Sosial şəbəkələrdə yeni dələduzluq tələsi meydana çıxıb - Diqqət

Sosial şəbəkələrdə yeni dələduzluq tələsi meydana çıxıb - Diqqət
SOSİAL
00:32 11.09.2026
78
Sosial şəbəkələrdə saxta fal baxımı ilə məşğul olan bir sıra səhifələrin dələduzluq etdiyi bildirilir. Belə hallarda şəxslərdən müraciət zamanı kart hesablarına pul köçürmələri tələb olunur, ödəniş edildikdən sonra isə həmin şəxslər bloklanır və onlarla əlaqə kəsilir.

Bu cür saxta fal səhifələri vasitəsilə insanların aldadılmasının qarşısını almaq üçün nələrə diqqət edilməlidir və belə hallarla üzləşən şəxslər hüquqi hansı addımları atmalıdır?

Vəkil Vüsalə Muradxanlı Demokrat.az-a açıqlamasında bildirib ki, sosial şəbəkələrdə müxtəlif adlar altında fəaliyyət göstərən "fal”, "enerji təmizlənməsi”, "münasibətlərin bərpası”, "gələcəyin müəyyən edilməsi” və digər oxşar xidmətlər təklif edən səhifələrə rast gəlirik:

"Problem isə o zaman hüquqi müstəviyə keçir ki, belə səhifələr müəyyən xidmət göstərəcəklərini vəd edərək şəxsdən pul alır, ödəniş həyata keçirildikdən sonra isə onu bloklayır və əlaqəni tamamilə kəsirlər.
Belə hallarda "mən özüm könüllü şəkildə pul köçürmüşəm” düşüncəsi insanları hüquq-mühafizə orqanlarına müraciət etməkdən çəkindirməməlidir. Çünki pulun könüllü şəkildə köçürülməsi öz-özlüyündə dələduzluq ehtimalını aradan qaldırmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinə əsasən, etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə dələduzluq hesab olunur. Burada əsas məsələ həmin şəxsin pulu aldığı anda real olaraq vəd etdiyi xidməti göstərmək niyyətinin olub-olmamasıdır. Əgər sosial şəbəkə hesabı əvvəlcədən insanları aldatmaq, onlardan müxtəlif bəhanələrlə pul almaq və bundan sonra əlaqəni kəsmək məqsədilə yaradılıbsa, belə hərəkətlərdə dələduzluq əlamətləri araşdırıla bilər. Məsələn, eyni səhifənin çoxsaylı şəxslərdən pul alması, hər dəfə eyni sxemdən istifadə etməsi, ödənişdən dərhal sonra şəxsləri bloklaması, saxta ad və fotoşəkillərdən istifadə etməsi, davamlı olaraq fərqli kart hesabları təqdim etməsi kimi hallar hüquqi qiymətləndirmə zamanı əhəmiyyət kəsb edə bilər. Ən böyük səhvlərdən biri belə səhifə tərəfindən bloklandıqdan sonra yazışmaları silməkdir. Əksinə, mümkün qədər çox elektron sübut qorunmalıdır. Səhifənin adı və istifadəçi adı, profilin linki, elan və paylaşımlar, xidmətlə bağlı verilmiş vədlər, bütün mesajlaşmalar, səsli mesajlar, telefon nömrələri, təqdim edilmiş bank kartının nömrəsi və kart sahibinin adı, ödəniş qəbzi, köçürmənin tarixi və məbləği, habelə bloklanma faktını göstərən məlumatlar saxlanılmalıdır.

Səhifə sonradan silinə və ya adı dəyişdirilə bildiyi üçün ekran görüntülərini mümkün qədər tez götürmək məqsədəuyğundur. Bundan sonra şəxs banka müraciət edərək əməliyyat barədə məlumat verməlidir. Əgər kart məlumatları, CVV/CVC kodu, birdəfəlik SMS kodu və ya mobil bankçılıq məlumatları qarşı tərəfə təqdim edilibsə, təhlükəsizlik tədbirlərinin görülməsi üçün bankla dərhal əlaqə saxlanılması xüsusilə vacibdir.

