Sevgi ilə emosional asılılığı necə ayırd etmək olar?

Sevgi ilə emosional asılılığı necə ayırd etmək olar?
SOSİAL
12:14 15.07.2026
198
Sevgi insan həyatının ayrılmaz hissəsi olsa da, hər kəs bu hissi eyni şəkildə yaşamır. Bəziləri sevgini romantik münasibətlərdə axtararkən, digərləri ailəsində, dostlarında və ya ev heyvanları ilə qurduğu emosional bağda tapır. Məhz bu fərqli yanaşmalar fonunda sağlam sevgi ilə emosional bağlılıq arasındakı sərhədlər və insanların sevgiyə olan ehtiyacının psixoloji tərəfləri diqqət mərkəzinə gəlir.

Bəs görəsən axtarışında olduğumuz sevgidir yoxsa emosional asıllıq? 

Tanınmış psixoloq Nizami Orucov AZXEBER.COM-a açıqlamasında deyib ki, insan sevgi axtarmır, emosional bağ qurmaq ehtiyacını qarşılamağa çalışır:

"İnsan psixologiyasında sevgi və aidiyyət hissi ən fundamental emosional ehtiyaclardan biridir. Ona görə də insanlar sevgini müxtəlif yerlərdə axtarırlar. Əslində, insan sevgi axtarmır, o, qəbul edilmək, dəyərli hiss etmək və emosional bağ qurmaq ehtiyacını qarşılamağa çalışır. Bəzi insanlar bu ehtiyacı romantik münasibətlərdə tapmağa çalışır, bəziləri dostluqda, ailədə, bəziləri isə heyvanlarla qurduğu münasibətdə. Məsələn, ev heyvanı insana şərtsiz qəbul olunma hissi verə bilir. O, tənqid etmir, mühakimə etmir və sahibinə sabit emosional bağlılıq göstərir. Xüsusilə tənhalıq yaşayan və ya münasibətlərdə xəyal qırıqlığı yaşayan insanlar üçün bu bağ çox güclü ola bilər. Bu, əksər hallarda normal və sağlam bir bağlılıqdır”.


Psixoloq vurğulayıb ki, bəzən sevgi ehtiyacı sağlam sərhədləri aşaraq asılılığa çevrilə bilir:

"Bəzən sevgi ehtiyacı sağlam sərhədləri aşaraq asılılığa çevrilə bilir. İnsan bütün emosional tarazlığını yalnız bir nəfərdən almağa çalışdıqda, "onsuz yaşaya bilmərəm”, "mən yalnız onunla tamamlanıram” kimi düşüncələr formalaşa bilər. Bu artıq sevginin özündən çox, tərk edilmə qorxusu, özünəinamın aşağı olması və ya emosional boşluqla əlaqəli ola bilər.

Sağlam sevgi ilə emosional asılılıq arasındakı əsas fərq də budur. Sağlam münasibətdə insan qarşı tərəfi sevir, amma öz şəxsiyyətini, maraqlarını və sosial həyatını qoruyur. Emosional asılılıqda isə insanın xoşbəxtliyi tamamilə qarşı tərəfdən asılı olur və münasibət bitəndə sanki öz kimliyini də itirmiş kimi hiss edir”.

O qeyd edib ki, insanın ən sağlam sevgi münasibəti o zaman formalaşır ki, o, öz dəyərini yalnız başqasının sevgisi ilə ölçmür:

"Ona görə də "çox heyvan sevmək” və ya "çox insan sevmək” özü-özlüyündə problem deyil. Əsas sual budur: bu sevgi insanın həyatını zənginləşdirir, yoxsa onu başqa hər şeydən uzaqlaşdıracaq qədər asılı vəziyyətə salır?Psixoloji baxımdan insanın ən sağlam sevgi münasibəti o zaman formalaşır ki, o, əvvəlcə öz dəyərini yalnız başqasının sevgisi ilə ölçmür. Çünki insan daxilən nə qədər təhlükəsizlik və özünəinam hiss edirsə, sevgini də bir o qədər az qorxu və daha çox azadlıq üzərində yaşayır”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR