Şəhid övladları üçün ənənəvi “Məzun Günü” tədbiri təşkil olundu - FOTOLAR

Şəhid övladları üçün ənənəvi “Məzun Günü” tədbiri təşkil olundu - FOTOLAR
SOSİAL
13:01 11.06.2026
195

"Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı və "PAŞA Sığorta” ASC-nin dəstəyi ilə 10 iyun tarixində "Baku Events Hall” konsert mərkəzində orta məktəbi uğurla başa vuraraq məzun olan şəhid övladları üçün ənənəvi "Məzun Günü” tədbiri keçirilib.

AZXEBER.COM xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Açılış nitqi ilə çıxış edən "Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova məzun olan şəhid övladlarını təbrik edərək onların bu mühüm nailiyyətinin yalnız ailələri üçün deyil, bütün Azərbaycan cəmiyyəti üçün qürur mənbəyi olduğunu vurğulayıb. O bildirib ki, şəhid ailələrinə və övladlarına göstərilən diqqət və qayğı hər zaman Birliyin fəaliyyətinin əsas istiqamətlərindən biri olacaq: "Bu gün siz həyatınızın yeni mərhələsinə qədəm qoyursunuz. İnanırıq ki, əldə etdiyiniz uğurlar şəhid valideynlərinizin əziz xatirəsinə layiqli töhfə olacaq. Həyatınızın hər mərhələsində biz sizin yanınızda olmağa davam edəcəyik."

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbov məzun olan şəhid övladlarını təbrik edərək onların göstərdikləri əzmkarlığın və əldə etdikləri uğurların qürurverici olduğunu bildirib. Nazir qeyd edib ki, şəhid ailələrinə dövlət qayğısı daim diqqət mərkəzindədir və bu gənclərin təhsil alaraq ölkənin gələcəyinin qurulmasında fəal iştirak etmələri ən böyük uğurlardan biridir. O, məzunlara gələcək həyatlarında yeni nailiyyətlər arzulayıb.

Tədbirdə iştirak edən dövlət rəsmiləri, millət vəkilləri və ictimai xadimlər də məzun olan gənclərə xoş arzularını çatdırıblar. Çıxış edənlər arasında "PAŞA Sığorta” ASC-nin Daxili Kommunikasiyalar şöbəsinin rəhbəri Ləman Maqsudlu, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Yusif Vəliyev, Milli Məclisin deputatları Mehriban Vəliyeva, Ceyhun Məmmədov, Nigar Məmmədova və Vüqar Rəhimzadə yer alıblar.

Tədbirdə şəhid övladlarının çıxışları xüsusi maraqla qarşılanıb. Vətən müharibəsi şəhidi baş leytenant Ceyhun Niftəliyevin qızı, Göygöl rayon birincisi Ayan Niftəliyeva və şəhid polkovnik-leytenant Babək Ramaldanovun oğlu Ramaldan Ramaldanov məzunlar adından çıxış edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun həyat yoldaşı, məzun Teymur Həşimovun anası Ofelya Salmanova da çıxışında şəhid ailələrinə göstərilən mənəvi dəstəyin əhəmiyyətindən danışıb və məzunlara gələcək həyatlarında uğurlar arzulayıb.

Rəsmi hissədən sonra tədbir geniş konsert proqramı ilə davam edib. Azərbaycanın tanınmış sənətçiləri və musiqi kollektivləri öz çıxışları ilə məzunlara unudulmaz anlar yaşadıblar. Konsert proqramında tanınmış müğənnilər Sevinc Ağasıyeva (SIVVA), Mərdan Kazımov, Sevda Yahyayeva, reper Orxan Zeynallı, "Star Band” qrupu və DJ China çıxış ediblər.

Səmimi və yüksək əhval-ruhiyyə şəraitində keçən tədbirin əsas məqsədi şəhid övladlarının həyatında əlamətdar gün olan məzuniyyət sevincini onlarla birlikdə bölüşmək, onların gələcəyə daha böyük inam və motivasiya ilə addımlamalarına dəstək olmaq olub.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

OXŞAR XƏBƏRLƏR