Fevralın 2-də səhər saatlarından başlayaraq Sumqayıt şəhərinin bütün ərazisində, eləcə də Xırdalan, Qobustan, Xızı, Şamaxı ərazi vahidlərində və Abşeron rayonunun bir hissəsində işıqlar sönüb. Bu barədə sakinlər məlumat veriblər. Onlar işıqsız qalmalarının soyuq havada müəyyən fəsadlara yol aça biləcəklərindən narahatlıqlarını dilə gətiriblər. “Sumqayıt Yüksək Gərginlikli Elektrik Şəbəkəsi” MMC-nin növbətçi hissəsindən xəbəri təsdiqləyiblər. İdarənin adını açıqlamayan əməkdaşı Lent.az-a açıqlamasında bildirib ki, buna pis hava şəraiti ilə əlaqədar yüksək gərginlikli elektrik xətlərindəki qısaqapanmalar səbəb olub. Onun sözlərinə görə, artıq elektrik xətlərindəki problemlər artıq bərpa olunmaqdadır. Tədricən bütün əraziyə işıq verilişi təmin ediləcək. Lakin hələ də Sumqayıtkənarı ərazilər işıqsızdır.