Misirdə mayın 23-ü və 24-də keçiriləcək prezident seçkisindən əvvəl sükut günü elan edilib. Namizədlərin təbliğat-təşviqat kampaniyası ötən gün başa çatıb. 3 həftə davam edən seçkiqabağı kampaniya son onilliklərdə ən fəal hesab edilir. Ölkə tarixində ilk dəfə ən populyar namizədlərin iştirakı ilə teledebatlar keçirilib. Prezidentliyə namizədlər təbliğat-təşviqat kampaniyasına yüz milyonlarla dollar xərcləyib.Prezident postu uğrunda 13 nəfər mübarizə aparır. Ən real namizədlər ölkənin keçmiş xarici işlər naziri və Ərəb Ölkələri Liqnasının keçmiş sədri Əmr Mussa, Hüsni Mübarək dövrünün ən son baş naziri Əhməd Şəfiq, 'Müsəlman qardaşları' hərəkatının sədri Məhəmməd Mursi, sosialist Həmdin Sabbahi və müstəqil namizəd Əbdülmonem Əbülfotux hesab edilir. 50 milyona yaxın misirli səsvermə hüququna malikdir.Prezident seçkisi iki mərhələdə keçiriləcək. İkinci tur iyunun 16-17-nə təyin edilib. Yekun nəticələr iyunun 21-də elan olunacaq, hakimiyyətin təhvil verilməsi isə iyunun 30-da baş tutacaq.