Taksi sürücüsünü öldürdülər, meyitini borunun içərisində gizlətdilər - 30 il öncəki qətlin TƏFƏRRÜATI

Taksi sürücüsünü öldürdülər, meyitini borunun içərisində gizlətdilər - 30 il öncəki qətlin TƏFƏRRÜATI
SOSİAL
21:17 15.07.2026
148
30 il əvvəl Bakıda törədilən qətllə bağlı təqsirləndirilən Şahin Cəlilov və Hidayət Qafarovun barəsindəki cinayət işi üzrə məhkəmə başlayıb.

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir  ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilənlərin anket məlumatları dəqiqləşdirilərək onların hüquq və vəzifələri izah olunub.

Təqsirləndirilənlər barədə seçilmiş qətimkan tədbirinin dəyişdirilmədən cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar verilib.

Məhkəmənin baxış iclası iyulun 29-na təyin edilib.

Qeyd edək ki, 1996-cı il aprelin 10-da Gülməmməd Xanəhməd oğlu Bayramovun qəsdən öldürülməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində cinayət işinin istintaqı aparılarkən məlum olub ki, Şahin Mahmud oğlu Cəlilov və Hidayət Şirzad oğlu Qafarov qabaqcadan əlbir olan bir qrup şəxs halında "Neftçilər" metro stansiyası yaxınlığında taksi fəaliyyəti ilə məşğul olan Gülməmməd Bayramovun avtomobilinə müştəri kimi əyləşiblər.

Onların Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində taksidə gedərkən sürücünü iplə boğaraq öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.

Daha sonra cinayətin izlərini gizlətmək məqsədilə adları qeyd olunan şəxslər tərəfindən meyitin Qaraçuxur qəsəbəsində beton örtüklü boru xəttinin içərisində gizlədilməsi, zərərçəkmişə məxsus avtomobilin isə hissələrə ayıraraq satılması və əldə olunan vəsaitin aralarında bölüşdürülməsinə dair mötəbər dəlillər əldə olunub.

Qeyd edilən şəxslərin ifadələri yerində yoxlanılarkən hadisə yerində Gülməmməd Bayramovun meyitinin qalıqları aşkar olunub.
OXŞAR XƏBƏRLƏR