Gənc müğənni Şölə Səfərəliyeva öz dinləyicilərinə “Sən, rəssam” adlı ilk klipini təqdim edib.
AZXEBER.COM-un məlumatına görə, “Sing your song” və Azəristar” müsabiqələrindən, eləcə də “Eurovision-2011”in milli seçimlərindən yaxşı tanıdığımız Şölə Səfərəliyeva “QAYA” Dövlət Ansamblının solistidir.
Caz ifaçısı kimi tanınmış gənc sənətçinin klip çəkdirdiyi “Sən, rəssam” mahnısı RNB janrındadır. Mahnının sözləri və musiqisinin müəlifi olan gənc RAP ifaçısı Mr.Baba, eyni zamanda klipin rejissorluğunu da öz üzərinə götürüb.
“Temp Production”un məhsulu olan klipdə Ş.Səfərəliyeva tənha və sevgiyə möhtac bir qız obrazını canlandırır, rəssama səslənərək ondan arzu və duyğularının rəsmini çəkməyi, “ruhunun əsərini” yaratmağı istəyir.
Ş.Səfərəliyevanın özü klipdəki “rəssam” obrazını “qarşısındakı insanın daxili aləmini görən və onun mənəvi dünyasını öz həyatında əks etdirən bir sevgili” kimi izah edir.
“Əlbəttə ki, “rəssam” ifadəsi burada məcazi məna daşıyır. Hər kəsin ömründə bir rəssama ehtiyacı olur. Onun qarşısına keçərkən, yalnız göründüyü kimi deyil, həm də olduğu kimi anlaşılmasını, təsvir edilməsini arzu edir. Əgər elə olmasaydı, insanlar tez-tez sevdiklərinə “Mənim haqqımda nə düşünürsən?” və ya “Məni necə görürsən?” suallarını verməzdilər. Bu klipdə də biz bunu ifadə etməyə çalışdıq.
Gənc və istedadlı rəssam olan Rəhman Hacıyev də bu işdə bizə öz dəstəyini göstərdi. Bu klipdə fərqlənməyə çalışdıq. Klipin sadə olması ilə yanaşı, fərqli cəhəti odur ki, rəssam mənim portretimi çəkiliş meydançasında yaradıb. Yanılmıramsa, indiyədək heç bir bir milli klipdə bu ideyadan istifadə olunmayıb.
Və ümid edirəm ki, tamaşaçılar üçün həm maraqlı, həm də tipik Azərbaycan kliplərindən fərqli bir iş ərsəyə gətirə bilmişik”.
Sənətçi vurğulayıb ki, efirlərdə az görünməsinə baxmayaraq, dayanmadan yeni mahnılar üzərində çalışır, yaxın günlərdə sözləri və musiqisi Vüsalə Hikmətə aid olan “Xəbəri yox” mahnısını təqdim etməyi nəzərdə tutub.
Qeyd edək ki, “Sən rəssam” klipinin operatoru Yunis Əliyev, montajçısı isə Aleksandr Aleksdir.