Şagirdlər forma üçün 40 manatdan 53 manata qədər pul xərcləməli olacaq
GƏNCLİK
11:05 25.08.2011
1992
Nərgiz bu il 7-ci sinifə gedəcək. Keçən ildən fərqli olaraq o, builki dərs ilinə yeni məktəbli forması ilə qədəm qoyacaq. Elə buna görə də Nərgiz geyinəcəyi formanı almaq üçün Bakı Tikiş Fabrikinə üz tutub. Nərgiz Hətəmzadə bildirir ki, bu ilki forması çox xoşuna gəlir. Artıq bu ildən Bakının orta ümümtəhsil məktəblərində təhsil alan 340 minə qədər şagird, həm oğlanlar, həm də qızlar üçün 2 formada vahid məktəbli geyimi nəzərdə tutulub. Əgər keçən ilə qədər yalnız 1-4-cü siniflər vahid məktəbli formasında dərsə gedirdilərsə, bu ildən artıq 11-ci sinifə qədər bütün şagirdlər vahid məktəbli formasında dərsə gedəcəklər. Satılan geyimlər şagirdlərin ölçülərinə uyğun olaraq dəyişir. Ölçülər 26-dan başlayaraq 54-ə qədər var. Qiymətlər isə ölçüdən və formadan asılı olaraq 40 manatla 53 manat arasında dəyişir. 1-6-cı siniflər üçün 26-38 ölüçülü geyimlər 40 manat, 40-46 ölçülər isə 45 manatdır. 7-ci - 11-ci siniflər üçün isə geyim dəsti 53 manatdır. Məktəbli formasının qiymətindən isə valideynlər arasında razı qalanlar da var, narazı olanlar da. Tikiş evi də artıq gücləndirilmiş iş rejiminə keçib. «Bakı Tikiş Evi»nin rəhbəri Fədai Rəhimovun sözlərinə görə, fabrik demək olar ki, sifarişləri yerinə yetirib. Geyimlər isə xüsusi diqqətlə tikilir və müasir dəbə uyğunlşdırılır: «Alıcılarımız 11 dükanımızdan mal alırlar. Lazım olan sifarişi 90 faiz tikmişik. Anbarlarda da bütün ölçülər var. 12 mağaza fəaliyyət göstərir və Bakının bəzi kəndlərində səyyar satışlar da keçirilir. Parçalar Türkiydən alınır».Qeyd edək ki, hələlik yalnız Bakı şəhəri üçün nəzərdə tutulan vahid məktəbli formasının növbəti illərdə bölgələrdə də tətbiqi nəzərdə tutulub. Xatırladaq ki, vahid məktəbli formasına keçidlə bağlı qərar Bakı Baş Təhsil İdarəsinin paytaxt məktəbləri arasında keçirdiyi sorğunun nətiçəsinə uyğun olaraq verilib. /// ANS