Xəbər verdiyimiz kimi, avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-yə işgüzar səfər edib.
Səfər çərçivəsində prezident ABŞ Prezidenti Donald Trampla görüşüb. Eyni zamanda Ermənistanın da qatıldığı üçtərəfli görüşdə iştirak edib.
Tarixi görüşdə vacib məsələlər haqda müxtəlif fikirlər müzakirə edilib, o cümlədən mühüm sazişlər imzalanıb.
İmzalanan üçtərəfli Birgə Bəyannamə nəticəsində artıq Ermənistan və Azərbaycan arasında sülh sazişi paraflanıb və Ermənistana bəzi öhdəliklər təqdim olunub.
Belə ki, Ermənistan sülh sazişinin qüvvəyə minməsi üçün Konstitusiyasına dəyişiklik edərək orada Azərbaycana qarşı ərazi iddialarından vaz keçməli və Zəngəzur dəhlizinin fəaliyyətə başlamasına zəmin yaradaraq bu dəhliz vasitəsilə Naxçıvana quru yolu ilə keçilməsinə əngəl yaratmamalıdır.
Bəs, nəzərdə tutulan bu dəhliz fəaliyyətə nə zaman başlaya bilər?
Məsələ ilə bağlı AZXEBER.COM-a açıqlama verən Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsi Azərbaycanımız üçün çox böyük uğurdur:
"Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Vaşinqtona rəsmi, işgüzar səfəri zamanı bir çox sənədlərin imzalanması gözlənilir. Eyni zamanda, Zəngəzur dəhlizinin açılması, istifadəyə verilməsi və Azərbaycanın öz ərazisindən öz ərazisinə maneəsiz hərəkət etməsini təmin etməklə bağlı razılığın əldə olunması ehtimalı var və belə bir sənəd imzalanacaqdır. Bu sənədin detalları ilə sənəd imzalandıqdan sonra tam dəqiq tanış olacayıq, ancaq istənilən halda Zəngəzur dəhlizinin istifadəyə verilməsi və Azərbaycanın Şərqi Zəngəzurdan Naxçıvana maneəsiz hərəkətin təmin edilməsi çox böyük uğurdur".
Deputat qeyd edib ki, Qarabağ zəfərindən sonra sülh mətni hazırlansa da, Ermənistan tərəfi öz öhdəliklərini yerinə yetirmədi:
"Biz Qarabağ zəfərini əldə etdikdən sonra məhz Zəngəzur dəhlizinin açılması ilə bağlı danışıqlar prosesi həyata keçirilirdi. Sonradan sülh danışıqlarından, məhz kommunikasiyalarının açılması Zəngəzur dəhliziylə bağlı məsələlər ön plana çıxarıldı, sülh mətni tam olaraq razılaşdırıldı. Yalnız Ermənistan tərəfindən bəzi öhdəliklər var ki, tam yerinə yetirilmədiyi üçün sülh sazişinin imzalanması hələ də uzadılırdı. Lakin məhz Vaşinqton görüşündən sonra sülh mətninin, sülh anlaşmasının paraflanması və sülh mətninə sadiqliklə əlaqədər bəyanatın imzalanması, eyni zamanda Zəngəzur dəhlizinin açılması ilə bağlı razılığın əldə olunması demək olar ki, regionumuza yeni bir düzən gətirəcək. Azərbaycanın yaratdığı yeni reallıqlar fonunda region dövlətlərinin inkişaf etməsi, iqtisadi əlaqələrinin güclənməsi üçün əla bir zəmin yaradacaq, regionumuza vacib olan uzunmüddətli və dayanıqlı sülhün təmin olunması üçün ilkin addımlar atılacaqdır".
