"Ermənistan yeni Konstitusiyanın qəbul edilməsinin Azərbaycanla sülhün bərqərar olması üçün kifayət edib-etməyəcəyini və sülh sazişinin imzalanmasının bütün mübahisəli məsələlərin birdəfəlik həlli demək olub-olmayacağını aydınlaşdırmaq niyyətindədir".
Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı danışıb.
"Ermənistan yeni Konstitusiyanı qəbul etdikdən sonra Azərbaycanla sülh sazişi imzalanacaqmı? Sazişin imzalanmasının özü Ermənistanla Azərbaycan arasında münasibətlərdə heç bir münaqişəli gündəmin qalmayacağı hərtərəfli sülhün qurulması demək olacaqmı?” - deyə Paşinyan suallar səsləndirib.
Onun sözlərinə görə, yaxın vaxtlarda İrəvanın səyləri məhz bu suallara cavab almağa yönələcək.
Mövzu ilə bağlı AZXEBER.COM-a açıqlamasında politoloq Şəbnəm Həsənova bildirib ki, sülh beyinlərdə, təfəkkürdə olmalıdır:

"Yəni, dövlət başçımızın da bildirdiyi kimi Ermənistan cəmiyyəti birinci olaraq zəhərli ideologiyadan təmizlənməlidir. Bu, sadə bir kağız parçası olmaqdan çıxıb praktiki müstəviyə keçməlidir. Məsələnin hüquqi mahiyyəti bəllidir. Ermənistanın Konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinad var. Azərbaycan bununla əlaqədar olaraq Konstitusiyanın dəyişdirilməsini tələb edir. 2025-ci ilin avqustun 8-də Vaşinqtonda paraflanmış sülh sazişinin ikinci maddəsi də məhz bir-birinə qarşı ərazi iddialarının olmadığı və gələcəkdə də belə iddiaların irəli sürülməyəcəyinə təsdiqlə bağlıdır. Konstitusiya məsələsi sülh sazişinin imzalanması üçün mövcud olan siyasi-hüquqi maneələrdən birini aradan qaldıracaq. Lakin bu öz-özlüyündə bütün prosesin başa çatması anlamına gəlmir. Paşinyanın özünün də bununla bağlı fərqli açıqlamaları mövcuddur. Məsələn, 2026-cı il açıqlamasında o bildirirdi ki, sülh müqaviləsi 2027-2028-ci illərdə imzalana bilər. İndi isə yeni konstitusiya ilə sülh sazişinin imzalanması arasında əlaqənin nə dərəcədə təminatlı olduğu sualı ətrafında düşünür. Birincisi bu ondan xəbər verir ki, Paşinyan bu məsələdə tək və müstəqil qərar qəbul etmə funksiyasına malik deyil. İkincisi, Paşinyan sülh prosesinin məsuliyyətini yalnız mövcud hakimiyyət üzərində saxlamır. Məsuliyyətə siyasi qüvvələri, cəmiyyəti də daxil edir. Digər etmək istədiyi məsələ isə konstitusiya dəyişikliyini sülh gündəliyi ilə əlaqələndirərək mümkün referenduma siyasi legitimlik qazandırmağa çalışır”.
Politoloq əlavə edib ki, digər bir mühüm məsələ Paşinyan bu amilə də manipulyasiya donu geyindirir:
"Yəni, Azərbaycanla sülh sazişinin imzalanması perspektivini daxili mübarizə arqumentinə çevirir. Paraflanmış sazişin özündə də sonrakı mərhələlər üçün nəzərdə tutulan məsələlər mövcuddur. Məsələn, sazişin altıncı maddəsi sərhədlərin delimitasiyası və demarkasiyasının davam etdirilməsini nəzərdə tutur. Beşinci maddə diplomatik münasibətlərlə bağlıdır. 14-15-ci maddələr hüquqi mübahisələrlə bağlı müəyyənləşdirilib. Təhlükəsizlik etimad quruculuğu tədbirləri ilə paralel nəzərə tutulur. Nəqliyyat və kommunikasiyalar isə onuncu maddədə öz əksini tapıb. Digər bir mühüm amil isə qarşılıqlı etimad, humanitar məsələlər, ictimai rəydir. Bəllidir ki, bu məsələlərin həlli də daha uzunmüddətli prosesin tərkib hissəsidir. Sülh sazişinin imzalanmasıyla bağlı Ermənistanın indiki Konstitusiyasına əsasən də maneələr mövcuddur. Çünki layihənin referenduma çıxarılması üçün deputatların azı üçdə ikisinin dəstəyi olmalıdır. Hakim Vətəndaş Müqaviləsi partiyası bu konstitusiya çoxluğuna malik deyil. Yəni, müxalif deputatların da dəstəyinə ehtiyac var. Müxalifətin mövqeyi də bununla bağlı ondan ibarətdir ki, buna razılıq vermək Azərbaycandan gələn digər tələblərin önünü açacaq”.
Müsahibimizin sözlərinə görə, Ermənistan cəmiyyətində konstitusiya məsələsi yalnız hüquqi və siyasi müzakirə predmeti deyil:
"Bu, milli kimlik, Qarabağ məsələsi ilə münasibət, dövlətçilik və təhlükəsizlik anlayışı ilə bağlıdır. Bu açıqlama ilə Paşinyan müxalifət üzərində ictimai-siyasi təzyiq yaratmaq məsələsini də gündəmə gətirir. Sülh yalnız sənədin imzalanmasıyla təmin edilmir. Burada qarşılıqlı öhdəliklərin yerinə yetirilməsi, ərazi bütövlüyünə hörmət, yanlış ideologiyadan əl çəkmək vacibdir. Bu məsələlərlə bağlı bundan sonra nümayiş etdirilən mövqe də önəmlidir. Ən əsası sülh daxili siyasi mübarizə predmetindən çıxanda daha aydın xarakter alacaqsa, yanlış ideologiyadan imtina ilə daha dayanıqlı hal alacaq”.
Aynur Babazadə











































