Türkiyə parlamentində erməni deputatlar peyda ola bilər

Bütün Xəbərlər
14:22 08.02.2011
1960

Türkiyədə iyun ayına nəzərdə tutulan parlament seçkisi öncəsi yerli partiyalar erməni icmasının nümayəndələrini də deputatlığa namizəd qismində irəli sürürlər. Son 50 ildə ilk dəfə olaraq erməni icmasının Türkiyə parlamentində təmsil olunmaq imkanları yaranıb.  Namizədliyi irəli sürülən erməni mənşəli Arev Cebedcin bildirib ki, əvvəllər məlum səbəblərdən ermənilər Türkiyənin daxili siyasətində iştirak etmək hüququna malik deyildilər. Onun sözlərinə görə, onillər ərzində mövcud olan bu ənənə “Aqos” qəzetinin erməni mənşəli baş redaktoru Hrant Dinkin qətlindən sonra dəyişib.

Erməni namizəd deputat seçiləcəyi təqdirdə nəzərdə tutduğu planları barədə də danışıb.

“Mən erməniyəm, əgər seçilərəmsə, əlbəttə ki, öz icmamızın problemlərini qaldıracağam. Lakin eyni zamanda bu cəmiyyətin də bir üzvüyəm və bütün ölkəni təmsil etmək istəyirəm”, - deyə o bildirib.

“Hurriyet Daily News”un məlumatına görə, qarşıda duran seçkidə İstanbulun erməni icmasından ümumilikdə 7 namizəd iştirak edəcək. Onlardan altısının namizədliyi müxtəlif siyasi qüvvələr tərəfindən irəli sürülüb, biri isə müstəqil namizəd kimi parlamentə düşməyə çalışacaq.

Qeyd edək ki, seçiləcəkləri təqdirdə onlar 1960-cı illərdən bu yana Türkiyə Parlamentinə keçəcək ilk ermənilər olacaqlar.

//ANS Press

 

OXŞAR XƏBƏRLƏR