Sülh sazişinin açarı Ermənistan Konstitusiyasındadır – Ekspertlərdən açıqlama

Sülh sazişinin açarı Ermənistan Konstitusiyasındadır – Ekspertlərdən açıqlama
MEDIA
13:32 05.08.2026
228
Azərbaycan ilə Ermənistan arasında atəşkəs rejimi olsa da, tərəflər arasında yekun sülh sazişi hələ də imzalanmayıb. Rəsmi Bakı uzunmüddətli və davamlı sülhün təmin olunması üçün Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını özündə əks etdirən müddəaların ləğv edilməsini əsas şərtlərdən biri kimi irəli sürür. Son dövrlər bu məsələ müxtəlif beynəlxalq platformalarda və rəsmi çıxışlarda dəfələrlə gündəmə gətirilib, həmçinin Ermənistanın yeni Konstitusiyasının referendum yolu ilə qəbul ediləcəyi ilə bağlı müzakirələr aparılır.

Mövzu ilə bağlı növbəti açıqlama Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevdən gəlib. O, Türkiyənin "Haber Global” televiziya kanalına müsahibəsində bildirib ki, Ermənistan Konstitusiyasında həm Azərbaycana, həm də Türkiyəyə qarşı ərazi iddialarını nəzərdə tutan müddəalar çıxarılmalıdır. Hikmət Hacıyevin sözlərinə görə, əldə olunan siqnallar Ermənistanda yeni Konstitusiyanın qəbulu prosesinə başlanacağını göstərir və məhz bu ərazi iddiaları əsas qanundan çıxarıldıqdan sonra Azərbaycanın yekun sülh sazişinin imzalanması üçün hər hansı maneə görməyəcəyini vurğulayıb.

Prezidentin köməkçisi qeyd edib ki, hazırda bölgədə faktiki olaraq sülh şəraiti mövcuddur və hüquqi baxımdan bu prosesin tamamlanması üçün Ermənistanın Konstitusiyasında dəyişiklik edilməsi vacibdir. O, eyni zamanda, Türkiyə ilə Azərbaycan arasında strateji müttəfiqlik və qardaşlıq münasibətlərinə toxunaraq bildirib ki, "Türkiyənin olmadığı masada Azərbaycan, Azərbaycanın olmadığı masada isə Türkiyə var” və hər iki ölkə ortaq maraqlarına qarşı yönələn addımlara bundan sonra da birlikdə və qətiyyətlə cavab verməyə davam edəcək.

ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə AZXEBER.COM-a açıqlamasında bildirib ki, Azərbaycanın mövqeyi haqlı olaraq çox məntiqlidir:

"Azərbaycanın mövqeyi haqlı olaraq çox məntiqlidir. Çünki biz sülh müqaviləsini təkcə Baş nazir, ölkə başçısı yaxud hökumət rəhbəri ilə imzalamırıq. Biz sülhü Ermənistan dövləti və xalqı ilə imzalayırıq. Ona görə də burada referendum mütləq olmalıdır. Referendum vasitəsilə Ermənistan xalqının, millətinin mövqeyi ortaya qoyulmalıdır. Əgər söhbət dayanıqlı sülhdən, xalqların barışmasından gedirsə, burada xalq öz sözünü deməlidir”.


O qeyd edib ki, Paşinyanın parlament seçkilərində qələbə qazanması müəyyən mənada xalqın sülh siyasətini dəstəklədiyi anlamına gəlir:

"Paşinyanın parlament seçkilərində qələbə qazanması müəyyən mənada xalqın böyük hissəsinin sülh siyasətini dəstəklədiyi anlamına gəlir. Lakin sülh təkcə parlament seçkilərindən ibarət deyil. Burada konkret olaraq Konstitusiyanın mətnindən, oradakı ərazi iddialarından söhbət gedir və xalq buna öz münasibətini bildirməlidir. Ancaq bundan sonra uzunmüddətli sülhdən söhbət gedə bilər”.

Siyasi şərhçi Aydın Tağıyev AZXEBER.COM-a açıqlamasında bildirib ki, Ermənistan Konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının mövcudluğu, sülh müqaviləsinin imzalanmasına maneə yaradır: 

 

"Burada Hikmət Hacıyevin açıqlaması əslində sülh prosesinin konstitusion əsaslara bağlanması zərurətini vurğulayır. Ermənistan Konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının mövcudluğu, hüquqi baxımdan sülh müqaviləsinin imzalanmasına maneə yaradan ən ciddi faktorlardan biridir.
Fikrimcə Ermənistanın Konstitusiyasında bu iddialar qalarsa, imzalanacaq hər hansı sülh sənədi hüquqi baxımdan ziddiyyətli olacaq. Bu isə gələcəkdə müqavilənin legitimliyini sual altına sala bilər”.

O qeyd edib ki, ölkəmizin mövqeyi sülhün yalnız real hüquqi zəmin üzərində olmasıdır: 

"Ölkəmizin mövqeyi açıq şəkildə budur ki, sülh yalnız real hüquqi zəmin üzərində mümkündür. Yəni, Ermənistan öz Konstitusiyasını dəyişmədən sülhün tam təminatı olmayacaq.
Ermənistan Konstitusiyasındakı iddiaların çıxarılması sülhün tam açarıdır. Bu addım atılmasa, sülh prosesi kağız üzərində qala bilər. Əgər atılsa, ilin sonuna qədər tam müqavilə olmasa da, ən azı sülhün siyasi çərçivəsi formalaşa bilməsi mümkün ola bilər”. 

Yazı Medianın İnkişafı Agentliyinin "ictimai və dövlət maraqlarının müdafiəsi” mövzusunda dərc edilib. 

Şahanə Ziyad
 

 


OXŞAR XƏBƏRLƏR