Sosial şəbəkənin ‘dembil’lərinə – KÖŞƏ

Sosial şəbəkənin ‘dembil’lərinə – KÖŞƏ
Bütün Xəbərlər
00:26 11.01.2013
5561

Əfsələddin Ağalarov

Ötən gün Azərbaycan ictimaiyyətinin böyük etirazına səbəb olan hadisə baş verdi. Yəqin ki, bilirsiniz, bu hadisə Ceyhun adlı bir gənc əsgərin ölümü ilə bağlı idi. Ailənin tək övladı olan Ceyhunun ölümü digər şəhidlərdən tam fərqli oldu. Onun ölümünə səbəb nə düşmənin atdığı güllə, nə də ki ürək çatışmazlığı idi. Buna səbəb hansısa “dembil”in bir şilləsi də deyildi. Buna səbəb bizim və bizdən əvvəlki nəslin yaratdığı “kişilik” məktəbinin “qayda-qanun”ları oldu. Hərbi xidmətdə olanların əksəriyyətinin dilindən bu sözləri çox eşitmişəm. Onlar da deyirlər ki, gərək əsgərliyi görəsən. Çünki ora başqa dünyadı. Hətta bəziləri bu “kişilik” məktəbində “dembil”lərə haqq qazandırıb. Guya, onlar öz “vorovskoy” söhbətləri ilə ədalət paylayıcısı funksiyasını yerinə yetirirlər. Elə bu yaxınlarda əsgərlikdən məzuniyyətə gələn dostumun mənə danışdığı söhbət yadıma düşdü. Onun sözlərinə görə, gərək su içməyə gedəndə də, təbii ehtiyacları ödəmək istəyi yarananda da “dembil” qardaşlardan icazə almalısan. Çünki başqa yolun yoxdu. Əgər axşam qaranlıq bir otaqda üzünü görmədiyin bir neçə nəfər tərəfindən döyülmək istəmirsənsə, bunu etməlisən. Bunların hamısını siz də mənim kimi gözəl bilirsiniz. Amma məsələ bunları bilmək və görmək deyil. Mənə nə deyirsiniz, deyin. Heç bir şübhəm yoxdur ki, Ceyhunun qatilləri layiqli cəzalarını alacaqlar. Bunun üçün artıq cinayət işi qaldırılıb və Prezident Administrasiyasının şöbə müdiri səviyyəsində məsələyə münasibət bildirilib. Ancaq keçmişdə Ramili qatil adlandıran, Mübarizə “barbar türk” deyən, erməni mətbuatına həftədə bir köşə göndərənlər yenə ortalığı qatmağa hazırlaşır. Deyim, bilin... Onlar üçün vətən, şəhid, əsgər heç bir məna daşımır. Azərbaycanı Suriyaya bənzədənlərin istəyi aksiyada özlərini polisin ayağına atıb maraqlı şəkil çəkdirməkdir. Elə bilməyin ki, bu şəkillər onlar üçün sadəcə PR xarekter daşıyır. Xeyr, onların istəyi Avropanın hasısa bir ölkəsinə çox rahatlıqla siyasi mühacir kimi getməkdir. Hətta bu şəxslər şəhidin adının millət vəkilinin adı ilə eyni olmasını da özləri üçün istifadə edirlər. Bir başqa deyimlə, özlərini sosial şəbəkələrin “dembil”ləri kimi göstərməyə can atırlar. Hərbi hissədə olanlar sadə əsgərlərə “ədalət” paylayır, bunlar isə sosial şəbəkələrdə. Gəlin etiraf edək ki, bu şəxslər Azərbaycan hakimiyyətinə qarşı yox, Azərbaycan dövlətinə və millətinə qarşı müxalifdirlər. Əks təqdirdə bu hadisənin erməni mətbuatında çıxmasına bu qədər sevinməz və gəncləri provakasiyaya çəkməzdilər.

OXŞAR XƏBƏRLƏR