Azərbaycan Dillər Universitetinə (ADU) qarşı Baş Prokurorluqda açılan cinayət işi diqqətləri universitetin üzərinə çəkib. Qəzetimizin ötən sayında ADU ilə bağlı məlumatlı şəxs universitetdə elmi dərəcələrin, vəzifələrin, maaşların rektor Səməd Seyidovun müəllimlərlə münasibətlərinə bağlı olduğunu bildirib. Məlumatda qanunsuz olaraq elmi dərəcə və vəzifə almaqda günahlandırılan müəllimlərin fikrini öyrənmək üçün universitetə yollanırıq. Universitetin giriş qapısında dayanan 3 nəfər mühafizəçinin nəzərlərindən yenə də yayına bildik. Mənbənin verdiyi məlumatda adı keçən Jalə Qəribova ADU-nun beynəlxalq əlaqələr üzrə prorektorudur. Məlumatda qeyd olunurdu ki, J. Qəribova elmlər namizədi olsa da, professor vəzifəsini qeyri-qanuni əldə edib. Buna səbəb kimi J. Qəribovanın rektor Səməd Seyidovla yaxın qohum olduğu əsas gətirilirdi. Prorektor J. Qəribovanın iş otağına daxil oluruq. Prorektor bizə açıqlama verməyə razı olur. Deyir ki; “ Hər hansı bir elmi adı Elmi Şura verir. Mənə professor vəzifəsini Elmi Şura verib və o qərara alıbsa, deməli hansısa əsasları olub”.Prorektor Səməd Seyidovla qohum olduğunu inkar etmir. O bildirir ki, bu münasibətlərin işdəki vəzifəsinə heç bir aidiyyatı yoxdur. “Tutaq ki, mən rektorun bacısıyam, indi mənim bu universitetdə işləməyə ixtiyarım yoxdur? Mən özüm professor vəzifəsini istəməmişəm, Elmi Şura mənə bu vəzifəni verib. İndi bu vəzifənin nə üstünlüyü var ki? Mən harasa ərizə yazanda heç professor olduğumu qeyd etmirəm. Professor oldum nə dəyişdi? Yenə həmin dərsi deyirəm”. J. Qəribova 60-dan çox elmi əsərin müəllifi olduğunu və xarici ölkələrin akademik jurnallarında çap olunduğunu bildirir. Qəzetə verilən məlumatda qeyd olunurdu ki, Səməd Seyidov ADU-nun bütün dekanlarına bahalı xidməti dövlət avtomobilləri verib. Universitetin Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin dekanı Məcid Əliyev “Bizim Yol”a deyir ki, rektor heç bir dekana xidməti maşın verməyib. “Deyirlər ki, Səməd müəllim bir nəfərə 1500 verir, qalan müəllimlərə qəpik-quruş, bu doğru deyil”.Mənbə universitetdə Alman dili fakültəsinin bağlanmaq təhlükəsində olduğunu qeyd edib. Dekan da bu məlumatı təsdiqləyir. “Alman dili fakültəsi ilə əlaqədar 25 sentyabrda qərar qəbul etmişik. Universitetin Elmi Şurası alman dili ilə fransız dili fakültələrinin birləşməsinə qərar verdi. Əsasnaməyə görə fakültənin açılması üçün ən azı 300 tələbə lazımdır. Sabah İngilis dili fakültəsində də tələbə az olsa, o da digər fakültələrlə birləşdiriləcək”. Səməd Seyidovun qohumları siyahısında göstərilən universitetin maliyyə-təsərrüfat işləri üzrə prorektoru Elsevər Həmidzadə kimyaçıdır. O, qəzetimizə deyir ki, kimyaçı olması onun maliyyə-təsərrüfat işləri üzrə prorektor çalışmasını əngəlləmir. “Azərbaycan Texniki Universitetini bitirdiyimə görə bütün texniki işlərdə çalışa bilərəm. 30 ildir Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda direktor müavini olmuşam. Təsərrüfat işləri ilə bağlı prorektor işləmək üçün Konservatoriyanı da qurtarıb çalışmaq olar. Mən 16 yaşımdan işləyirəm, əlli il iş təcrübəm var”.E. Həmidzadə fikirlərini rus dilində ifadə edə bilir. E. Həmidzadə də rektorla qohum olduğunu inkar etmir. Əlavə edir ki, “bütün azərbaycanlılar qohumdurlar”. ““Quran” da yazılıb ki, Allah ilk Adəm və Həvvanın yaradıb, biz hamımız da onlardan törəmişik. Dünyada insanların hamısı qohumdur. Axtarsaq sən də bizim qohumumuz çıxarsan”. Mənbənin məlumatında qeyd olunurdu ki, Misgər Məmmədov, Vahid Ərəbov, Lətifə Ərəbova və digər şəxslər dissertasiya müdafiə etmədən elmi dərəcə ilə mükafatlandırılıblar. Adı çəkilən Misgər Məmmədov ADU-nun Psixologiya kafedrasının müdiridir. Bizi çalışdığı otağa aparıb hazırladığı dərsliyi, proqramları stolun üstünə düzür. “Siyasi diskursla bağlı məruzə eləmişəm. 100-dən yuxarı elmi əsərim var, amma Psixologiya dərsliyinə görə dosent vəzifəsini almışam. Bu kitab ali məktəblərdə tədris olunur. Baş müəlliməm, elmi dərəcəm yoxdur, amma qəzet yazır ki, mənə elmi dərəcə veriblər”. Dossent vəzifəsində çalışan Vahid Ərəbov da kitab rəfindən tərcümə etdiyi kitabları, lüğətləri çıxarıb stola düzür. “Məni ad maraqlandırmır”-deyir. Dissertasiya müdafiə etmədən elmi dərəcə almaqda günahlandırılan Lətifə Ərəbova V.Ərəbovun həyat yoldaşıdır. İkisi birlikdə ingilis dilindən Azərbaycan dilinə lüğətlər hazırlayırlar. “Azərbaycan himnini və əsgər marşını ingilis dilinə tərcümə etmişəm. Hər dərsə aid testlər yazmışıq. Mənim gördüyüm işi Akademiyada kimsə etsə, mən adımı dəyişərəm. Hazırladığımız lüğətdə 150 mindən çox söz və ifadələr var. Bu kitab ali məktəblər üçün dərslik kitabıdır. Nobel mükafatı laureatının kitabını mən tərcümə etmişəm. Bu kitabı məndən əvvəl 10 nəfərə veriblər, tərcümə edə bilməyiblər. Mən bu gün sabah ölüb gedəcəm, bu mənə lazım deyil, amma bu kitablar xalqa qalacaq. Belə kitabların müəllifinə indi akademik adı verirlər, dosent yox. Mənim adamım yoxdur deyə o adı mənə vermirlər. Amma mən bir akademiyanın işini görürəm. Bir dəqiqə işsiz qalanda ürəyim partlayır, səhər saat 6-dan işə gəlirəm, axşam 6-ya kimi işləyirəm”. Müəllim seyfi açıb, təzə çıxaracağı lüğətin əlyazmasını göstərir. O, coğrafi adların ensiklopedik lüğətini hazırlayır. Əlyazmanı seyfə qoyanda zarafatla deyir ki, “seyfin içində heç nə yoxdur”. /// bizimyol qəzeti