Rusiyanın “Afişa” jurnalı postsovet respublikalarının 20 yaşlı vətəndaşları - müstəqilliyin həmyaşıdları ilə layihə həyata keçirib. Layihənin məqsədi SSRİ adlı imperiyanı heç vaxt görməmiş gənclərin dünyaya necə baxdıqlarını öyrənmək olub. Əslində, maraqlı ideyadır. Amma gərək layihə iştirakçıları da maraqlı seçilə, ən azı normal dünyagörüşünə malik respondentlər ola. Bir çox ölkələrdən seçilən respondentlər bu meyarlara cavab versə də, Azərbaycan istisnadır. Azərbaycandan 20 yaşlı Səriyyə Əliyeva seçilib. Jurnalın yazdığına görə, Səriyyə Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsində təhsil alır. Atası mühəndis, anası ev qadınıdır. Səriyyə Əliyeva söhbətinə normal başlayır, Dağlıq Qarabağın işğal edildiyindən danışır, ata-anasının söhbətlərinə əsasən 20 Yanvar faciəsindən danışır və s. Bunun ardınca BDU-nun tələbəsi kimi təqdim olunan qız kasad dünyagörüşünü işə salır. “Bu müharibədən sonra ermənilərin çoxu getdilər. Şəhər boşaldı, boş yerləri isə kəndlərdən olan, kənd təfəkkürünə malik adamlar tutdular. Məsələn, anam xatırlayır ki, müharibəyə qədər qızın gənc oğlanla görüşməsi normal hadisə idi. Müharibədən sonra isə bu, qeyri-təbii hesab olunmağa başladı”, - Səriyyə Əliyva deyir. Hələ bu harasıdır… 20 yaşlı qızın yaşından və başından böyük sözləri bununla bitmir. O, Bakını Azərbaycan və rus bölmələrinə (yəqin ki, rusdilli və azərbaycandilliləri nəzərdə tutur) bölür, bu bölmələr arasındakı fərqin böyük olduğunu deyir. Onun sözlərinə görə, ailəsi rus bölməsinə aiddir. “Görürük ki, Azərbaycan bölməsindən olan qızlar özlərinə baxmırlar, əziyyət çəkirlər. Onların bir çoxu oxumurlar, evdə otururlar və ərə olduqca tez gedirlər”, - deyən Səriyyə Əliyeva azərbaycandilliləri hicab taxmaqda qınayır. Onun fikrincə, rusdillilər daha qabaqcıldırlar. Qız kasad təfəkkürü ilə bu “qabaqcıllığı” görün nə ilə izah edir. Sən demə, qızlar hələ üçüncü sinifdə ozuyanda bilməkləri lazım olmayan şeyləri - bədənin anatomik quruluşunu bildirlər. Səriyyə üçün qabaqcıllıq budur. Onun sözlərinə görə, klub və kafelərdə yalnız rus bölməsindən olan qızları görmək mümkündür. Müsahibəsini atası da oxuyacaq qız daha sonra sevgilisindən danışır. Deyir ki, oğlan universitet tələbəsidir, müstəqildir və 16 yaşından işləyir. Nə qədər qəribə olsa da, Səriyyənin sevgilisi, evlənmək istədiyini dediyi oğlan azərbaycandillidir. Səriyyənin ata-anasından eşitdikləri nağıllar və öz təfəkkürü çərçivəsində çıxardığı nəticələr bununla bitmir. O, nənəsindən də danışır. Sən demə, onun nənəsi Azərbaycan telekanallarına baxanda dəhşətə gəlir və nəvəsindən orada nə danışıldığını soruşur. Kifayət qədər normaldır. Əslində, belə bir ailədən səriyyələrin çıxması gözləniləndir. Nə isə… Ən böyük problem Səriyyənin dedikləri, onun mühəndis atasının və evdar anasının, Azərbaycan dilindən hürkən nənəsinin öyrətdikləri yox, Azərbaycanda belə gənclərin mövcudluğudur. Onlardan birini “Afişa” üzə çıxartdı və bizə tanıtdı. Gənclərin arasında hələ nə qədər səriyyələr var. Yuxarıda xatırlatdığımız kimi, Səriyyə BDU-da təhsil aldığını bildirib. Gələcəyin diplomatıdır. Ola bilər ki, bir neçə ildən sonra onu Azərbaycanın hansısa diplomatik nümayəndəliyində görək. Fəlakət odur ki, Azərbaycanın maraqlarını belələri müdafiə edəcək. Azərbaycanın təhsil sisteminin hazırladığı kadrlar bunlardırmı? Hər il təhsil sahəsinə artımla ayrılan vəsaitdən səyyarələrmi yararlanır? Vergilər, ölkənin sərvətləri hesabına formalaşan büdcədən bunlaramı investisiya qoyulur? Çox heyif… Amma ortaya başqa maraqlı məqamlar da çıxıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirib ki, BDU-ya Səriyyə Əliyeva adlı adam qəbul olunmayıb. O, çox sevdiyi rus bölməsinə sənədlərini verib. Amma nənəsinin qorxduğu Azərbaycan dilindən imtahan verməli olub və imtahana gəlməyib. Beləliklə, Səriyyə Əliyeva TQDK-nın xətti ilə tələbə adını qazanmayıb. Onda sual yaranır: əgər Səriyyə Əliyeva tələbədirsə, o zaman BDU-ya hansı yolla qəbul olunub? Daha bir sual: əgər Səriyyə Əliyeva BDU-nun tələbəsi deyilsə, onda ölkənin ən böyük ali məktəbi Rusiya mətbuatında yayılan yalan məlumatı niyə təkzib etmir? Səriyyə Əliyeva TQDK-nın xətti ilə yox, başqa yollarla BDU-ya yol tapıbsa, bu, hüquq-mühafizə orqanlarının araşdırmalı olduğu məsələdir. Deməli, ortada bir cinayət var. Kimsə Səriyyə Əliyevanı əyri yollarla BDU auditoriyalarına qədər aparıb çıxarıb. Bir şey də maraqlıdır. Qızlarının danışdıqlarını oxuyan mühəndis ata, evdar ana hansı hisləri keçirib? Səriyyə ilə fəxrmi ediblər, yoxsa belə qız yetişdirdiklərinə görə utanıblar? Bizcə, utanmağa dəyər. Çünki 20 ildir böyütdükləri qızlarını ölkəsi üçün yararlı vətəndaşa çevirə bilməyiblər. Ölkəsi barədə bu qədər dar düşüncəli bir gəncin valideynlərinin qiymətini bilməsi də xeyli şübhəlidir. Deməli, onlar heç özləri üçün də xeyirli övlad yetişdirə bilməyiblər. Çox yazıq…Mənbə: ANSPRESSSƏRİYYƏ ƏLİYEVA KİMDİR - ƏTRAFLI BURADA
SƏRİYYƏ BDU-YA NECƏ DAXİL OLUB - ƏTRAFLI BURADA