Rusiyada benzin tapmaq çətinləşir: Böhranın səbəbləri açıqlandı

Rusiyada benzin tapmaq çətinləşir: Böhranın səbəbləri açıqlandı
SİYASƏT
17:47 06.07.2026
296
Rusiyada yanacaq böhranı getdikcə daha da dərinləşir. Ölkənin müxtəlif regionlarında benzin qıtlığı müşahidə olunur, yanacaqdoldurma məntəqələrinin qarşısında uzun növbələr yaranıb. 

Novorossiysk şəhərində benzin tamamilə tükənib, dizel yanacağının satışı isə ciddi məhdudlaşdırılıb. Mütəxəssislər yaranmış vəziyyətin əsas səbəblərindən birinin Ukraynanın Rusiyanın neft emalı zavodlarına pilotsuz uçuş aparatları ilə endirdiyi zərbələr nəticəsində bir sıra müəssisələrin fəaliyyətinin dayanması olduğunu bildirirlər. Yanacaq bazarında sabitliyi qorumağa çalışan Rusiya hökuməti isə satış və ixrac məhdudiyyətlərini genişləndirir. 

Moskva və Sankt-Peterburq da daxil olmaqla ölkənin təxminən 40 regionunda yanacaq satışına müxtəlif məhdudiyyətlər tətbiq edilir.

Politoloq Rusif Məmmədsoy AZXEBER.COM-a açıqlamasında deyib ki, Rusiyada yanacaq qıtlığının yaranmasının bir neçə fundamental səbəbi var:

"Rusiyada yanacaq qıtlığının yaranmasının bir neçə fundamental səbəbi var. Bunlardan ən başlıcası son illər ərzində Ukraynanın Rusiyanın neft emalı zavodlarına həyata keçirdiyi məqsədyönlü hücumlardır. Bu zərbələrin əsas məqsədi Rusiyanın neft emalı imkanlarını zəiflətmək, ölkənin enerji gəlirlərini azaltmaq, daxili bazarın yanacaqla təminatında problemlər yaratmaq və ixrac imkanlarını məhdudlaşdırmaqdır. Bununla yanaşı, müharibə şəraitində ordunun fasiləsiz yanacaqla təmin olunmasının qarşısını almaq da Ukraynanın strateji hədəflərindən biri hesab olunur”.


Politoloq qeyd edib ki, hazırda yaranmış vəziyyət Rusiya üçün bir fəlakətdir:

"Hazırda yaranmış vəziyyət Rusiya üçün bir fəlakətdir. Bir vaxtlar dünyanın əsas enerji təchizatçılarından biri hesab olunan Rusiya indi daxili tələbatı ödəmək üçün Hindistan və Qazaxıstan kimi ölkələrdən yanacaq almaq məcburiyyətində qalır. Bu isə ölkənin enerji sahəsində əvvəlki üstünlüyünü itirməyə başladığını göstərir. Bu vəziyyətin əsasında Rusiyanın 2014-cü ildə Krımı ilhaq etməsi və 2022-ci ilin fevralında Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlaması dayanır”. 

O deyib ki, münaqişənin yaxın vaxtlarda başa çatacağına dair ciddi əlamətlər görünmür:

"Eyni zamanda, münaqişənin yaxın vaxtlarda başa çatacağına dair ciddi əlamətlər görünmür. Cəbhədə tərəflər arasında müəyyən mənada dalana dirənmiş vəziyyət yaranıb. Rusiya nəzarətə götürdüyü ərazilərdən geri çəkilmək niyyətində olmadığını bildirir, Ukrayna isə bu şərtlərlə danışıqlara razılaşmır. Bu səbəbdən müharibənin nə vaxt və hansı şərtlərlə başa çatacağı hələ də qeyri-müəyyən olaraq qalır. Bu savaşın yaxın vaxtlarda danışıqlar masasında sülhlə bitəcəyi gözlənilmir”.

İqtisadçı ekspert Natiq Cəfərli AZXEBER.COM-a açıqlamasında deyib ki, Ukrayna indiyədək Rusiyanın neft emalı zavodlarının təxminən 30 faizini sıradan çıxarıb:

"Rusiyada yaranan benzin böhranının əsas səbəblərindən biri Ukraynanın həyata keçirdiyi dron hücumlarıdır. Ukrayna indiyədək Rusiyanın neft emalı zavodlarının təxminən 30 faizini sıradan çıxarıb. Nəticədə neft emalı və benzin istehsalı əhəmiyyətli dərəcədə azalıb. Bu isə ölkədə benzin qıtlığının yaranmasına, qiymətlərin artmasına və yanacaqdoldurma məntəqələrində növbələrin formalaşmasına səbəb olub.


Hazırda Rusiya benzin çatışmazlığını aradan qaldırmaq üçün Hindistan və Belarusdan yanacaq idxalı ilə bağlı müqavilələr bağlayıb. Qazaxıstanla isə bu istiqamətdə danışıqlar davam etsə də, hələlik yekun razılıq əldə olunmayıb”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR