Sabiq deputatlar indi harada işləyirlər? – Kim vəzifə aldı, kim işsiz qaldı?

Sabiq deputatlar indi harada işləyirlər? – Kim vəzifə aldı, kim işsiz qaldı?
SOSİAL
13:23 13.11.2026
140
Müxtəlif illərdə Milli Məclisin deputatı olmuş bir sıra şəxslər mandatlarını başa vurduqdan sonra dövlət vəzifələrində, təhsil müəssisələrində və ictimai təşkilatlarda fəaliyyətlərini davam etdirirlər.

Onlardan bəziləri yeni vəzifələrə təyin olunub, bəziləri müəllimliyə qayıdıb, digərləri isə fəaliyyətlərini ictimai-siyasi sahədə davam etdirirlər.

AZXEBER.COM sabiq deputatların hazırkı iş yerlərini və fəaliyyət istiqamətlərini araşdırıb.

Jalə Əhmədova

Milli Məclisin VI çağırış deputatı olmuş Jalə Əhmədova mandatını başa vurduqdan sonra dövlət sektorunda fəaliyyətini davam etdirib. O, hazırda əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri kimi fəaliyyət göstərir.

Bununla yanaşı, Jalə Əhmədova 2026-cı ildə Bakı Dövlət Universitetində Psixologiya ixtisası üzrə əlavə təhsil almağa başlayıb.

Cəbi Quliyev

Milli Məclisin VI çağırış deputatı olmuş Cəbi Quliyev parlamentdən ayrıldıqdan sonra dövlət sektorunda fəaliyyətini davam etdirib.

O, əvvəlcə Suraxanı Gənclər Evinin direktoru vəzifəsində çalışıb. 2026-cı il iyulun 30-da isə Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktor müavini təyin edilib.

Vüsalə Əliyeva

Milli Məclisin sabiq deputatı Vüsalə Əliyeva hazırda Yeni Azərbaycan Partiyasının Sədərək rayon təşkilatının sədridir. O, 2026-cı il iyulun 6-da YAP-ın İdarə Heyətinin qərarı ilə bu vəzifəyə təyin edilib.

Elçin Quliyev

Milli Məclisin sabiq deputatı Elçin Quliyev də siyasi fəaliyyətini partiya xətti ilə davam etdirir.

O, 2024-cü il noyabrın 6-da Yeni Azərbaycan Partiyasının Nərimanov rayon təşkilatının sədri təyin edilib.

Yusif Bağırzadə

Milli Məclisin I çağırış deputatı olmuş Yusif Bağırzadə hazırda siyasi şərhçi kimi fəaliyyət göstərir.

O, deputatlıq fəaliyyətindən sonra 2003-2007-ci illərdə Mərkəzi Seçki Komissiyasının üzvü olub, daha sonra müxtəlif vəzifələrdə çalışıb.

Rüfət Quliyev

Milli Məclisin III, IV, V və VI çağırış deputatı olmuş Rüfət Quliyev hazırda Azərbaycan Dövlət İqtisad Universitetində professor kimi fəaliyyət göstərir.

O, elmi fəaliyyətlə məşğul olduğunu, eyni zamanda müxtəlif şirkətlərə iqtisadi məsələlərlə bağlı məsləhətlər verdiyini bildirib.

Aqiyə Naxçıvanlı

Milli Məclisin IV, V və VI çağırış deputatı olmuş Aqiyə Naxçıvanlı deputatlıqdan sonra elmi və ictimai fəaliyyətini davam etdirir.

2026-cı ilin oktyabrında yayımlanan məlumata əsasən, o, Azərbaycan Respublikası Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvüdür. Həmçinin Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Müdafiə Şurasında təmsil olunur və dissertasiya müdafiəsinə hazırlaşan şəxslər üçün seminar rəhbəri kimi fəaliyyət göstərir.

Aqiyə Naxçıvanlı açıqlamasında səhhəti ilə əlaqədar fəaliyyətini əvvəlki qədər genişləndirmədiyini də bildirib.

Qəzənfər Abdullayev

Vaxtilə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuş Qəzənfər Abdullayev mandatından məhrum edilib.

Bundan sonra o, 2023-cü il sentyabrın 28-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini vəzifəsinə seçilib.

Qeyd edək ki, son məlumatlarda Qəzənfər Abdullayevin bu vəzifədən azad olunduğu bildirilir.

Dilarə Cəbrayılova

Milli Məclisin V çağırış deputatı olmuş Dilarə Cəbrayılova hazırda pedaqoji fəaliyyətini davam etdirir.

O, Bakı şəhəri 295 nömrəli tam orta məktəbin direktorudur. Sabiq deputat mediaya açıqlamasında deputat olduğu dövrdə də müəllim işlədiyini, mandatı başa çatdıqdan sonra isə əvvəlki fəaliyyətini davam etdirdiyini bildirib.

Sona Əliyeva

Milli Məclisin V çağırış deputatı olmuş Sona Əliyeva hazırda "Təhsilli gələcək” Təhsilin İnkişafı İctimai Birliyinin sədridir.

O, mandatını başa vurduqdan sonra rəsmi iş yerinin olmadığını, fəaliyyətini təhsil sahəsində QHT nümayəndəsi kimi davam etdirdiyini bildirib.

Tahir Kərimli

Milli Məclisin V və VI çağırış deputatı olmuş Tahir Kərimli hazırda Vəhdət Partiyasının Baş Məclisinin sədridir.

Partiyanın keçmiş sədri olan Tahir Kərimli siyasi fəaliyyətini davam etdirir. O, mediaya açıqlamasında Baş Məclisin sədri kimi geniş səlahiyyətlərə malik olduğunu təsdiqləyib.

Etibar Əliyev

Milli Məclisin VI çağırış deputatı olmuş Etibar Əliyev hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin Elmin Populyarlaşdırılması Mərkəzinə rəhbərlik edir.

Vasif Talıbov

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri və Milli Məclisin keçmiş deputatı Vasif Talıbovun hazırkı fəaliyyəti də diqqət çəkir.

O, 2022-ci ilin dekabrında Ali Məclisin sədri vəzifəsindən istefa verib. 2026-cı ilin oktyabrında isə Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının yeni tərkibində yer almayıb.

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR