AZXEBER.COM xəbər verir ki, bu gün Beynəlxalq Mətbuat Mərkəzində Seyid Yəhya Şirvani (Bakuvi) saytının www.seyidyahyashirvani.az təqdimatı keçirildi.
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Avrasiya Beynəlxalq Araşdırmaları İnstitutu İctimai Birliyi, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Qafqaz Universiteti Qafqaz Araşdırmaları İnstitutu, Azərbaycanda Atatürk Mərkəzi, Türkdilli Dövlətlərlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti, Türkiyənin Beynəlxalq İnkişaf və Əməkdaşlıq Təşkilatı, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin təşkilatçılığı ilə keçirilən təqdimat mərasimində millət vəkili, “Avrasiya Beynəlxalq Araşdırmaları İnstitutu” İB-nin sədri Dr. Qənirə Paşayeva, Qafqaz Universiteti Qafqaz Araşdırmalar İnstitutunun direktoru Dos.Dr. Mehmet Rıhtım, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İB-nin sədri Dr. Fariz Xəlilli Seyid Yəhya irsinin təbliği istiqamətində görülən işlər haqqında məlumat verdilər.
Tədbiri açan millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmaları İnstitutu” İB-nin sədri Qənirə Paşayeva öz çıxışında 2013-cü ilin YUNESKO tərəfindən Seyid Yəhya Şirvani (Bakuvi) ili elan etməsini çox təqdirəlayiq hadisə adlandırdı və bu istiqamətdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın böyük əməyi olduğunu vurğuladı. Bundan əvvəl mədəniyyətimizin bir parçası olan Seyid Yəhya Şirvaninin tanıdılması üçün onun “Şəfa əl Əsrar” kitabının nəşr olunduğunu və təqdimatının keçirildiyini vurğulayan Qənirə Paşayeva rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmaları İnstitutu İB olaraq bu kitabın nəşrinə dəstək göstərməkdən təşkilatın böyük məmnuniyyət duyduğunu deyərək, hər kəsi, xüsusilə gəncləri bu kitabı oxumağa çağırıb.
Seyid Yəhya Şirvani irsinin araşdırıcısı Dos.Dr. Mehmet Rıhtım saytın hazırlanmasında əziyyəti olan hər kəsə minnətdarlığını bildirdi. O, 550 illiyi qeyd olunan Seyid Yəhya Şirvaninin Türk dünyası və Balkanlardakı təsirindən geniş danışdı. Alim S.Yəhyanın dünyagörüşü, əsərləri, təsəvvüf ədəbiyyatı, xəlvətilik və digər təriqətlər, eləcə də saytda yer alan başqa informasiyalar, Seyid Yəhya Şirvaninin Bakıda olduğu müddət haqqında məlumat verdi. Belə bir mirasın dünyada məhz Bakının adı ilə tanınmasının çox önəmli olduğunu vurğuladı.
Təqdimat mərasimində ziyalılılar, tələbələr, KİV təmsilçiləri iştirak edirdi.