Parlamentari onu da əlavə edib ki, hazırkı baş verən proseslər Azərbaycan diplomatiyasının, xüsusən İlham Əliyevin uğurudur:
"Bu ağır və çətin prosesdə Azərbaycan Prezidenti İlham Əliyev qətiyyətlə öz mövqeyimizi qoruyub saxladı və bu günlərdə baş verən proseslər məhz cənab Prezidentin təşəbbüsü ilə həyata keçirilir. Biz inanırıq ki, bu razılıq əldə edildikdən sonra yaxın bir dönəmdə Ermənistan ərazisindəki 42 kilometrə yaxın olan həm dəmir yolları, həm də avtomobil yolları təmir olunacaq, yenidən bu yol bu ərazilərdə qurulacaqdır və biz tezliklə bu yolun istifadə edilməsinin şahidi ola biləcəyik. Həqiqətən də baş verən bu proseslər Azərbaycan diplomatiya tarixinin növbəti uğurudur. Cənab Prezidentin növbəti uğurudur, qələbəsidir və biz hesab edirik ki, bu proseslər nəticə etibarilə Azərbaycanımızın daha da güclənməsinə və region dövlətlərinin dinc, əmin-amanlıq şəraitində yaşamasına əla bir zəmin olacaqdır. Həm region dövlətləri, həm də ümumilikdə bu yoldan istifadə edəcək bütün tərəflər fayda götürəcəklər, yaxın gələcəkdə biz Ermənistan və Azərbaycan münasibətlərində yaxınlaşmanı da görə biləcəyik".
Daha bir deputat Günay Ağamalı AZXEBER.COM-a açıqlamasında Zəngəzur dəhlizinin açılmasına münasibət bildirib.
O qeyd edib ki, Vaşinqton görüşü Cənubi Qafqaz üçün sülh, əməkdaşlıq və tərəqqi dövrünün başlanğıcı oldu".
"Avqustun 8-də Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda tarixi anlar yaşandı. ABŞ, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü çərçivəsində əldə olunan razılaşmalar Cənubi Qafqaz üçün sülh, əməkdaşlıq və tərəqqi dövrünün başlanğıcı oldu. Cənab Prezident İlham Əliyevin Ağ Evdə mətbuata bəyanatla çıxışı və yerli media nümayəndələrinə verdiyi müsahibə görüşün əhəmiyyəti barəsində hər kəsdə aydın fikir formalaşdırır. Bilindiyi kimi, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın liderliyində Cənubi Qafqazda yeni geosiyasi konfiqurasiya yarandı. Ölkəmiz işğal dövründə bizə diqtə olunan narrativlərə son qoymaqla baxış bucağını dəyişdi və bölgədə yeni siyasi gündəliyin əsasını qoydu. Məhz bu səbəbdən möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin Vaşinqton səfəri uğurlu diplomatik strategiyanın, gücün, qalibiyyətin və bundan qaynaqlanan hörmətin manifestidir" - deyə deputat qeyd edib.
Deputat həmçinin bildirib ki, 907-ci düzəlişi ləğv etməsi qarşılıqlı etimadın möhkəmləndirilməsi istiqamətində mühüm qərardır:
"Artıq rəsmi Bakı və Vaşinqton, həmçinin Bakı - Vaşinqton - İrəvan üçbucağında bölgədə yeni səhifə açılır. Dövlət rəhbərinin də qeyd etdiyi kimi, ABŞ və Azərbaycan arasındakı ikitərəfli münasibətlər yeni pilləyə qalxır və bizim strateji tərəfdaşlığımız artıq başlayır. Bu istiqamətdə bir neçə ay ərzində sənədlər və bütün mətnlər hazırlanacaq. Azərbaycan üçün bu, tarixi nailiyyətdir. Eyni zamanda prezident Trampın ABŞ-Azərbaycanın əlaqələrinin inkişafına mənfi təsir göstərən, tamamilə qərəzli və təhrif əsaslı 907-ci düzəlişi ləğv etməsi qarşılıqlı etimadın möhkəmləndirilməsi istiqamətində mühüm qərardır. Təbii ki, ölkələrimiz bundan sonra daha dinamik və çevik metodlar çərçivəsində uğurlu əməkdaşlıq portfeli formalaşdıracaq".
