Səbaildə RF hərbi dənizçiləri ilə görüş - FOTOLAR

Səbaildə RF hərbi dənizçiləri ilə görüş - FOTOLAR
Bütün Xəbərlər
15:48 13.08.2015
850

Rusiya Federasiyası Xəzər Dəniz Donanmasının Bakıda səfərdə olan nümayəndə heyətinin rəhbərliyi Səbail rayon İcra Hakimiyyətində olub.

AZXEBER.COM-un xəbərinə görə, Donanmanın “Mahaçqala” və “Volqadonsk” hərbi gəmiləri bu gün Azərbaycana səfərə gəlib. Səfərin ilk günü nümayəndə heyətinin rəhbərliyi Azərbaycan Respuslikasının Hərbi Dəniz Qüvvələrinin nümayəndələrilə Səbail rayon İcra Hakimiyyətində görüşüb.

Nümayəndə heyətini qəbul edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov ilk öncə qonaqları salamlayıb. Asif Əsgərov son illərdə Azərbaycanda əldə olunmuş nailiyyətlərdən, sosial-iqtisadi inkişafdan, həyata keçirilən yeni layihələrdən, o cümlədən Səbail rayonunda görülən işlərdən danışıb. Bu nailiyyətlərin qazanılmasında Ulu öndər Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin böyük rolunu qeyd edib. Ölkələrimiz və xalqlarımız arasında mövcud olan dostluq və qardaşlıq əlaqələrini, xalqlarımızın biri-birinə nə qədər yaxın olmasını vurğulayan natiq rayon İcra Hakimiyyəti ilə rayondakı və eləcə də cəbhə bölgəsindəki hərbi hissələr arasında yaranmış sıx dostluq və əməkdaşlıq əlaqələri və Müdafiə Nazirliyi ilə birgə tədbirlər barədə məlumat verib. Qeyd olunub ki, keçən ilin oktyabr ayında Rusiya Federasiyasının Xəzər Dəniz Donanmasının «Dağıstan» və «Qrad Sviyacsk» hərbi gəmiləri Bakıda olarkən nümayəndə heyətinin rəhbərliyi Səbail RİH-də qəbul olunub və Səbail ictimaiyyəti nümayəndələri həmin hərbi gəmiləri ziyarət edərək dənizçilərin şəraiti ilə tanış olub.

Tədbirdə çıxış edən Rusiya Federasiyası Xəzər Dəniz Donanmasının nümayəndə heyətinin rəhbəri, I dərəcəli kapitan Kirill Taranenko səfərdən məmnunluq hissi keçirdiyini deyib. Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin hərbi attaşesi polkovnik Vladimir Çernenko Azərbaycanın, xüsusi ilə də onun Silahlı Qüvvələrinin inkişafından, iki ölkə ordularının əməkdaşlıq əlaqələrinin möhkəmlənməsindən, bu işlərdə hər iki ölkənin rəhbərlərinin rolundan danışıb və Rusiya Federasiyası ilə Azərbaycan arasındakı bütün sahələrdə əməkdaşlığın daha da genişlənməsinin vacibliyini vurğulayıb. "Mahaçqala" hərbi gəmisinin komandiri, III dərəcəli kapitan Ayup Dadayev, «Volqadonsk» hərbi gəmisinin komandiri, III dərəcəli kapitan Vladimir Zaytsev hərbi dənizçilərin ölkəmizə səfərinin səmərəli olduğunu qeyd etdərək Bakıda gördükləri qonaqpərvərliyə görə minnətdarlıqlarını bildiriblər.

Azərbaycan Respublikası Hərbi-Dəniz Qüvvələrinin Komandan əvəzi, I dərəcəli kapitan Şahin Məmmədov qeyd edib ki, bu səfər ölkəmizin hərbi dənizçilərinin Rusiyaya səfərinə cavabdır. Səfər çərçivəsində qonaqlar "Fəxri Xiyaban"da Ümummilli lider Heydər Əliyevin məzarını və «Şəhidlər Xiyabanı»nı ziyarət edəcək, paytaxtın görməli yerlərini gəzəcək, Dövlət Bayrağı Meydanındakı Bayraq Muzeyi, şəhərin tarixi və mədəni abidələri, Azərbaycan Ali Hərbi Dənizçilik məktəbindəki tədris prosesi ilə tanış olacaq, həmçinin dənizçilərimizlə futbol üzrə yoldaşlıq görüşü keçirəcəklər.

Görüşün sonunda qarşılıqlı hədiyyələr təqdim olunub.

OXŞAR XƏBƏRLƏR