Şahin Diniyev klublarımızın şansını dəyərləndirdi: “Qarabağ”, “Neftçi” və “Zirə”…

Şahin Diniyev klublarımızın şansını dəyərləndirdi: “Qarabağ”, “Neftçi” və “Zirə”…
İDMAN
17:23 30.07.2026
152
Azərbaycanı Avropa liqalarında təmsil edən "Qarabağ”, "Neftçi” və "Zirə” bu gün II təsnifat mərhələsinin cavab oyunlarına çıxacaqlar. 

Avroliqada mübarizə aparan " Qarabağ” səfərdə Bolqarıstanın CSKA (Sofiya) klubu ilə üz-üzə gələcək.

Konfrans Liqasında mübarizə aparan "Neftçi” səfərdə "Dinamo Minsk” klubunun qonağı olacaq. 

"Zirə” isə Estoniya təmsilçisi "Payde” ilə cavab görüşündə növbəti mərhələyə yüksəlmək uğrunda mübarizə aparacaq.

"Səbail” klubunun sabiq baş məşqçisi, idman mütəxəssisi Şahin Diniyev AZXEBER.COM-a açıqlamasında deyib ki, hər üç komandamızın şansları var:

Ümumiyyətlə, hər üç komandanın şansları var. Yəni, şansları nə çoxdur, nə də azdır.Baxmayaraq ki, "Neftçi” ilk oyunda böyükhesablı məğlubiyyət alıb, komandanın oyun və ümumi səviyyəsi baxımından potensialı olduğunu düşünürəm. Səfərdə qol vura, hətta iki top fərqini də aradan qaldıra bilər. Sadəcə, müdafiədə nə dərəcədə etibarlı çıxış edəcəyi çox vacibdir. "Neftçi” üçün əsas məsələ də budur. Bakıdakı oyunda müdafiədə buraxılan səhvlər bunu göstərdi. Əgər komanda müdafiədə daha etibarlı oynaya bilsə, şansları var. Nə qədər çətin görünsə də, bu hesabdan sonra belə, şanslar hələ də bərabərdir”.


O qeyd edib ki, "Qarabağ”ın CSKA (Sofiya) ilə oyununda da şanslar demək olar ki, bərabərdir:

"”Qarabağ”ın CSKA (Sofiya) ilə oyununda da şanslar demək olar ki, bərabərdir. Rəqib komandanın doğma azarkeşləri önündə böyük motivasiya ilə çıxış etməsi onlara müəyyən üstünlük qazandıra bilər. Amma "Qarabağ”ın üstünlüyü tamamilə başqa amillərlə bağlıdır. Komandanın zəngin Avropa təcrübəsi var. Belə oyunlarda rəqib meydanında çıxış etmək onlar üçün daha rahat olur və hücumlar qurmağa daha çox üstünlük verirlər. "Qarabağ” üçün oturuşmuş müdafiəni yarmaq çətin deyil. Rəqib hücuma atılarsa, arxada boşluqlar yaranacaq və "Qarabağ” bundan istifadə etməyə çalışacaq. Bunun nə dərəcədə alınacağı isə həlledici amillərdən biri olacaq”.

"”Zirə”nin "Payde” ilə ilk oyununu görmədiyimiz üçün bu qarşılaşma barədə qəti fikir yürütmək çətindir. 1:0 hesabı "Payde” üçün həm yaxşı nəticədir, həm də müəyyən mənada sürüşkən hesab sayılır. Düşünürəm ki, burada da hər iki komandanın şansları var”,-deyə, o, bildirib.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR