Sülh müqaviləsindən Naxçıvanla bağlı maddə niyə çıxarıldı? - ŞƏRH

Sülh müqaviləsindən Naxçıvanla bağlı maddə niyə çıxarıldı? - ŞƏRH
SİYASƏT
14:36 09.08.2024
2463
Xəbər verdiyimiz kimi, rəsmi Bakı və İrəvan Naxçıvanı birləşdirən marşrut da daxil olmaqla nəqliyyat kommunikasiyalarına dair maddənin sülh müqaviləsindən çıxarılması barədə razılığa gəlib.
 
Bunu Ermənistan XİN-in sözçüsü Ani Badalyan deyib.
 
Bəs, qeyd edilən maddənin sülh müqaviləsindən xaric edilməsini zəruri edən amillər hansılardır?
 
Mövzuyla bağlı Milli Məclisin deputatı Naqif Həmzəyev AZXEBER.COM-a açıqlama verib.

 

Deputat bildirib ki, Ermənistan indiyədək hər dəfə müəyyən bəhanələr irəli sürüb, təxribatlar törədərək sülhün bərqərar olmasına əngəl yaradıb:
 
"Bildiyiniz kimi, Azərbaycan sülhün əldə olunması üçün bütün mümkün alətləri işə salıb. Ötən müddət ərzində sülh danışıqları müxtəlif platformalarda, bəzi dövlətlərin moderatorluğunda keçirilib. Hər dəfə Ermənistan müəyyən bəhanələr irəli sürüb, təxribatlar törədib. Nəticə etibarilə, sülhün əldə olunması çox təəssüflər olsun ki, bu müddət ərzində mümkün olmayıb. Lakin 2024-cü ilin əvvəllərindən başlayaraq Ermənistan və Azərbaycan arasında heç bir vasitəçi olmadan aparılan danışıqlar müəyyən dərəcədə müsbət nəticələr verməyə başladı. Hətta biz Azərbaycan və Ermənistan sərhədlərində delimitasiya və demarkasiya prosesinin də mümkün dərəcədə həyata keçirilməsinə nail ola bildik. Artıq bununla yanaşı, işğal altında olan Azərbaycan kəndləri də ölkəmizə təhvil verildi. Hazırda bu proseslərin növbəti mərhələsi üçün xüsusi komissiyalar işləyir. Bilirsiniz ki, biz tez-tez sülh mətni üzərində düzəlişlər edildiyini və qarşılıqlı olaraq bu yeni mətnlərin əvvəlcə Azərbaycandan Ermənistana, daha sonra isə Ermənistandan Azərbaycana bu prosesin icra edildiyini bilirik.
 
Onu da bilirsiniz ki, bundan öncə də açıqlamalar olmuşdu ki, sülh danışıqları zamanı sülh mətninin müəyyən hissəsi artıq razılaşdırılıb və burada ən çox mübahisə doğuran məqamlardan biri təbii olaraq Azərbaycan ərazisiylə - yəni Zəngilanla Naxçıvanı birləşdirən dəhlizin və kommunikasiyaların yaradılması məsələsi idi. Ermənistanın öz layihəsi və yanaşması ola bilər, amma əsas məsələ Azərbaycanın bu məsələdə öz istək və maraqlarıdır. Bu baxımdan, ən mübahisə doğuran mövzulardan biri də məhz kommunikasiyaların açılması və işləməsi idi. Biz dünən həm Azərbaycan, həm də Ermənistan tərəfindən rəsmi olaraq sülh danışıqlarından, mətnindən bu kommunikasiyalarla bağlı məsələnin maddəsinin çıxarılmasını öyrəndik. Bu o deməkdir ki, sülhün əldə olunması və sülh müqaviləsinin imzalanması üçün belə bir addım atılmalıdır. Lakin bu o demək deyil ki, sözügedən kommunikasiyaların açılması fəaliyyəti ilə bağlı heç bir razılaşma olmayacaq".
 
Millət vəkili qeyd edib ki, rəsmi Bakının və İrəvanın bu cür addım atması sülh müqaviləsinin imzalanmasını sürətləndirəcək:
 
"Bu proses tamamilə ayrı həyata keçiriləcək. Çünki biz sərhədlərin delimitasiya və demarkasiya məsələlərində bunun şahidi olduq. Az mübahisə doğuran və həqiqətən də sürətli həlli mümkün olan məsələlər önə çəkildi. Biz Qazaxın kəndlərinin qeyri-şərtsiz geri-qaytarılmasının şahidi olduq. İndi isə növbəti mərhələ üçün müzakirələr aparılır. Xüsusi əsasnamə hazırlanır. Bu baxımdan da delimitasiya və demarkasiya çox uzun bir prosesdir. Hətta bəzi dövlətlər var ki, bu gün belə öz qonşularıyla bu prosesləri yekunlaşdıra bilmirlər. Buradan belə qənaətə gəlmək olar ki, sülh anlaşması imzalanacaqdır və bu çərçivə sazişi olduqdan sonra delimitasiya və demarkasiya məsələləri mərhələli şəkildə həyata keçiriləcək, eyni zamanda Naxçıvan və Zəngəzuru birləşdirən dəhlizin, o cümlədən dəhliz dediyimiz heç bir maneə olmayan Azərbaycanın qərb bölgəsiylə Naxçıvanı birləşdirən quru yolu - dəmir yolu xəttindən həmçinin enerji resurslarının daşınmasından söhbət gedir.
 
Burada qalır digər bir məsələ, hansı ki, Ermənistanın Azərbaycan və Türkiyəyə ərazi iddialarının aradan qaldırılması... Bununla əlaqədar Ermənistan ən qısa zamanda referendum etməlidir, öz konstitusiyasına dəyişikliklər edərək Azərbaycan və Türkiyəyə ərazi iddialarını tamamilə sıfırlamalıdır ki, biz digər mərhələlərdə əmin olaq ki, Ermənistanın bu cür niyyətləri yoxdur. Düşünürəm ki, yaxın günlərdə sülh prosesiylə bağlı digər məsələlərə aydınlıq gətiriləcəkdir".
 
Məsələyə münasibət bildirən "Ağ Partiya" sədrinin müavini, siyasi şərhçi Cavanşir Abbaslı AZXEBER.COM-a açıqlamasında deyib ki, rəsmi Bakı doğru addım atır və sülh müqaviləsi istiqamətində Azərbaycan diktə edən tərəfdir:

 

"Rəsmi Bakı ən doğru addımı atır. Ümumiyyətlə, sülh müqaviləsi istiqamətində Azərbaycan diktə edən tərəfdir. Bu da təbiidir. Çünki Vətən müharibəsi kimi savaşda parlaq qələbə qazanan tərəfik. Düşünürəm ki, son bu addımı zəruri edən bir amil də yoxdur. Fikir verirsinizsə, İrəvan regional kommunikasiyalara dair maddənin qarşılıqlı razılaşma əsasında sülh müqaviləsi layihəsindən çıxarıldığı barədə rəsmi Bakının bəyanatını təsdiqləyib. Yəni Azərbaycan tərəfi bu addımı atıb. Biz əvvəldən Naxçıvana dəhlizin olmasında israr edirdik. Erməni tərəf də buna sona qədər qarşı çıxmağa çalışırdı. İndi isə elə bir situasiya yaranıb ki, Azərbaycan bu bəyanatı irəli sürüb. Sülh müqaviləsi yolunda aparılan siyasət Azərbaycanın birbaşa milli və dövlət maraqlarına uyğun aparılır. Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman şəhidlərimizin hesabına II Qarabağ savaşındakı parlaq qələbəmizi diplomatik masaya yatırtmaqdayıq. Bunu da bu yolda atılan addımların davamı kimi qəbul etməliyik. Bu maddənin sülh müqaviləsindən çıxarılması bizim də maraqlarımıza tam uyğundur. Qərb dairələri sülh müqaviləsinin tezliklə imzalanması üçün Azərbaycana müəyyən təzyiqlər də edirdilər, eybi zamanda, Zəngəzur dəhlizini bizimki kimi qəbul etmirdilər. Rəsmi Bakı doğru siyasətinin sonunu bu istiqamətdə gətirərək, buna nail oldu. 
Biz də tezliklə sülh müqaviləsinin əldə olunmasının tərəfdarıyıq. Amma burada məcburiyyət də hiss etmirik. Düşünüb, qərar verməli, Azərbaycanın şərtlərini qəbul etməli tərəf Ermənistandır. Bunu da tezliklə qəbul etməyə məcburdur. Necə ki, bizim bəyanatı təsdiqlədilər”.
 
Mikayıl Mirzəzadə
 
Yazı Medianın İnkişafı Agentliyinin "Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük "Vətən Müharibəsi"ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfiindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması" mövzusunda dərc olunub.

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İran HDQ: Son sutka ərzində Hörmüzdə marşrut qaydalarını pozan 5 tanker yanıb
20:48 05.11.2026
İran HDQ: Son sutka ərzində Hörmüzdə marşrut qaydalarını pozan 5 tanker yanıb
Putin Kremldə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
20:43 05.11.2026
Putin Kremldə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
Bu gün Avropada bomba təhdidləri səbəbindən azı 11 aviareys istiqamətini dəyişib
20:39 05.11.2026
Bu gün Avropada bomba təhdidləri səbəbindən azı 11 aviareys istiqamətini dəyişib
Rusiya və İran Rəşt - Astara dəmir yolunun tikintisi üzrə sənədlər paketi imzalayıb
20:32 05.11.2026
Rusiya və İran Rəşt - Astara dəmir yolunun tikintisi üzrə sənədlər paketi imzalayıb
Türkiyədə dəhşət: Üç avtomobildə silahla vurulmuş doqquz nəfərin meyiti tapıldı - Foto
20:25 05.11.2026
Türkiyədə dəhşət: Üç avtomobildə silahla vurulmuş doqquz nəfərin meyiti tapıldı - Foto
İsrailin ən böyük ərəb bloku hökumətin qurulmasını Ayzenkota həvalə etməyi təklif edib
20:19 05.11.2026
İsrailin ən böyük ərəb bloku hökumətin qurulmasını Ayzenkota həvalə etməyi təklif edib
DGK qeyri-iş günlərində malların rəsmiləşdirilməsini təmin edəcək
20:14 05.11.2026
DGK qeyri-iş günlərində malların rəsmiləşdirilməsini təmin edəcək
Azərbaycan Cibuti və Qvineya-Bisau ilə sosial müdafiə sahəsində əməkdaşlığı müzakirə edib
20:10 05.11.2026
Azərbaycan Cibuti və Qvineya-Bisau ilə sosial müdafiə sahəsində əməkdaşlığı müzakirə edib
Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
20:03 05.11.2026
Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
Sahibə Qafarova Qazaxıstana səfər edib
20:00 05.11.2026
Sahibə Qafarova Qazaxıstana səfər edib
İran Ermənistana xəbərdarlıq edib
19:48 05.11.2026
İran Ermənistana xəbərdarlıq edib
Kodzo Taşima FIFA prezidenti postuna namizədliyini irəli sürüb
19:33 05.11.2026
Kodzo Taşima FIFA prezidenti postuna namizədliyini irəli sürüb
Fransada tələbələr və həmkarlar ittifaqları etiraz edir
19:11 05.11.2026
Fransada tələbələr və həmkarlar ittifaqları etiraz edir
Albaniyada etirazlar zamanı hüquqpozmalara görə 80-dən çox şəxs cərimələnib
18:56 05.11.2026
Albaniyada etirazlar zamanı hüquqpozmalara görə 80-dən çox şəxs cərimələnib
Təhlükəsizlik səbəbindən üç təyyarə Bolqarıstan aeroportlarına enib
18:34 05.11.2026
Təhlükəsizlik səbəbindən üç təyyarə Bolqarıstan aeroportlarına enib
Ağıllı saatlara görə aksiz vergisi alınacaq
18:22 05.11.2026
Ağıllı saatlara görə aksiz vergisi alınacaq