“Sülh keçmişdə törədilənləri unutmaq demək deyil” – Politoloqdan AÇIQLAMA

“Sülh keçmişdə törədilənləri unutmaq demək deyil” – Politoloqdan AÇIQLAMA
SİYASƏT
14:56 15.10.2026
247

 

Prezident İlham Əliyev Ermənistanın əvvəlki rəhbərliyinin Azərbaycana vurduğu zərərə görə indiyədək lazımi cəzanı almadığını bildirib.

Dövlət başçısı bu fikirləri Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Toplantısında çıxışı zamanı səsləndirib. O, işğal dövründə beynəlxalq qurumların Azərbaycana dəstək göstərmədiyini, əksinə, Ermənistana yardım edildiyini vurğulayıb.

Prezidentin açıqlaması Ermənistanın keçmiş rəhbərliyinin əməllərinə görə məsuliyyət, beynəlxalq hüququn tətbiqi və münaqişə dövründə beynəlxalq ictimaiyyətin mövqeyi məsələlərini yenidən gündəmə gətirib.

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan politoloq Tural İsmayılov bildirib ki, Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər tarixi ədalətin təmin olunması və siyasi məsuliyyət məsələlərinin əhəmiyyətini bir daha ortaya qoyur:

"Prezident İlham Əliyevin AQEM-in VII Zirvə Toplantısında Ermənistanın əvvəlki rəhbərliyinin Azərbaycana vurduğu zərərə görə lazımi cəzanı almadığına dair fikirləri beynəlxalq hüquq, tarixi ədalət və siyasi məsuliyyət məsələlərinin aktuallığını bir daha nümayiş etdirir. Azərbaycan uzun illər işğalın ağır nəticələri ilə üzləşib, şəhər və kəndlərimiz dağıdılıb, tarixi-mədəni irsimizə ciddi ziyan vurulub, yüz minlərlə insan doğma yurdlarından didərgin düşüb. Belə bir şəraitdə məsuliyyət məsələsini gündəmə gətirmək dövlətimizin prinsipial mövqeyinin və ədalətə əsaslanan siyasi yanaşmasının göstəricisidir”.

Politoloqun sözlərinə görə, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü bərpa etməsi ölkənin beynəlxalq mövqeyini gücləndirən əsas amillərdəndir:

"Azərbaycanın mövqeyini gücləndirən başlıca amillərdən biri suverenliyinin və ərazi bütövlüyünün bərpası, milli maraqlarının qətiyyətlə müdafiəsi və regionda yeni siyasi reallıqlar yaratmasıdır. Ölkəmiz uzun illər ərzində hərbi, diplomatik və siyasi imkanlarını səfərbər edərək işğala son qoyub. Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, Böyük Qayıdış proqramı və azad edilmiş ərazilərdə yeni həyatın qurulması Azərbaycanın gücünü, dövlətçilik iradəsini və gələcəyə hesablanmış strategiyasını nümayiş etdirir. Dağıdılmış şəhərlərin yenidən qurulması, doğma yurdlarına qayıdan insanların məskunlaşması Azərbaycanın tarixi torpaqlarında həyatın bərpasına yönəlmiş ardıcıl siyasətinin real nəticələridir”.
 
 

Tural İsmayılov hesab edir ki, sülhün əldə olunması keçmişdə baş verənlərə görə məsuliyyət məsələsinin arxa plana keçirilməsi demək deyil:

"Burada vacib məqam ondan ibarətdir ki, sülhün əldə olunması keçmişdə baş verənlərin unudulması demək deyil. Davamlı sülh beynəlxalq hüquqa hörmət, qarşılıqlı öhdəliklər və törədilmiş əməllərə görə məsuliyyət prinsipi üzərində qurulmalıdır. Əks halda, məsuliyyətsizlik gələcəkdə oxşar hadisələrin təkrarlanmasına zəmin yarada bilər. Azərbaycanın mövqeyi bu baxımdan aydındır: regionda sülhün möhkəmlənməsi üçün tarixi həqiqətlər qəbul edilməli, hüquqi məsələlərə obyektiv yanaşılmalı və dövlətlərin suverenliyinə hörmət göstərilməlidir”.

Politoloq Prezident İlham Əliyevin çıxışının Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolu baxımından da əhəmiyyət daşıdığını vurğulayıb:

"Prezident İlham Əliyevin çıxışının siyasi əhəmiyyəti Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan çəkisi ilə də bağlıdır. Ölkəmiz bu gün regionun siyasi və iqtisadi gündəliyinin formalaşmasında mühüm rol oynayır, beynəlxalq platformalarda öz mövqeyini inamla müdafiə edir və milli maraqlarını müstəqil şəkildə müəyyənləşdirir. Azərbaycanın yaratdığı yeni reallıqlar göstərir ki, dövlətimizin iradəsini və regiondakı aparıcı mövqeyini nəzərə almadan Cənubi Qafqazın gələcəyini müəyyənləşdirmək mümkün deyil”.

T. İsmayılovun fikrincə, tarixi ədalətin təmin olunması ilə gələcəyə hesablanmış sülh siyasəti bir-birinə zidd deyil:

"Hesab edirəm ki, tarixi ədalətin təmin olunması ilə gələcəyə yönəlmiş sülh siyasəti arasında ziddiyyət yoxdur. Əksinə, möhkəm sülh keçmişin nəticələrinə obyektiv yanaşmağı, məsuliyyət prinsipinə hörmət etməyi və gələcək münasibətləri qarşılıqlı etimad əsasında qurmağı tələb edir. Azərbaycan öz nümunəsi ilə göstərir ki, milli maraqları qətiyyətlə müdafiə etmək, dövlət suverenliyini qorumaq və regionda sülh gündəliyinə töhfə vermək mümkündür. Bu gün qarşıda duran əsas vəzifə əldə edilmiş tarixi nailiyyətləri möhkəmləndirmək, azad edilmiş ərazilərin inkişafını sürətləndirmək və Cənubi Qafqazda Azərbaycanın milli maraqlarına uyğun dayanıqlı sülhün təmin olunmasına nail olmaqdır”.

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR