Rusiya öz ampulasında - Dəyişməyən zehniyyət, "bulanıq suda balıq tutmaq" sevdası

Rusiya öz ampulasında - Dəyişməyən zehniyyət, "bulanıq suda balıq tutmaq" sevdası
SİYASƏT
19:34 18.08.2025
824
Geosiyasi müstəvidə baş verən proseslər bir daha sübut edir ki, Moskva öz maraqlarını təmin etməkdə ciddi uğursuzluqlarla üzləşir. Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında baş tutmuş və Kremlin böyük ümidlər bəslədiyi görüşün nəticəsiz bitməsi bu qəbildəndir. Alyaskada baş tutan müzakirələr nə Rusiyanın Ukraynada güzəştlər əldə etməsinə, nə embarqoların azalmasına, nə də ABŞ-Rusiya münasibətlərində yeni səhifənin açılmasına gətirib çıxarmadı. Baş verənlərin fonunda aqressiyaya qapılan Moskva yenə bölgəni qarışdırmağa səy göstərir. Siyasi təcriddən yaxa qurtarmağa çalışan Kremlin Azərbaycana hücumları da bu xüsusda təsadüfi deyil.

Ukrayna ərazisində fəaliyyət göstərən, Azərbaycan dövlətinə məxsus enerji obyektlərinin Rusiya tərəfindən hədəfə alınması sadəcə müharibə reallığı ilə izah edilə bilməz. Bu, Moskvanın Bakı ilə münasibətlərdə hansı mövqedə dayandığının bariz nümunəsidir. Heç şübhəsiz ki, məqsəd Azərbaycanın enerji təhlükəsizliyinə zərbə vurmaq, regionda Azərbaycanın təsir imkanlarını məhdudlaşdırmaq və nəhayət, Bakını sülh razılaşmasına görə "cəzalandırmaq”dır. Bu isə öz növbəsində regionda sabitliyi pozmağa, aranı qarışdırmağa hesablanmış təxribat ssenarisidir. 

Rusiya daxilində azərbaycanlılara qarşı son aylarda güclənən təzyiqlər, ictimai nəzarət adı altında həyata keçirilən reydlər, əsassız həbs və cərimələr, iş yerlərində diskriminasiya hallarının artması, rus mediasında azərbaycanlılara qarşı nifrət çağırışları milli və dini ayrı-seçkilik nümunəsidir. Etnik mənsubiyyətə görə insanların sıxışdırılması, kollektiv şəkildə hədəfə alınması XX əsrin faşist metodlarını xatırladır. Müsəlman kimliyinə görə azərbaycanlılara qarşı neqativ münasibət, onların dini inanclarının təhqir olunması isə Rusiya daxilində yeni "anti-İslam” trendinin formalaşdığını göstərir.

Moskva yenə öz ampulasındadır: dəyişməz və dəyişmək istəməyən imperiya zehniyyətində. XXI əsrin reallıqlarını, beynəlxalq hüququ, region dövlətlərinin müstəqilliyini tanımaq, nəzərə almamq əvəzinə, Kreml hələ də sovet nostalgiyasına söykənən köhnə metodlarla siyasət yürütməyə davam edir. Diplomatiya əvəzinə hədə-qorxu, iqtisadi əməkdaşlıq əvəzinə təzyiq, tərəfdaşlıq əvəzinə düşmənçilik siyasəti Rusiyanı bataqlığa sürükləyir. Rusiya köhnə "ampulası”nı yeni şəraitə daşımağa cəhd göstərir. Amma unudur ki, nə dünya 90-cı illərin dünyasıdır, nə də Azərbaycan əvvəlki Azərbaycan!

Azər Niftiyev,
Siyasi şərhçi
OXŞAR XƏBƏRLƏR