Xəbər verdiyimiz kimi, Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli qərarı ilə dövlət ümumi təhsil müəssisələrində şagirdlərin geyim forması ilə bağlı tələblər dəqiqləşdirilib.
Yeni qaydalara əsasən, müəyyən olunmuş məktəbli formasının vahidliyini pozan və ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan geyim elementlərindən istifadəyə icazə verilməyəcək. Şagirdlərin bu tələblərə əməl etməsinə nəzarət məktəblərin Pedaqoji Şuralarına həvalə olunub, valideynlər isə övladlarının qaydalara uyğun geyinməsini təmin etməlidirlər. Milli geyimlərdən və ya onun elementlərindən yalnız müvafiq tədbirlərdə, Pedaqoji Şuranın qərarı ilə istifadə edilə bilər.
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı AZXEBER.COM-a açıqlamasında deyib ki, məktəblərdə vahid forma tətbiqi tədris müəssisələrində daxili nizam intizamın tərkib hissələrindən biri kimi qiymətləndirilməlidir:
"Məktəblərdə vahid forma tətbiqi tədris müəssisələrində daxili nizam intizamın tərkib hissələrindən biri kimi qiymətləndirilməlidir. Məktəblinin hər hansı açıq-saçıq, yaxud simvol xarakteri daşıyan geyim elementlərindən istifadəsi qəbul edilmir. Şagirdin geyim tərzi valideynin sosial imkanlarını, yaxud dünyagörüşünü nümayiş etdirməməlidir. O təhsildə ancaq zəkası və fərdi bacarıqları ilə fərqlənməlidir”.
Şahanə Ziyad











































