Sakitləşdirici fortepiano melodiyaları stresdən sonra orqanizmin bərpasına yağış, çay və şəlalə səslərindən daha tez kömək edə bilər. Bu musiqi əhvali-ruhiyyəni yaxşılaşdırır, ürək döyüntülərinin tezliyini və tərləməni azaldır, həmçinin eşitmə və orqanizmin vəziyyətinin tənzimlənməsində iştirak edən beyin şəbəkələri arasındakı əlaqələrə müsbət təsir göstərir. Çin Elmlər Akademiyasının Psixologiya İnstitutunun tədqiqatçıları bu qənaətə gəliblər.
Tədqiqatın nəticələri "Proceedings of the National Academy of Sciences" jurnalında dərc olunub.
Araşdırmada 120 gənc iştirak edib. İlk mərhələdə könüllülər vaxt məhdudiyyəti şəraitində mürəkkəb riyazi tapşırıqları yerinə yetiriblər. Hər suala cavab vermək üçün cəmi üç saniyə vaxt ayrılıb. Vaxtı gecikdirdikdə və ya səhv cavab verdikdə iştirakçılara dərhal xəbərdarlıq edilib.
Sınaqdan sonra iştirakçılara ya fortepiano musiqisi, ya da su səsləri dinlədilib. Alimlər onların əhvali-ruhiyyəsini, ürək döyüntülərinin tezliyini, tərləmə səviyyəsini və stres hormonu olan kortizolun miqdarını ölçüblər.
Nəticələr göstərib ki, gərgin tapşırıqdan sonra fortepiano musiqisi dinləyən iştirakçılar su səslərini dinləyənlərlə müqayisədə daha tez özlərinə gəliblər. Musiqi dinləyənlərin əhvali-ruhiyyəsi daha çox yaxşılaşıb, nəbz və tərləmə göstəriciləri isə daha sürətlə azalıb. Bununla belə, sınaqdan əvvəl musiqi dinləmək sonradan yaranan stres reaksiyasını zəiflətməyib.
Tədqiqatçılar hesab edirlər ki, musiqi insanı sadəcə xoşagəlməz hisslərdən yayındırmır. Gərginlik və rahatlama mərhələlərinin növbələşdiyi, proqnozlaşdırıla bilən musiqi quruluşu beynin səsin qavranılmasına və orqanizmin stresə reaksiyasına cavabdeh olan sistemləri arasındakı əlaqələrin yenidən qurulmasına kömək edə bilər.
Bununla belə, araşdırmanın yalnız sağlam gənclər arasında aparıldığı vurğulanır. Eyni təsirlərin depressiya və ya təşviş pozuntusu olan insanlarda da müşahidə edilib-edilməyəcəyi hələlik məlum deyil.
///oxu.az///










































