Siyasi məhbuslarla bağlı məsələ AŞPA-da

Siyasi məhbuslarla bağlı məsələ AŞPA-da
Bütün Xəbərlər
07:41 06.10.2011
1138

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasında hüquqi işlər və insan haqları komitəsinin geniş müzakirələrlə keçirilmiş iclasında Azərbaycana münasibətdə çoxdan bəri mövcud olan bir ədalətsiz və qeyri-obyektiv yanaşmanın aradan qaldırılması istiqamətində ciddi addım atılıb. “Siyasi məhbus” problemi ilə bağlı aparılan həmin müzakirələrdə iki məqam diqqət mərkəzində olub. Birincisi, bu anlayışın mahiyyəti ilə əlaqədar meyarların müəyyənləşdirilməsi, ikincisi isə siyasi məhbus probleminin tədqiqinin hansı əhatədə aparılması. Komitə üzvü, 2001-ci ildən etibarən AŞPA-da bu çərçivədə cərəyan edən müzakirələrin daimi və fəal iştirakçısı, “siyasi məhbus” problemi üzrə bir neçə mühüm sənədin müəllifi olan deputat Rafael Hüseynov AzərTAc-ın müxbiri ilə söhbətində iclasın gedişi ilə bağlı deyib ki, son dövrlərdə Avropa Şurasının siyasi məhbuslar məsələsi üzrə məruzəçi təyin etdiyi almaniyalı deputat Kristofer Ştrasserin Azərbaycana gəlişi üçün viza verilməməsi məsələsi diqqət mərkəzində saxlanılır, müəyyən qüvvələr bundan hətta siyasi möhtəkirlik vasitəsi kimi istifadə etməyə çalışırdılar. “K.Ştrasser bizim hörmətli həmkarımızdır və bunu xüsusi qeyd etməliyəm ki, Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair hazırladığım bir sıra mühüm sənədlərə başqa hansısa əcnəbi deputatların imza atmağa tərəddüd etdiyi məqamlarda o, dəfələrlə bizimlə həmfikir olduğunu dərhal təsdiqləyib, - deyən millət vəkilinin sözlərinə görə, K.Ştrasserin Azərbaycana səfəri ilə bağlı yaranan problem deputatın şəxsiyyəti ilə deyil, onun araşdırılmalı olduğu məsələnin qoyuluşundakı ədalətsiz yanaşma ilə əlaqədar idi: “Avropa Şurası hələ sona qədər təsdiqlənməmiş meyarlar əsasında siyasi məhbus problemini Azərbaycanda araşdırmağı ortaya qoyur, Azərbaycan isə israr edirdi ki, əvvələn bu anlayışla bağlı dəqiq meyarlar müəyyənləşdirilsin, sonra isə problem bu halın mövcud olunduğu güman edilən istənilən Avropa ölkəsində öyrənilsin. Yoxsa ki, təkcə Azərbaycanı hədəfə götürmək birtərəfli, haqsız yanaşmadır. Deməliyəm ki, Avropa Şurasında “siyasi məhbus” problemi ətrafında söhbətlər onillərdir ki, davam edir. İlk dəfə bu problem AŞPA-da 1956-cı ilin oktyabrında də qaldırılmışdır. O zaman Qərbi Avropada siyasi məhbuslar məsələsinin həll edilməsinin vacibliyi ətrafında gərgin müzakirələr başlanmışdı. Sonrakı onillərdə də Avropa Şurası vacib hesab etdiyi bu məsələni gündəmdə saxlamışdır. Həm də AŞPA “siyasi məhbus” məsələsini yalnız Avropada deyil, başqa qitələrin ayrı-ayrı dövlətlərində də izləməyə cəhd etmiş, 1978-ci ildə Çilidə, 1980-ci ildə isə Argentinada siyasi məhbus hesab edilənlərin hüquqlarının qorunması məqsədilə sənədlər, məruzələr hazırlanmışdır. Lakin təəssüf doğuran məqam ondan ibarətdir ki, Avropa Şurası 50 ildən artıq uzun bir zaman kəsiyində bu problemə diqqət yetirsə də, indiyədək birinci növbədə cavab tapmalı olduğu sualı özü və başqaları