Ruhuma hopmuş qadın - KÖŞƏ

Ruhuma hopmuş qadın - KÖŞƏ
Bütün Xəbərlər
00:12 15.12.2012
1291

Ayla ƏLİQIZI

(Dilarə Əliyevanın 9 yaşlı rəfiqəsinin xatirələri)

Son günlər onun haqqında tez-tez düşünürəm. Və təbii özüm haqqında da. Onunla tanış olduğumda heç doqquz yaşım tamam deyildi. Atam bizi tanış etmişdi - Şüvəlanda yerləşən Yazıçıların Yaradıcılıq Evinin həyətində.

Atam məni böyük fəxrlə yanına çağıraraq demişdi: “Bax, qızım, tanış ol, bu Dilarə xanımdır”. O da saçlarımı oxşayıb “nə gözəl qızın var, Əli müəllim” söyləmişdi. Gördüyüm andan içimdə ona qarşı qeyri-adi rəğbət hissi oyanmışdı. O hissi hələ də xatırlaya bilirəm. Sonra biz birlikdə zaman keçirməyə başladıq, yaşımın çox az olmasına baxmayaraq, o, mənimlə oturub söhbət edərdi. Söhbətimiz yaman tuturdu. Hər şeydən danışardı - müstəqilliyimiz, ədəbiyyat və etdiyi tərcümələr haqqında...

O vaxtlar hələ müstəqilliyimizi qazanmamışdıq, 1989-cu ilin yayı idi. O, xalq hərəkatının fəal qadınlarından deməzdim, fəallarından biri idi. Rusiya imperiyasının bizi müstəmləkə halında saxladığını deyər və mən də çox böyük həvəslə onu dinləyərdim, ancaq arada öz mülahizələrimi də onunla bölüşməkdən çəkinmirdim. Sonra o, belə bir təklif etdi: “Aylanı mənə verin, burda mənimlə qalsın, tək qalmaq istəmirəm”. Ailə üzvləri işlədiyindən, o, dincəlməyə yalnız gəlmişdi. Beləcə, mən əşyalarımı götürüb onun otağına keçdim. Düşünürəm ki, həyatımın ən dəyərli zamanını onunla keçirdim. O, bircə saniyəsini belə boşuna itirmirdi.

Mən onun gündəlik həyat tərzini heyrətlə izləyirdim. Hər səhər səsinə oyanırdım: “Ayla, qalx, gimnastika zamanıdır”. Biz səhər idmanımızı edirdik. Sonra meditasiya zamanı gəlirdi - axı ruhumuz da dincəlməli idi. Hərəmiz bir kresloda oturub gözlərimizi yumaraq, həzin musiqi sədaları altında arzularımızı düşünməliydik. Ancaq mən arada gözümün birini azca açıb gizlin-gizlin ona baxdığımı xatırlayıram. Tünd qırmızı çimərlik paltarında gözlərini yumub təmkinlə oturmuş və ətrafa rahatlıq saçırdı. Sonra səhər yeməyinə, daha sonra dənizə. Axşamçağıları işləyirdi, çap makinasında nə isə yazırdı. Bir dəfə nə yazdığını soruşmuşdum, səhv etmirəmsə, “Koroğlu” dastanının bəzi qollarını Tiflisdə bir muzeydən tapdığını demişdi. O qolların bizim oxuduğumuz “Koroğlu” dastanına daxil edilmədiyini söyləyir, onları tərcümə edib dastana əlavə etmək istəyirdi. Gürcü əlifbası ilə olan əlyazmalar hələ də gözlərim qarşısındadır. O, tərcümə etdikcə mən onları oxuyurdum, üstəlik, “Koroğlu” dastanını dincəldiyimiz məkanın oxu zalından götürüb oxumağa başlamışdım...

Hər dəfə məni atama tərif etməsindən, yaşıma görə çox ağıllı olduğumu eşitməkdən xüsusi zövq alırdım, özümlə qürur duyurdum, bunu doğrultmaq üçün əlimdən gələn hər şeyi edirdim. Oxuyub bitirdiyim kitabları onunla müzakirə edərdim, o da hər zaman həvəslə məni dinləyər və öz əlavələrini edərdi. Qısa zaman içində o qadını çox sevmişdim. Onun mənə çox şey danışdığı yadımdadır, lakin təəssüf ki, bu gün heç də hamısı xatirimdə deyil. Əslində “xatirimdə deyil” demək də düzgün olmazdı, çünki o fikirlərin, o məsləhətlərin sanki ruhuma, qəlbimin dərinliklərinə, beynimin alt qatına hopduğunu görürəm. Onun mənə öyrətməyə çalışdıqlarından, yalnız qadın hüquqları barəsindəki söhbətlərdən heç nə anlamırdım, çünki bizim ailədə elə bir problem heç vaxt yaşanmamışdı, ümumiyyətlə, qadın hüquqları anlayışını dərk etmirdim, çünki idrakımda qadın-kişi ayırımı yox idi. Lakin o söhbətləri belə diqqətlə dinləyirdim və yaxud dinlədiyimi göstərməyə çalışırdım...

Ad günümdə də yanımda idi – o, mənim keçirdiyim ən gözəl doğum günü idi. Verdiyi hədiyyəni illərlə saxlamışdım. Artıq Dilarə Əliyeva bu dünyada yox idi, ona görə də hədiyyəsi daha əziz olmuşdu mənim üçün.

Biz yay bitdikdən sonra evə qayıtdıq. Dilarə xanımı hər zaman televiziyadan izləyirdim, onun rəfiqəsi olduğumu düşünərək özümü bəxtəvər sanırdım. Doqquz yaşlı bir qızcığaz başqa nə duya bilərdi ki? Müstəqilliyimiz uğrunda apardığı mübarizəni, qadınlara yardımla bağlı yaratmaq istədiyi təşkilat haqqındakı hər söz-söhbəti diqqətlə izləyirdim. Onun mənə öyrətdiyi aktiv həyat tərzi ilə yaşamağa çalışırdım. Bununla da sevimli rəfiqəmə sadiq qaldığımı düşünürdüm. Ölüm xəbərini eşidəndə isə necə sarsıldığımı sözlə təsvir edə bilmirəm...

Son günlər o, yenə xatirimdə canlanıb, onun mənə dediyi sözləri, birgə keçirdiyimiz o zamanları tez-tez xatırlayıram. Özümə baxıram, planlarımı götür-qoy edirəm və çox təəccüb edirəm - həqiqətən də məhz onun mənə göstərdiyi yoldayam. Onun yaşadığı kimi yaşayır, işlədiyi kimi işləyir, düşündüyü kimi düşünürəm. Heç də peşman deyiləm, axı bu, uşaqlığımın idealı olan Dilarə Əliyevanın əlimdən tutub gətirdiyi cığırın başlanğıcıdır. Qarşıda daha geniş yollar açılacağını bilirəm və bu yolları Dilarə xanımın xatirəsini uca tutaraq keçəcəyəm.

Bu günlərdə onun haqqında hər hansı bir məlumata rastlayacağımı düşünərək, internetdə axtarış verdim və bir “təsadüf” məni yaman sevindirdi - bu gün onun doğum günü imiş. Bəlkə də xatirələrin canlanmasının bununla bir bağlılığı var, bilmirəm. Mən də doğum günü səbəbi ilə həyatımda dərin bir iz qoyub gedən insan haqqındakı xatirələrimi öz-özlüyümdə deyil, hər kəslə paylaşmaq fikrinə düşdüm...

Əzizim Dilarə xanım, “hər zaman qəlbimdə və beynimdəsiniz” deməyəcəm, çünki Siz artıq ruhumdasınız, zamanında ruhuma hopub oraya yerləşən insansınız. Nur içində yatın! Nə yaxşı ki, bu dünyaya gəlmişdiniz...

OXŞAR XƏBƏRLƏR