Təhsil Nazirliyi: "Ermənistandan bizə rəsmi dəvət gəlməyib"

Təhsil Nazirliyi: "Ermənistandan bizə rəsmi dəvət gəlməyib"
Bütün Xəbərlər
12:24 24.05.2011
1409

Ermənistanın təhsil və elm naziri Armen Aşotyanın Azərbaycanın təhsil naziri Misir Mərdanovu İrəvanda keçiriləcək beynəlxalq təhsil tədbirlərinə dəvət etməsi rəsmi şəkildə hələ Azərbaycanın Təhsil Nazirliyinə daxil olmayıb. Bunu “Trend”ə Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bayram Hüseynzadə deyib. “Əgər dəvət gələrsə belə, bu, artıq təhsil məsələsi olmayacaq. Bu, ölkənin xarici siyasətidir. Ona görə də biz Xarici İşlər Nazirliyinə müraciət edəcəyik. Onların rəyi əsasında Ermənistanın Təhsil Nazirliyinə cavab verəcəyik”, - deyə Hüseynzadə bildirib.

Ermənistanın təhsil və elm naziri Armen Aşotyan Azərbaycanın təhsil naziri Misir Mərdanovu bu ilin iyul və sentyabr aylarında İrəvanda keçiriləcək beynəlxalq təhsil tədbirlərinə dəvət edib. İyulun 1-dən etibarən Ermənistan Polşa ilə bərabər Bolonya prosesində həmsədrliyə başlayır. Həmsədrlik çərçivəsində 3-10 iyul tarixində İrəvanda beynəlxalq tələbə yay məktəbi təşkil olunacaq, 8-9 sentyabr tarixində isə ali təhsilin maliyyələşdirilməsi üzrə beynəlxalq konfrans keçiriləcək. Bu tədbirlərdə 45 Avropa ölkəsindən təhsil rəsmilərinin iştirakı gözlənilir.

Keçiriləcək tədbirlərdə iştirak etmək üçün Azərbaycanın təhsil naziri ilə yanaşı, Türkiyənin Ali Təhsil Şurasının rəhbəri də dəvət edilib.

 

OXŞAR XƏBƏRLƏR