Günay Ağamalı bildirib ki, ATƏT-in Minsk qrupunun ləğv edilməsi növbəti diplomatik uğurumuzun təzahürüdür:
"Cənab Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər və bir sıra fundamental razılaşmalar təkcə bölgəmiz üçün deyil, bütün dünya üçün böyük imkanlar vəd edir. Təbii ki, burada sərhədlərin qarşılıqlı olaraq tanınması, ərazi bütövlüyünə hörmətin təsdiqlənməsi və xüsusi olaraq Zəngəzur dəhlizi, onun Ermənistandan keçən hissəsinin adı ilə ""Donald Tramp – Beynəlxalq Sülh və Rifah Yolu” - nun açılması ilə ticarət yollarının canlandırılmasını Cənubi Qafqazı nəqliyyat-kommunikasiya qovşağına çevirmək gücündə olan strateji qərardır. Bununla yanaşı, münaqişə müddətində yalnız işğalçı tərəfin mövqeyini müdafiə edən, perspektivsiz missiya yaddaşlarda qalan ATƏT-in Minsk qrupunun ləğv edilməsi növbəti diplomatik uğurumuzun təzahürüdür. Vaşinqton görüşü tərəflərin sülh istiqamətində iradəsinin simvolu illərdir davam edən qanlı səhifənin bağlanması nəticəsində yeni bir başlanğıcın təməlinin qoyulmasıdır".
Politoloq Tofiq Abbasov da AZXEBER.COM-a açıqlamasında Zəngəzur dəhlizinin açılmasının əhəmiyyətini şərh edib:
"Azərbaycanın Naxçıvanla yerüstü əlaqəsi sovet dövründə maneəsiz fəaliyyət göstərirdi və bu, ölkəmizin bölgədə logistik sistemin formalaşmasına verdiyi mühüm töhfə idi. Həm dəmir yolu, həm də avtomobil yolları Azərbaycanın balansında olub, onların tikintisi və saxlanılması dövlət büdcəsinin hesabına həyata keçirilib”.
O, bildirib ki, Ermənistanda revanşizm, millətçilik və radikal faşizm baş qaldırdıqda, 1980-ci illərin sonunda vəziyyət sürətlə dəyişib:
"Radikal qüvvələr münasibətləri qırmaq və Naxçıvanı Azərbaycanın əsas hissəsindən təcrid etmək istiqamətində addımlar atdılar. İran vasitəsilə əlaqə imkanımız qalsa da, bu, yalnız köməkçi variant idi. Azərbaycanın Naxçıvanla birbaşa əlaqəsi xalqımızın təbii haqqıdır və heç bir qüvvə buna mane ola bilməz. Ermənistana qondarma dövlətçilik verildikdən sonra bir sıra qüvvələr türk birliyini parçalamağa, təbii əlaqələri qırmağa çalışdı. İndi isə biz böyük ədalətin bərpasının şahidi oluruq. Azərbaycan Naxçıvanla etibarlı və təhlükəsiz əlaqəni bərpa edir və etməlidir. Bu, bizim təbii haqqımızdır”.
Tofiq Abbasovun sözlərinə görə, Azərbaycanın Naxçıvanla əlaqəsinin olmaması ədalətsizlikdir və bölgədə şər qüvvələrin möhkəmlənməsinə şərait yaradır:
"İmzalanan bəyannamə və çərçivə sazişi Ermənistan üçün də faydalı ola bilər. Paşinyan bəzi məqamları açıq ifadə etsə də, daxili siyasi vəziyyət ona hər şeyi deməyə imkan vermir. Radikal və revanşist qüvvələr yenidən baş qaldırır. Ermənistan anlamalıdır ki, realist dövlət quruculuğunun yolu Azərbaycanla razılıqdan keçir. Əslində, ortada problematik məqam yoxdur. Bu, yeni inteqrasiya dövrüdür. İkinci Qarabağ müharibəsindən sonra Prezident İlham Əliyevin irəli sürdüyü əməkdaşlıq formatı bölgədə problemlərin həllinə yönəlib. Əgər bəzi ölkələr maneələr yaradırsa, digər dövlətlər öz imkanlarını təklif edə bilərlər. Xarici logistik şirkətlərin də prosesə qoşulması sülhə xidmət edəcək. Ermənistan sabotaj siyasətindən konstruktiv mövqeyə keçməli, nəzərdə tutulan məsələlərin hamısı praktik olaraq icra edilməlidir. Bu, bütün tərəflərə qazanc gətirəcək yeganə variantdır”.
Mikayıl Mirzəzadə
Yazı Medianın İnkişafı Agentliyinin "Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük "Vətən Müharibəsi"ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması" mövzusunda dərc edilib.