Bakıda yolların buzlaşması ilə əlaqədar dünən 66 nəfər sürüşmə nəticəsində müxtəlif dərəcəli xəsarət alıb. Onlardan 60 nəfəri xəstəxanaya çatdırılıb. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov cümə günü Trend-ə bildirib ki, fevralın 2-də təcili yardıma 1239 müraciət daxil olub. Həmin müraciətlər əsasında 204 nəfər xəstəxanaya yerləşdirilib. Müraciətlərdən 132 nəfəri müxtəlif dərəcəli travmalarla bağlı olub. Travma alanlardan 87 nəfər xəstəxanaya yerləşdirilib. Gün ərzində 18 nəfər dəm qazından zəhərlənib, 11 nəfər xəstəxanaya aparılıb. Zəhərlənən 1 yaşlı uşaq isə xəstəxanada ölüb. Gün ərzində 3 yol qəzası nəticəsində 3 nəfər xəsarət alıb. Baş həkim bildirib ki, stansiyaya yanvarın 31-də 1594, fevralın 1-də 1469 müraciət daxil olub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan daha əvvəl Trend-ə verilən məlumata görə, Bakıda şaxtalı hava şəraiti fevralın 5-dək hökm sürəcək. Bakıda havanın temperaturunun gecə və gündüz 0-3 dərəcə şaxta olacağı gözlənilir.