Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın dəstəyi ilə korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış “ProDemos” və “Antikorrupsiya Araşdırmalar Mərkəzi” qeyri-hökumət təşkilatlarının birgə hazırladıqları Rusum.az portalı yeni formatda vətəndaşların istifadəsinə verilib. ProDemos İctimai Birliyinin sədri Xanlar Ağalarov AZXEBER.COM-a bildirib ki, portalın yaradılmasında məqsəd şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizəyə töhfə verməkdir. Yenilənmiış formatda məlumatlar istifadəçilərə daha asan formalarda təqdim edilir, onların müvafiq sahələr üzrə məlumatları daha çevik və operativ şəkildə əldə etmələri üçün bütün şərait yaradılıb. Bundan əlavə, sayta əlavə faydalı məlumatlar yerləşdirilib. Portal bütün rüsumlar və tariflər barədə ilk informasiya mənbəyidir. Sayt üç əsas - “Tarif və rüsumlar”, “Dövlət orqanlarına müraciət” və “Qanunvericilik” hissələrdən ibarətdir. Birinci bölmədə ölkənin nazirlikləri, komitələri, dövlət şirkətləri, səhmdar cəmiyyətləri və digər dövlət qurumlarının göstərdiyi xidmətlər, onların müqabilində ödənişlər, rüsumlar və tariflər barədə geniş məlumatlar verilib. İkinci bölmədə dövlət qurumlarının ünvanları, telefon nömrələri, qaynar xətt nömrələri, internet səhifələri və elektron poçt ünvanları haqqında məlumatlar yerləşdirilib. “Qanunvericilik” adlanan bölmədə isə Azərbaycan ərazisində tətbiq edilən bütün tarif və rüsumların istinad etdiyi normativ hüquqi sənədlər əksini tapıb.