üçün aydınlaşdırmamışdır. “Siyasi məhbus nədir” sualına indiyədək qənaətbəxş, arqumentli cavab tapılmayıb”. Rəfael Hüseynovun fikrincə, bunun obyektiv səbəbləri var. Ona görə ki, “siyasi məhbus” ifadəsi iki fərqli qütbü birləşdirməyə cəhd edir. Bu ifadədəki sözlərdən biri hüquq elmi ilə bağlıdırsa, digəri siyasətə aiddir: “Lakin məlumdur ki, heç də həmişə siyasi baxış və yanaşmalarla konkretliyə bağlı hüququn mövqeləri üst-üstə düşmür. Təsadüfi deyil ki, hüquq elmində və Avropa presedent hüququnda da “siyasi məhbus” anlayışı, ona verilən dəqiq qiymət mövcud deyil. Hələ 2010-cu ilin iyununda Hüquqi işlər və insan haqları komitəsində “siyasi məhbus” anlayışının meyarlarının müəyyənləşdirilməsi ilə bağlı bir müzakirə keçirdik və orada təkcə komitə üzvləri deyil, eləcə də ekspertlər iştirak ediblər. Orada bu fikir dəqiq ifadə olunub ki, siyasi məhbus problemini hər hansı bir ölkədə araşdırmaqdan ötrü əvvəlcə bu anlayışın dəqiq elmi tərifi verilməli, parametrləri müəyyənləşdirilməlidir. Belə meyarlar isə yoxdur, olanları da mübahisəlidir. Beləliklə, biz ilk növbədə “siyasi məhbus” anlayışının hamı tərəfindən qəbul edilən dəqiq meyarlarının müəyyənləşdirilməsini, sonra isə onların əsasında istənilən ölkədə araşdırmalar aparılmasının tərəfdarıyıq. Yoxsa ki, qondarma və yayğın, heç bir ölkənin qəbul etmədiyi “meyarlar” uyduraraq bundan konkret bir ölkəyə qarşı təzyiq vasitəsi kimi istifadə etmək ədalətdən, Avropa Şurasının təqdir etdiyi dəyərlərdən uzaq və qəbuledilməzdir. Lakin bir halda ki, Avropa Şurası şərti olaraq qəbul edilmiş beş maddədən ibarət meyarlar əsasında məsələni tədqiq etməkdə israrlıdır, onda kontekst geniş götürülməlidir və bununla əlaqədar da mənim hələ 2009-cu ilin mayında hazırladığım “Avropada siyasi məhbuslar” adlı sənəd var. Biz bu məsələləri Daimi Komitənin diqqətinə çatdırmışıq”. Azərbaycan nümayəndə heyətinin üzvü bildirib ki, AŞPA-nın payız sessiyasında nəhayət, bu istiqamətdə ciddi bir dəyişiklik baş verib. Azərbaycanda səfərdə olmuş və Prezident İlham Əliyev tərəfindən qəbul edilmiş Hüquqi işlər və insan haqları komitəsinin sədri Kristos Pirqurides bildirib ki, dövlət başçısı ilə problemlə bağlı açıq, səmimi söhbəti olub. Prezident İlham Əliyev Avropa Şurası ilə bütün istiqamətlərdə, o cümlədən bu məsələ ilə bağlı da əməkdaşlığa daim hazır olduğunu bildirib. Amma bir şərtlə ki, mövqe, yanaşma tərzi obyektiv, ikili srtandartlardan kənar olsun. Ona görə də K. Pirqurides komitənin son iclasında siyasi məhbuslar məsələsi ilə bağlı məruzənin çərçivəsini genişləndirməyi, formatı dəyişməyi, problemi digər Avropa ölkələrində də araşdırmağı təklif edib. Bu təklif müsbət qiymətləndirilərək komitə tərəfindən təsdiq olunub. Amma, eyni zamanda, “siyasi məhbus” anlayışının meyarlarını tam elmi əsaslarla müəyyənləşdirmək üçün ikinci bir məruzə hazırlanacaq. Beləliklə, AŞPA-nın payız sessiyasında Azərbaycana qarşı yanaşmalarında bu mötəbər qurumda mövcud olmuş bir yanlış yanaşmanın aradan götürülməsi üçün əhəmiyyətli addım atılıb.

OXŞAR XƏBƏRLƏR