azərbaycanın maraqlarının qorunması,
təbliği, ölkəmiz barədə həqiqətlərin yerli ictimaiyyətə çatdırılması və
Azərbaycan-Qətər dostluq əlaqələrinin inkişafı diaspor təşkilatının əsas
fəaliyyəti kimi müəyyənləşdirilib.
2019-cu ilin
fevral ayından etibarən səfirliyimizdə diaspor təşkilatı ilə birgə Azərbaycan
dilinin tədrisi məqsədilə "Bazar Günü” məktəbi yaradılıb və fəaliyyətə
başlayıb. Məşğələlərdə azyaşlı şagirdlərə Azərbaycan dili tədris edilir. Eyni
zamanda, adət-ənənələrimiz, qədim və yeni tariximiz öyrədilir. Məşğələlərdə
30-a yaxın həmvətənimiz iştirak edir.
- Qətər ərəb dünyasının ən güclü və
nüfuzlu ölkələrindənbiridir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı Qətər dövləti və ictimaiyyətinin mövqeyi necədir?
- Qətər
Dövləti Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk dövlətlərdən biri
olmaqla ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tanıyır və bütün
beynəlxalq təşkilatlarda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan
Respublikasının haqlı mövqeyini dəstəkləyir.
Qətər
Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsipləri və həmin münaqişə
ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və 884 saylı
qətnamələrə uyğun olaraq həllini tapmasına dəstək verir.
Qətər Dövlətinin bu mövqeyi ölkəmiz tərəfindən çox yüksək qiymətləndirir. Dağlıq Qarabağla bağlı həqiqətlərin Qətər ictimaiyyətinə çatdırılması yönündə səfirlik tərəfindən ardıcıl işlər görülür. Bu yöndə yerli mətbuatla sıx əməkdaşlıq edir və ictimaiyyət nümayəndələrinin də iştirakı ilə tədbirlər keçiririk.
Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya
ədalət!” beynəlxalq kampaniyası çərçivəsində aparılmış uğurlu iş sahəsində artıq
bütün dünya, həmçinin Qətər ictimaiyyəti də erməni cinayətkarlarının xalqımıza
qarşı həyata törətdiyi etnik təmizləmə siyasəti barədə kifayət qədər məlumata
sahibdir.
- Qətər tərəfi ilə mədəniyyət və təhsil sahələrində əməkdaşlıq imkanlarını necə qiymətləndirirsiniz?
- İndiyə qədər həm Qətərdə, həm də Azərbaycanda qarşılıqlı olaraq mədəniyyət günləri təşkil edilib. Həmçinin, bu sahədə qarşılıqlı əməkdaşlığa dair müvafiq sənəd imzalanıb. İl ərzində Qətərdə ölkəmizin mədəniyyət və incəsənətinin təbliğinə yönəlmiş tədbirlərin təşkili əsas prioritetlərimizdəndir.
Hazırda Qətərdə
növbəti Azərbaycan mədəniyyət günlərinin keçirilməsinə hazırlaşırıq. Həmin
tədbir çərçivəsində ölkəmizdən böyük nümayəndə heyətinin Qətərə səfəri nəzərdə
tutulur. Burada Azərbaycan kino həftəsinin, rəsm əsərləri və xalçaçılıq
sərgisinin, xalq musiqisinin, milli mətbəximizin nümayişi və bir sıra digər
mədəni tədbirlərin təşkili planlaşdırılır.
Bildiyiniz
kimi, son illər ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi diqqəti və tapşırıqları
sayəsində ölkəmizdə təhsil infrastrukturunu yenilənməsi, müasir tipli yeni
təhsil müəssisələrinin inşa edilərək istifadəyə verilməsi istiqamətində böyük
işlər görülüb. Bu xüsusda, Heydər Əliyev Fondu tərəfindən həyata keçirilmiş
layihələri qeyd etmək istərdik.
Digər
tərəfdən Qətər Dövləti də təhsilin inkişafına xüsusi önəm verir. Son illər
ərzində bu ölkədə bir çox müasir təhsil müəssisələri fəaliyyətə başlayıb. Bunu
nəzərə alaraq, təhsil sahəsində qarşılıqlı əməkdaşlığın inkişafı və təcrübə mübadiləsinin
aparılması hər iki tərəf üçün xüsusi önəm kəsb edir.
2016-cı
ildə "Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında
təhsil, ali təhsil və elmi tədqiqat sahəsində əməkdaşlıq haqqında Anlaşma
Memorandumu” imzalanıb. Həmin sənədə uyğun olaraq sonrakı illər ərzində hər iki
ölkənin təhsil nazirləri qarşılıqlı səfərlər həyata keçirib. Son iki il ərzində
isə Qətər Universitetinin 100-ə yaxın tələbəsi ölkəmizə səfər edərək,
Azərbaycanın ali təhsil müəssisələri ilə əyani tanış olmaq imkanı əldə edib.
Hazırda ali təhsil müəssisələri arasında birbaşa əlaqələrin qurulması məqsədilə
universitetlərarası əməkdaşlıq sənədlərinin imzalanması üzərində iş aparılır.
Hacıbəy Heydərli,
AZXEBER.COM