Son günlər dünyaşöhrətli aktyor Ceki Çanın Azərbaycana səfəri sosial şəbəkələrdə və mediada ən çox müzakirə olunan mövzulardan birinə çevrilib.
Onun Bakıda görüntülənməsi qısa zamanda geniş maraq doğurub.
Xatırladaq ki, son beş ildə Formula 1 yarışları, UFC turnirləri, beynəlxalq forumlar və musiqi festivalları çərçivəsində Bakıya gələn bir sıra dünyaşöhrətli simalar da ölkə gündəmini zəbt edib.
AZXEBER.COM həmin məşhurları təqdim edir:
2023-cü il oktyabrın 22-də Türkiyənin tanınmış iş adamı, "Acun Medya”nın və "Hull Siti” klubunun sahibi Acun İlıcalı Bakıda səfərdə olub. O, "İnnovativ İnkişaf və Fürsətlər” mövzusunda keçirilən seminarda çıxış edib.
2024-cü il avqustun 5-də dünyaca məşhur müğənni Riki Martin "Sea Breeze Resort”da möhtəşəm konsert proqramı ilə çıxış edib. Dünya miqyasında 95 milyondan çox albomu satılan, iki "Qremmi” və beş "Latın Qremmi” mükafatı qazanan ifaçı, "Billboard Hot Latin Songs” siyahısında 11 birincilik əldə edib.
2024-cü il sentyabrın 13-də məşhur amerikalı aktyor, komediyaçı, prodüser, reper və bəstəkar Uill Smit "Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi” çərçivəsində Bakıda səhnəyə çıxıb.
2024-cü il noyabrın 13-də futbol üzrə Braziliya millisinin və İspaniyanın "Barselona” klubunun sabiq futbolçusu Ronaldinyo Azərbaycana gəlib. Onun Bakıda keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirakı nəzərdə tutulub.
2024-cü il dekabrın 11-də dünya futbolunun əfsanəsi Lionel Messi və komanda yoldaşları Bakıya gəliblər. ABŞ-nin "İnter Mayami” klubunun futbolçuları – Lionel Messi, Luis Suares, Serxio Buskets və Xordi Alba Bakı Kristal Zalında baş tutan görüşdə iştirak ediblər.
Həmin tarixdə eyni zamanda dünyaşöhrətli bəstəkar və müğənni Villi Uilyam (Willy William) da Bakıda olub. Villi Uilyam və məşhur "Morandi” qrupu dekabrın 11-də Bakı Kristal Zalında konsert proqramı ilə çıxış ediblər.
2025-ci ilin aprel ayında 47 milyon izləyicisi olan 19 yaşlı qazaxıstanlı bloqer Omar Əliyev (Omari Toom) Azərbaycana gəlib. TikTok ulduzu Bakı ilə bağlı maraqlı görüntülər paylaşıb. Tanınmış bloqer Dövlət Bayrağı Meydanına gedərək dünyanın ən hündür bayraqlarından birinə heyrətini gizlədə bilməyib. Bununla da kifayətlənməyən məşhur, Şövkət Ələkbərovanın ifasında səslənən "Dağlarda duman gözəldir” mahnısı ilə video paylaşıb.
Qeyd edək ki, o, bu ilin iyul ayında yenidən Azərbaycana gəlib.
2025-ci il iyulun 27-də dünyaca məşhur ulduz Castin Timberleyk Bakıya gəlib. Məşhur müğənni Bakı Olimpiya Stadionunda möhtəşəm konsert proqramı ilə səhnəyə çıxıb.
Fəridə Əsədzadə











































