Ruslan Bəşirli prezidentə müraciət etdi: 'Bu illər ərzində səhvimi başa düşmüşəm'
Bütün Xəbərlər
14:32 14.03.2012
4092
“Mən də tamamilə islah olunmuş bir Azərbaycan gənci olaraq apardığınız müsbət tendensiyalı fəaliyyətinizə öz dəstəyimi ifadə edirəm” "Artıq cəzamın 6 il 7 ayını çəkmişəm və etdiyim cinayətin məsuliyyətini bu illər ərzində anlayaraq, səhvimi başa düşmüşəm. Həmin dövrdə olduqca gənc və çılğın olduğum üçün sizi və bizi istəməyən qüvvələrin təsirinə düşmüşəm. Artıq bu illər ərzində keçmişi analiz edərək səhvlərimi dərk etmişəm. Təbii ki, bunda son illər rəhbərliyiniz altında aparılan müsbət yönlü fəaliyyətin də böyük rolu olmuşdur. Aparılan daxili və xarici siyasətdəki uğurunuz göz önündədir. Bunu kimsə dana bilməz". Bu sözlər "Yeni Fikir" gənclər hərəkatının sədri Ruslan Bəşirlinin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubda yer alıb. Milli.Az bildirir ki, R.Bəşirli 2005-ci il avqustun 4-də Cinayət Məcəlləsinin 278-ci maddəsi ("hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama") ilə təqsirləndirilərək həbs olunub. O, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda günahlandırılaraq 7 il müddətinə azadlıqdan məhrum edilmişdi. Ruslan Bəşirli məktubunda daha sonra yazır: "Cənab Prezident! Mən də tamamilə islah olunmuş bir Azərbaycan gənci olaraq apardığınız müsbət tendensiyalı fəaliyyətinizə öz dəstəyimi ifadə edirəm. Bu dəstəyimi azadlıqda da davam etdirmək fikrindəyəm. Mənə etimad göstərib azadlığa çıxmama səbəb olacağınız təqdirdə bacardığım sahədə çalışıb, Sizin fəaliyyətinizi dəstəkləyəcəyəm".