"Tamaşalara kənardan aktyor və aktrisaların dəvət olunması heç bir teatr üçün qeyri-adi hal sayılmamalıdır"

"Tamaşalara kənardan aktyor və aktrisaların dəvət olunması heç bir teatr üçün qeyri-adi hal sayılmamalıdır"
MƏDƏNİYYƏT
12:06 21.03.2025
200
Uzun müddətdir ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında ("AzDrama”) baş verən qalmaqal ölkə gündəmini zəbt etməklə yanaşı, oxucuların diqqət mərkəzindədir. Qalmaqala səbəb teatrın aktyorlarının bədii rəhbər Mehriban Ələkbərzadənin fəaliyyətindən narazılıq edərək, onun iş prosesində nöqsanlara yol verməsini deməsi olub.
 
Narazılığın daha da alovlanmasına səbəb isə yeni səhnəyə qoyulan "Baş" tamaşasına kənardan aktrisa Günəş Teginin dəvət olunması olub.
 
Əməkdar artist Mehriban Xanlarova bədii rəhbərin fəaliyyətindən şikayətlənərək teatr kollektivinin böyük bir hissəsinin Mehriban Ələkbərzadənin fəaliyyətindən narazı olduğunu, aktyorlar arasında ayrı-seçkilik salındığını bildirib:
 
"Biz Mehriban Ələkbərzadənin kollektivə yuxarıdan aşağı baxmasından, aktyorlar arasında ayrı-seçkilik etməsindən narahatıq. Prezident mükafatları və fəxri adlar üçün təqdim olunan siyahıların şəxsi münasibətlərə əsasən tərtib edilməsi bizi qorxudur. İçi mən qarışıq, həmkarlarım narahatdır ki, adlarımız siyahılardan bilərəkdən çıxarıla bilər. Biz özümüz üçün rol istəmirik. Amma teatrın bir kənarında qalmış, istedadı görməzlikdən gəlinən aktyor və aktrisalar var. Bəs niyə onlara səhnəyə çıxmaq şansı verilmir?".
 
Baş verən hadisələrə irad bildirənlərdən biri də Xalq artisti Əli Nur olub. O, da narazılığını dilə gətirərək bədii rəhbəri teatrın düşməni adlandırıb:

"Mehriban Ələkbərzadə teatrın düşmənidir. O, "AzDrama"nın qapısından içəri girməyə layiq deyil. Bu teatrda Adil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov, Həsən Turabov, Əliabbas Qədirov kimi sənətkarlar olub. İndi isə bizi kənara qoyub, "Yuğ" Teatrından gələn adam rəhbərlik edir. Ömür boyu teatra kənardan aktyor-aktrisa gətirib, bu da istedadsızların səhnəyə çıxmasına səbəb olub".

Əməkdar artist Münəvvər Əliyeva isə sosial şəbəkə hesabındakı sərt paylaşım edərək sözlərinə"AzDrama"da repressiya dövrü davam edir deyə davam edib:

"AzDrama"da repressiya dövrü davam edir. Aktyorlarımız, bəs siz niyə susursunuz? Səhnədə göstərdiyiniz cəsarətdən həyatınıza da pay düşməyəcək? Teatr həyatın kiçik modelidirsə, bu susqunluq nə üçündür?".
 

Mehriban Ələkbərzadə isə haqqında deyilənlər və bütün ittihamlara qarşılıq olaraq susqunluğunu pozaraq müsahibə verib. O, müsahibəsində məsələyə belə aydınlıq gətirib:

"Teatr əxlaqına görə daxildə baş verənlər kənara çıxmamalıdır. Narazı olanlar üçün qapım açıqdır. Yeni nəsil gəlməlidir. 60 yaşlı adamın 20 yaşlı rolu oynaması gülməlidir. Bu şounun nöqtəsi qoyulmalıdır. Günəş Təqin dəvətli aktrisa deyil, artıq teatrın rəsmi əməkdaşıdır. Teatrımızın aktyor bazasını gəncləşdirmək və yeniləmək üçün bu addımları atırıq. Bu proses gələcəkdə də davam edəcək. Bunlar sadəcə yaşlı nəslin, gənc nəslə olan qısqanclığıdır”. 

 

Baş verənlərlə bağlı AZXEBER.COM- açıqlama verən teatrşünas, ADMİU-nun dosenti Elçin Cəfərov  Azərbaycan teatrının bu cür qalmaqallarla gündəmə gəlməsindən təəssüf hissi keçirdiyini bildirib: 

"Mən istərdim ki, Azərbaycan teatrı bu cür qalmaqallarla yox, uğurlu tamaşaları, səmərəli işləri ilə gündəmə gəlsin. Amma təəssüflər olsun ki, bəzən hadisələr istədiyimiz kimi cərəyan etmir. Bir teatrşünas olaraq hesab edirəm ki, belə məsələlərdə kim haqlıdır, kim haqsızdır demək bizim üzərimizə düşməz. Çünki hər iki tərəfin də özünə görə haqlı səbəbləri var. Hesab edirəm ki, qalmaqalda adı çəkilən aktyorlar Azərbaycan incəsənətinə, teatrına uzun illər xidmət etmiş insanlardır və hər birinin teatr səhnəsində öz yeri var. Mehriban Xanlarova çox uğurlu rollara imza atmış, oynadığı hər bir obraz ilə tamaşaçı sevgisi qazanan bir aktrisadır. Mehriban Ələkbərzadə isə, sözsüz ki, bu gün çağdaş Azərbaycan teatr sənətində öz dəsti-xətti ilə sayılıb, seçilən öz imzası, öz üslubu olan rejissorlardan biridir. Bu mənada hər hansı bir tərəfi haqlı və ya haqsız çıxartmaq etik olmazdı.

 

Teatrşunas kənardan aktrisaların teatra dəvət olunmasının qeyri-adi hal olmadığını bildirib: "Tamaşalara kənardan aktyor və aktrisaların dəvət olunmasına gəldikdə isə bu heç bir teatr üçün qeyri-adi hal sayılmamalıdır, çox normal addımdır. Bu həmişə belə olub, olacaq da. Azərbaycanın teatr tarixinə nəzər salsaq görərik ki, bu proses həmişə olub. Teatrın yeni aktyorlarla gücləndirilməsində heç bir mənfi hal görmürəm. Bu mənada gələcəkdə də hər hasısa tamaşaların səhnələşdirilməsində digər tetarlardan mütəxəssislər və ya aktyorlar dəvət oluna bilər".

Aysel Hacızadə

Yazı Medianın İnkişafı Agentliyinin "Azərbaycanın dövlətçilik tarixinin,milli adət-ənənələrinin, elm və mədəniyyətin təbliği" mövzusunda dərc edilib.

 



OXŞAR XƏBƏRLƏR