Yeni il bayramı ərəfəsində Bakıda bütün satış məntəqələri, ticarət obyektləri, dükan və bazarlara nəzarət gücləndiriləcək. Dekabrın 15-dən paytaxt ərazisində xüsusi reyd və monitorinqlərin keçirilməsinə başlanacaq. Bu barədə Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov ANS PRESS-ə məlumat verib. Onun sözlərinə görə, reydlər həm Yeni il aksesuarları,yolka, oyuncaqlar, həm də ərzaq məhsullarının satıldığı ərazilərdə aparılacaq. “Qarşıdan gələn yeni il bayramı münasibətilə bəzi yerlərdə, xüsusilə metro çıxışlarlarının qarşısında küçə ticarətilə məşğul olanlara rast gəlinir. Lakin bizim nümayəndələr bunun qarşısını alacaqlar. Reydlər zamanı belə hallar aşkarlanarsa, həmin şəxslər inzibati qaydada cərimələnəcək. Əgər bu hal dəfələrlə təkrarlanırsa, onda həmin şəxs haqqında daha ciddi tədbirlər görüləcək”. Ə.Bağırovun sözlərinə görə, artıq bayramda Bakıda Şaxta baba, Qar qız kimi fəaliyyət göstərmək istəyənlərə lisenziyanın verilməsi üçün müraciətlərin qəbuluna başlanılıb. “Adətən müraciətlər heyət tərəfindən edilir. Bu heyətə Şaxta baba, Qar qız və fotoqraf daxil olur. İndiyədək Bakıda 12 heyət Yeni il günlərində Şaxta baba, Qar qız və fotoqraf kimi fəaliyyət göstərmək üçün müraciət edib. Müraciət üçün son gün dekabrın 15-i olacaq. Dekabrın 15-dən sonra artıq lisenziyalar veriləcək. Əgər yolkalar qurularsa, heyət həmin vaxtdan başlayaraq, yanvarın 13-nə kimi fəaliyyət göstərə bilər. Şaxta baba, Qar qız və fotoqraflar üçün lisenziyanın qiyməti ayrı-ayrılıqda 60 manatdır”, - deyə Əlabbas Bağırov bildirib. Bayram ərəfəsində insan sağlamlığına zərərli yeni il hədiyyələrinin, bayram atributlarının da satışının qarşısı alınacaq. Bu baxımdan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin əməkdaşları da reydlərə başlayacaq. Nazirliyin mətbuat xidmətinin rəhbəri Abbas Əliyevin ANS PRESS-ə verdiyi məlumata görə, reydlər Yeni il bayramında əhalinin təlabatının daha çox olduğu ərzaq və digər məhsulların satışına yönəldiləcək. “Bayramda yağ, ət, düyü, quru meyvələr və s. ərzaq məhsullarına, o cümlədən bayram artibutlarına, yolka, oyuncaqlara təlabat artır. Bunun üçün də həmin məhsulların satışı artacaq. Eyni zamanda qanunsuz satışlara da rast gəlmək mümkün olacaq. Təbii ki, bu zaman istehlakçıların aldadılması kimi hallar da ola bilər. Bunun qarşısını almaq üçün mütəmadi olaraq reydlərin keçirilməsinə başlanacaq”. A.Əliyev həmçinin onu da bildirib ki, nəzarət zamanı məhsulların keyfiyyəti, insan sağlamlığı üçün zərərsiz olması, eyni zamanda qiymət artımına diqqət yetiriləcək. Bundan başqa, dövlət tərəfindən bayram məhsullarının satışı təşkil olunacaq. Bayram məhsullarının satışı əhalinin sıx olduğu ərazilərdə keçiriləcək. Hələlik isə həmin ərazilər dəqiqləşdirilməyib. Bundan başqa, Yeni il hədiyyələrilə bağlı dekabrın 22-dən yoxlamalara başlanılacaq. Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayevin ANS PRESS-ə verdiyi məlumata görə, hər il hədiyyə verilən yerləri dəyişdirildiyi üçün yoxlamaların dəqiq harada keçiriləcəyi məlum deyil. Yoxlamalar zamanı əsasən vaxtı keçmiş, insan sağlamlığı üçün təhlükə törədən ərzaq məhsulları, uşaqlar üçün hazırlanan hədiyyələr yoxlanılacaq. Yoxlamalar seçmə üsulla aparılacaq.