Əfsələddin Ağalarov
Ölkədə siyasi proseslərin tısbağa yerişinə bənzəməsi, müxalifətin hələ də qeyri-müəyyən komandası, Milli Şuranın bekarların evi kimi dağınıq-tökünük olması və daha nələr nələr. Bütün bu səssizliyin əslində fırtınaöncəsi səssizliyə bənzədilməsi qüsurlu müqayisənin bariz göstəricisidir. Çünki bu müxalifətlə fırtınasonrası baş verəcəkləri düşünmək ac toyuğun yuxuda darı görməsinə bənzəyir. Peşəkar siyasətdən uzaq olan bu şəxslərin siyasi analiz qabiliyyətləri təqaüdə çıxan yaşlıların “bankomat”dan pul çəkmək üçün sıraya düzülən zaman o naziri çıxarıb, bu naziri onun yerinə qoymasına bənzəyir.
İctimai Palatanın iclasları zamanı burnundakı artıqları qaşıya-qaşıya Milli Şuraya transfer olunan şəxslərin hələ də vahid fikir ətrafında toplana bilməməsini yalnız bir fikirlə ifadə etmək olar. Əgər bir evin kişisi hələ də məlum deyilsə, arvad da evin ona aid olduğunu, uşaq da evin yiyəsi olduğunu söyləyir. İdarəetmədə olan qüsurlar əslində ailənin daxilində olan qüsurlarla oxşardır. Bu söz-söhbətlərin sonu isə boşanmaya qədər uzanır. Sonda nə ailə qalır, nə də ki o ailəni bir yerə yığan dörd divar.
Həqiqət odur ki…
Həqiqət odur ki, bu gün Azərbaycanda internet saytlarının (oxunan), qəzetlərinin (bəziləri) Milli Şuraya dəstəyi gözlə göründüyündən də çoxdur. Müqayisə üçün deyim ki, əslində, Milli Şuraya dəstək olan bu KİV-lər ictimai rəydə çox böyük yerə malikdir. Sözügedən mətbuat orqanlarının yayımladığı informasiyalar siyasi ajiotajların yaranmasına da səbəb olur. Deməli, “Bizim əlimizdə resurslar azdır”, “Bizim mətbuatda olan imkanlarımız iqtidardan azdır” ifadələri də özlüyündə fiaskoya uğrayıb. Çünki Milli Şuraya və onun vahid namizədinə öz səhifələrində dəstək verən mətbuat orqanlarının təkcə biri iqtidaryönlü mətbuat orqanlarından daha çox oxunur və daha çox ictimai rəyə təsir edir.
Sosial şəbəkələrdən yan keçən namizəd
Maraqlı olan bir digər məqam isə, Cəmil Həsənlinin sosial şəbəkələrdəki görünməzliyidir.Bu konteksdə qeyd etmək yerinə düşər ki, Milli Şuranın sabiq vahid namizədi Rüstəm İbrahimbəyovdan fərqli olaraq, Cəmil Həsənlisosial şəbəkələrdə seçiciləri iləünsiyyətdən mümkün qədər qaçır və nadir hallardamətbuat vasitəsi iləbəyanatlarla çıxış edir.Onu əvəzindən bu estafeti Milli Şurada təmsil olunan partiyaların gəncləri alıb.
Bir şeyi də demədən geçmək olmaz. Cəmil Həsənlinin şəkillərini sosial şəbəkələrdə öz profil şəkili edib gündüzlər onun siyasi təbliğatı ilə məşğul olan gənclərin şər qarışan vaxtı gənc qızların cazibədar fotolarına tamah salması və “like”ları yağdırması insanın diqqətini daha çox cəlb edir.
Evrika! Ləyaqətlilərlə ləyaqətsizliyi ölçən mexanizm
Elə ötən gün Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin rəsmi “Facebook” səhifəsində belə bir başlıqda şəkil paylaşılıb: "İndi müxalifət-iqtidar davası getmir, ləyaqətlilərlə ləyaqətsizlərin davası gedir".
Görəsən kimin ləyaqətli olub-olmamasını müəyyənləşdirən hansısa bir mexanizm ixtira olunubmu?
Məncə, hələ də dünya Cəmil bəyin ixtira etdiyi bu ixtiradan xəbərsizdir. Əgər bu mexanizm mövcuddursa, o zaman bir vaxtlar Milli Məclisdə əyləşib iclaslarda iştirak edən, iclaslar bitdikdən sonra səssiz-səmirsiz “papka”sını qoltuğunun altına vurub auditoriya yolu tutan Cəmil Həsənli niyə susurdu?
Məgər, Cəmil bəyin deputatlığı dönəmində Azərbaycan prezidenti İlham Əliyev deyildimi? Məgər Cəmil bəyin deputatlığı dönəmində Azərbaycanda “korrupsiya” yox idimi? Əgər ləyaqətlilərlə ləyaqətsizlərin davasını müqayisə ediriksə, o zaman Cəmil bəy öncə 5 illik mandat sahibi olduğu dönəmlərdə səssizliyinin hesabatını verməlidir.
Daha sonra kimin ləyaqətli, kimin ləyaqətsiz olması haqqında həm danışmaq, həm də yazmaq olar.