Süni intellektdən həddən artıq istifadə yorğunluq yaradır- Mütəxəssisdən açıqlama

Süni intellektdən həddən artıq istifadə yorğunluq yaradır- Mütəxəssisdən açıqlama
SOSİAL
14:25 04.08.2026
157
Süni intellekt alətləri gündəlik həyatda və iş prosesində istifadəçilərə böyük rahatlıq yaratsa da, bu texnologiyalardan həmişə gözlənilən nəticəni almaq mümkün olmur. 

AZXEBER.COM xəbər verir ki, türkiyəli mütəxəssis Yaşar Şəkərci bildirib ki, süni intellekt qərarvermə kimi sahələrdə hələ də insanı tam əvəz edə bilmir:

"Süni intellekt xüsusilə təkrarlanan və rutin işlərdə effektiv olsa da, araşdırma, analiz, qərarvermə və orijinal məzmunun hazırlanması kimi sahələrdə hələ də insanı tam əvəz edə bilmir. Süni intellekt mövzunun bütün kontekstini və dərinliyini dərk etmədiyi üçün istifadəçidən əlavə izahlar və ardıcıl suallar tələb edə bilir. Bu səbəbdən istənilən nəticəni əldə etmək üçün eyni sorğunu dəfələrlə yeniləmək lazım gəlir. İstifadəçilərin bütün süni intellekt platformalarını sınaqdan keçirmək istəyi "AI yorğunluğu”na (AI Fatigue) səbəb ola bilər. Texnologiya sahəsində yenilikləri qaçırmaq qorxusu (FOMO) və daha yaxşı variantı əldən vermək narahatlığının (FOBO) insanlarda əlavə psixoloji təzyiq yarada bilər”.

Mütəxəssis hesab edir ki, hər kəsin bütün süni intellekt alətlərindən istifadə etməsinə ehtiyac yoxdur:

"Hər kəsin bütün süni intellekt alətlərindən istifadə etməsinə ehtiyac yoxdur. İstifadəçinin öz ehtiyaclarına uyğun bir neçə platformanı yaxşı səviyyədə mənimsəməsi kifayətdir. Süni intellektin təqdim etdiyi məlumatların mütləq yoxlanılması vacibdir.  Bu sistemlər bəzən reallığa uyğun olmayan, lakin doğru təsiri bağışlayan məlumatlar - "hallüsinasiya” adlandırılan yanlış nəticələr təqdim edə bilər. Buna görə də süni intellektə nə kor-koranə inanmaq, nə də tam etibar etməmək, əldə olunan məlumatları yoxlayaraq istifadə etmək lazımdır”.

O əlavə edib ki, süni intellekt yalnız insan tərəfindən idarə olunan bir vasitədir:

"Süni intellekt insanı əvəz edən müstəqil sistem deyil, yalnız insan tərəfindən idarə olunan bir vasitədir. Bəzi hallarda işi insanın özü daha qısa müddətdə görə bilər və süni intellektdən istifadə vaxt baxımından səmərəli olmaya bilər. Süni intellekt yeni ideyalar və fərqli baxış bucaqları təqdim edə bilər, lakin qərarvermə, strategiya qurmaq və yaradıcı düşüncə kimi sahələrdə insan amili hələ də əvəzolunmazdır”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR