Kinemotoqrafçılar İttifaqı vergidən yayınmaqda ittiham olunur Tanınmış dramaturq və rejissor Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi Kinemotoqrafçılar İttifaqına qarşı cinayət işi başlanıb. Hazırda bununla bağlı Vergilər Nazirliyinin İstintaq İdarəsində araşdırmalar gedir. Bu barədə “Azadlıq”a daxil olan məlumatı Kinemotoqrafçılar Ittifaqının katibi Rasim Balayev da təsdiqləyib. O bildirib ki, Kinemotoqrafçılar Ittifaqına qarşı təxminən 30 min manat vergidən yayınma ilə bağlı ittiham irəli sürülüb. “Deyilənə görə, biz festival zamanı nəyəsə görə təxminən 30 min manat civarında pul ödəməliymişik. Biz də izah elədik ki, bundan xəbərsiz olmuşuq. Yazılı şəkildə bildirdik ki, ödəməkdən boyun qaçırmırıq, imkan olan kimi ödəyəcəyik”, - deyə Rasim Balayev bildirib. Görünür, Kinemotoqrafçılar Ittifaqının yazılı müraciətinə məhəl qoyulmayıb. Məlumata görə, Ittifaqın əməkdaşları istintaqa dəvət olunaraq dindirilir. Bu xəbəri də təsdiqləyən Rasim Balayev əlavə edib ki, onun özünü də istintaqa çağırıblar: “Amma hələ getməmişəm”. Xatırladaq ki, Rüstəm Ibrahimbəyovun hökuməti tənqid edən çıxışlarından sonra onun rəhbərlik etdiyi quruma Kinemotoqrafçılar Ittifaqına alternativ qurum yaradıldı. Azərbaycan Respublikası Kinemotoqrafçılar Ittifaqı adlanan bu yeni quruma rəhbərlik etmək isə xalq artisti Şəfiqə Məmmədovaya həvalə olundu./Azadlıq qəzeti/