Eyni zamanda hüquq-mühafizə orqanlarına müraciət edilməli və toplanmış materiallar təqdim olunmalıdır. Müraciətdə sadəcə "məni aldatdılar” deməklə kifayətlənməmək, hadisənin ardıcıllığını konkret göstərmək daha məqsədəuyğundur: səhifəni harada gördünüz, sizə nə vəd edildi, hansı məbləği hansı karta köçürdünüz, ödənişdən sonra nə baş verdi və əlaqə hansı mərhələdə kəsildi”.

Vəkil əlavə edib ki, məbləğin az olması da müraciət etməmək üçün səbəb deyil:

"Ayrı-ayrı şəxslərdən nisbətən kiçik məbləğlərin eyni üsulla alınması halları birlikdə araşdırıldıqda sistemli fəaliyyətin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli ola bilər. Vətəndaşlar sosial şəbəkə üzərindən tanımadıqları şəxslərə ödəniş etməzdən əvvəl hesabın nə vaxt yaradıldığına, əvvəlki paylaşımlarına, şərhlərin real olub-olmamasına, xidmət göstərən şəxsin özünü identifikasiya edib-etməməsinə və ödəniş üçün təqdim olunan kartın kimə məxsus olmasına diqqət yetirməlidirlər. Xüsusilə "indi ödəməsəniz gec olacaq”, "sizin üzərinizdə təhlükə görürəm”, "təcili əlavə pul göndərməlisiniz” kimi ifadələrlə insanda qorxu və təlaş yaradılaraq ardıcıl ödəniş tələb olunması ciddi xəbərdarlıq siqnalı kimi qəbul edilməlidir. Bəzən ilkin olaraq kiçik məbləğ tələb olunur, daha sonra isə "əlavə ritual”, "problemin daha ciddi olduğu”, "prosesi yarımçıq saxlamağın təhlükəli olduğu” kimi bəhanələrlə yeni ödənişlər istənilir. Belə psixoloji təsir vasitələri insanın rasional qərar verməsinə mane ola bilər.
Həmçinin heç bir halda bank kartının CVV/CVC kodu, PIN-i, SMS vasitəsilə göndərilən birdəfəlik təsdiq kodu və mobil bankçılığa giriş məlumatları qarşı tərəfə verilməməlidir.

"Falın düz çıxmaması” ilə dələduzluğu fərqləndirmək lazımdır Hüquqi baxımdan burada mühüm bir fərq var. Şəxsin aldığı xidmətin nəticəsindən narazı qalması ilə əvvəlcədən aldatma niyyəti ilə pulunun ələ keçirilməsi eyni hüquqi vəziyyət deyil.

Sadəcə kimsənin proqnozunun, falının və ya vəd etdiyi nəticənin reallaşmaması avtomatik olaraq Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə dələduzluğun mövcudluğunu göstərmir. Dələduzluqdan danışmaq üçün konkret faktlar və şəxsin pul vəsaitini aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə ələ keçirməyə yönəlmiş niyyəti araşdırılmalıdır. Buna görə hər bir hadisəyə ayrıca hüquqi qiymət verilməlidir. Ancaq səhifənin ümumiyyətlə xidmət göstərməməsi, ödənişi alan kimi müştərini bloklaması, saxta şəxsiyyət və məlumatlardan istifadə etməsi və eyni sxemin müxtəlif şəxslərə qarşı təkrarlanması artıq məsələyə başqa hüquqi müstəvidən baxılmasını tələb edə bilər.

İnternetdə qarşımızdakı şəxsin kimliyini bilmədiyimiz halda yalnız sosial şəbəkə profilinin yaratdığı görüntüyə əsaslanaraq pul köçürmək ciddi risk daşıyır. Əgər artıq belə bir hadisə baş veribsə, utanmaq və ya ödənilən məbləğin az olduğunu düşünərək susmaq düzgün yanaşma deyil. Yazışmaları və ödəniş sənədlərini silmədən saxlayın, bankla əlaqə yaradın və hüquq-mühafizə orqanlarına müraciət edin.
Çünki bir şəxsin müraciət etmədiyi "kiçik məbləğli” hadisə başqa onlarla şəxsin də eyni üsulla aldadıldığı daha geniş dələduzluq sxeminin bir hissəsi ola bilər”.
OXŞAR XƏBƏRLƏR