Fransa prezidenti Nikolya Sarkozinin Ermənistanda “Türkiyənin tarixi ilə təkrar üzləşməsi lazımdır” kimi açıqlaması etirazlarla qarşılanıb. 1915-ci il hadisələrini soyqırım kimi tanımaqdan imtina edən Türkiyə ilə bağlı sərt danışıq Azərbaycanda kəskin reaksiya doğurub. Millət vəkili, Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun keçmiş sədri Gülər Əhmədova bir əsr bundan öncə baş vermiş bir hadisənin tarixçilər tərəfindən araşdırılmazdan əvvəl ona siyasi qiymət verilməsinə demokratiyaya zidd atdım adlandırıb. “Azad sözün, demokratiyanın vətəni sayılan Fransada hər hansı bir şəxsin öz fikrini bildirməsi, söz azadlığı kimi ideyaların hakim olduğu məmləkətdə “erməni soyqırımını tanımıram” demək günah sayılırsa, buna cəza verilirsə, bu demokratik prinsiplərə zidd bir məqamdır”, - deyə G. Əhmədova bildirib. Millət vəkili, politoloq Rasim Musabəyov isə hesab edir ki, Sarkozinin bu tip bəyanatları ilk növbədə hüquqa ziddir. Onun sözlərinə görə, Fransada kifayət qədər türkün yaşadığını nəzərə alsaq, belə bəyanat cavabsız qalmayacaq: “Mənə elə gəlir ki, bu bəyanat tamamilə yersizdir. Senatda çoxluq heç də hakim partiyada deyil, sosialistlərə keçib. Bunu onlar etsələr, heç də Sarkozidən gəlib soruşan deyillər. Bu, birinci məqamdır. İkincisi isə odur ki, bu açıq şəkildə hüquqa və insan haqlarına ziddir. Həmin bu Fransada durub Allahı da inkar etmək olar, amma qondarma soyqırımı inkar edənlərə cəza tətbiq olunacaq?”. Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı isə deyir ki, Fransa həmişə öz ermənipərəst mövqeyi ilə tanınıb. Sarkozinin son bəyanatı isə ATƏT-in Minsk qrupunun həmsədri kimi qeyri-obyektivliyini ortaya qoyur. A. Nağı bildirib ki, Sarkozi birdən-birə dövlət başçısına yaraşmayan açığlama verir və Türkiyəyə vaxt qoyur: “Bu hətta dövlətlərarası etikaya sığmayan hərəkətdir. Kimsə kiməsə vaxt qoyur, yəni bu ilin sonuna gədər böyük dövlətlər kimi Türkiyə də erməni “soyqırımını” tanımalıdır”. Qeyd edək ki, Ermənistanda səfərdə olan Nikolya Sarkozi Türkiyə ilin sonuna qədər erməni “soyqırımı”nı qəbul etməsə, rəsmi Paris “başqa tədbirlər görəcək” deyərək, Fransada 1915-ci il hadisələrini tanımayanların cinayət məsuliyyətinə cəlbini nəzərdə tutan qanunun qəbulunu istisna etməyib.