Rusiya radiosunda Azərbaycan təhqir edildi

Rusiya radiosunda Azərbaycan təhqir edildi
Bütün Xəbərlər
12:15 04.11.2011
1797
Azərbaycanın rus və yəhudi icmaları Rusiyanın “Vesti FM” radiosunun efirində Azərbaycanın ünvanına səslənən təhqirlərlə bağlı Rusiya prezidenti Dmitri Medvedev və Ümumrusiya Dövlət Televiziya və Radio Şirkətinin (VQTRK) baş direktoru Oleq Dobrodeyevə məktub göndərib. AZXEBER.COM AzərTAc-a istinadən xəbər verir ki, Milli Məclisin üzvləri Mixail Zabelin (rus icması adından) və Yevda Abramov (yəhudi icması adından) tərəfindən imzalanan məktubda deyilir: “Noyabrın 1-də “Vesti FM” radiostansiyasının “Utro s Vladimirom Solovyovım. Polnıy kontakt” proqramında Azərbaycan Respublikası və Azərbaycan xalqının ünvanına açıq təhqirlər səslənib. V.Solovyov jurnalist etikasının bütün normalarını pozaraq deyib ki, “azərbaycanlılar üçün bir damcı erməni qanı vəhşi qeyri-insani və heyvani nifrətin predmetidir”. Efirdə azərbaycanlıların ünvanına “Rusiyanı dağıdan bazar adamları”, “Rus mədəniyyətinə tüpürənlər”, “qaçan qara qırğılar, “Rusiyaya doluşanlar” kimi yolverilməz və təhqiramiz ifadələr səslənib. Proqramı dinləyən azərbaycanlıların haqlı etirazlarına cavab olaraq V.Solovyov onları “kirli ağızlarını Rusiya vətəndaşlarına qarşı açmaq cəsarətini göstərən əclaflar” adlandırıb. Aparıcı Azərbaycanı irqçi ölkə kimi təqdim edərək Rusiya vətəndaşlarını azərbaycanlıları və onların biznesini boykot etməyə çağırıb. Rusiya Yəhudi Konqresinin üzvü olan V.Solovyov azərbaycanlıların ermənilərə münasibətini “Holokost” və yəhudi xalqının faciəsi ilə müqayisə etmə cürətini də göstərib. Biz, Azərbaycanın rus və yəhudi icmaları olaraq V.Solovyovun davranışı və çoxmillətli Azərbaycan xalqına qarşı təhqirləri ilə bağlı öz etirazımızı bildiririk. Hesab edirik ki, ərazisində onlarla xalqın dostcasına sülh şəraitində yaşadığı bir ölkəni irqçilikdə ittiham etmək çox böyük hörmətsizlikdir. Şübhə yoxdur ki, bu cür provokasiyalar iki ölkə arasında mehriban qonşuluq münasibətlərinin pisləşməsinə yönəlib.
OXŞAR XƏBƏRLƏR