xari

"Sumqayıt"ın baş məşqçisi: "Arxayınlıq bizə baha başa gələ bilər"

İDMAN
18:41 25.02.2021
332
"Qəbələ səfəri həmişə ağır keçib. Bizi nəyin gözlədiyini bilirdik. Futbolçularımızı buna uyğun hazırlamışdıq. Amma rəqib bizdən daha istəkli görünürdü".
 
Bunu "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov səfərdə "Qəbələ"yə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XVII turunun oyunundan sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis komandasının yaxşı oynamadığını bildirib: "Bunun üzərində işləməliyik. Çempionat daha da gərginləşir. Hər xal vacibdir. "Qəbələ"ni qələbə münasibətilə təbrik edirəm".

Abbasov hücum xəttində çıxış edən futbolçulardan narazı qaldığını gizlətməyib: "Qəbələ"dəki istək, aqressiya bizdəkindən üstün idi. Təbii ki, bu cür komanda ilə oyunlarda çox epizoda girə bilmirsən. Amma qol imkanlarımız oldu".

Baş məşqçi oyunun referisi Səbuhi Bayramovun idarəçiliyinə də toxunub: "Əslində ilk hissənin ortalarınadək hakimlikdən narazı deyildik. Meydandakı səs-küy bizim komandaya aid deyildi. Sadəcə, matçın sonlarında rəqibin oyunu gecikdirməsinə etiraz etdik. Ümumi götürsək, idarəçilik normal idi. Böyük səhvlər olmadı".

Abbasov ötən tur "Qarabağ"la oyundakı heç-heçənin oyunçularda eyforiya yaratmadığını vurğulayıb: "Biz elə komandayıq ki, burada həm gənclər, həm də təcrübəlilər var. Bilirik ki, yuxarı sıralarda qalmaq üçün arxayınlaşmamalıyıq. Bu, bizə baha başa gələ bilər. Bu gün sadəcə, istədiyimiz aktivliyi göstərə bilmədik".

OXŞAR XƏBƏRLƏR