Siqaret, telefon, avtomobil... – Daha hansı mallara aksiz vergisi ödəyirik?

Siqaret, telefon, avtomobil... – Daha hansı mallara aksiz vergisi ödəyirik?
SOSİAL
13:46 05.11.2026
32
Xəbər verdiyimiz kimi, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərə əsasən, Azərbaycanda çipsinin də aksizli mallar sırasına daxil edilməsi nəzərdə tutulur.

Layihəyə əsasən, yerli istehsal olunan çipsinin hər kiloqramına görə 1 manat məbləğində aksiz vergisinin tətbiqi təklif olunur.

Məlumat üçün bildirək ki, aksiz vergisi müəyyən məhsulların istehsalına və ya ölkəyə idxalına tətbiq edilən dolayı vergi növüdür. Bu vergi məhsulun qiymətinə daxil edilir və nəticədə onun satış qiymətinə təsir göstərə bilər.

Aksiz vergisinin ödəyicisi məhsulu istehsal edən və ya ölkəyə idxal edən şəxsdir. Yəni qanunvericiliyə əsasən, vergi istehsalçı və ya idxalçı tərəfindən dövlət büdcəsinə ödənilir. Lakin bu vergi məhsulun satış qiymətinə daxil edildiyindən, nəticədə onun iqtisadi yükünü alıcı daşıyır.

Azərbaycanda hazırda bir sıra məhsullara aksiz vergisi tətbiq olunur.

AZXEBER.COM aksiz vergisi tətbiq edilən məhsulların siyahısını təqdim edir.

Spirtli içkilər – Aksiz vergisi tətbiq edilən əsas məhsul qruplarından biridir. Bu kateqoriyaya araq, konyak, viski, şərab, şampan, pivə və digər spirtli içkilər daxildir. Verginin məbləği içkinin növünə və miqdarına görə dəyişir.

Tütün məmulatları – Siqaret, siqar, siqarilla və digər tütün məhsulları da aksiz vergisinə cəlb olunur. Bu məhsullar üzrə vergi müvafiq olaraq ədəd və ya çəki əsasında hesablanır.

Energetik içkilər – Energetik içkilərin hər litrinə görə aksiz vergisi tətbiq edilir. Bu məhsullar da aksizli mallar siyahısına daxildir.

Neft məhsulları – Benzin, dizel yanacağı və digər müvafiq neft məhsullarına aksiz vergisi tətbiq olunur. Verginin məbləği məhsulun növünə və ölçü vahidinə əsasən müəyyən edilir.

Minik avtomobilləri və digər nəqliyyat vasitələri – Ölkəyə idxal edilən minik avtomobilləri, avtobuslar, motosikletlər və kvadrisikllər də aksiz vergisinə cəlb edilən məhsullar sırasındadır. Bu zaman mühərrikin həcmi, nəqliyyat vasitəsinin növü və digər göstəricilər nəzərə alınır.

Mobil telefonlar – Azərbaycana idxal edilən mobil telefonlara və digər mobil cihazlara da aksiz vergisi tətbiq edilir.

Elektron siqaretlər və qəlyan məhsulları – Elektron siqaretlər üçün mayelər, qəlyan və onun əvəzediciləri də aksizli mallar sırasına daxildir.

Zərgərlik və qiymətli daşlardan hazırlanan məmulatlar – Ölkəyə idxal edilən qızıl, platin, qızıldan hazırlanmış zərgərlik və digər məişət məmulatları, eləcə də emal olunmuş almaz aksiz vergisinə cəlb olunur.

Xəz-dəri məmulatları – Təbii xəzdən hazırlanan bəzi məmulatların idxalı zamanı da aksiz vergisi tətbiq edilir.

Qeyd edək ki, aksiz vergisi bütün məhsullar üzrə eyni qaydada hesablanmır. Bəzi məhsullarda vergi hər litr və ya kiloqrama, digərlərində isə ədəd, mühərrik həcmi və ya məhsulun dəyərinə əsasən müəyyən edilir.

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR