Bütün xəstəliklərin müalicəsi tapılsa və qocalma prosesini ləngidən mükəmməl dərman hazırlansa belə, insanın sonsuza qədər yaşaması bioloji baxımdan mümkün olmaya bilər.
AZXEBER.COM xarici mətbuata istinadən x.b.r verir ki, Rusiyada aparılan yeni araşdırma insan ömrünün qarşısında bioloji sərhədin olduğunu ortaya qoyub.
"Skolkovo Institute of Science and Technology" tərəfindən aparılan araşdırmada müəyyən edilib ki, orqanizmdə zamanla toplanan somatik DNT mutasiyaları bütün bioloji aşınma prosesləri dayandırılsa belə, həyati orqanların fəaliyyətinə təsir göstərə bilər.
Kompüter simulyasiyalarına əsaslanan araşdırmaya görə, bütün xəstəliklər aradan qaldırılsa belə, insan ömrünün nəzəri olaraq təxminən 150-190 il arasında məhdudlaşa biləcəyi ehtimal edilir.
Beyin və ürək hüceyrələri yenilənmir
Araşdırmaçılar bildiriblər ki, yaşlanmanın əsas amillərindən biri orqanlardakı hüceyrələrin yenilənmə qabiliyyətidir.
Dəri və qaraciyər kimi toxumalar özünü müəyyən qədər yeniləyə bildiyi halda, beyin və ürəkdəki uzunömürlü hüceyrələr demək olar ki, yenilənmir. Bu hüceyrələrdə illər ərzində toplanan zədələnmiş DNT mutasiyaları zamanla orqanların fəaliyyətinə təsir göstərə bilər.
Alimlər vurğulayıblar ki, əldə olunan nəticələr dəqiq proqnoz deyil, qocalma mexanizmlərini izah etməyə yönəlmiş riyazi modeldir.
Tədqiqatçılara görə, gələcəkdə əsas məqsəd yalnız insan ömrünü uzatmaq deyil, həm də insanların yaşlılıq dövrünü daha sağlam və yüksək həyat keyfiyyəti ilə keçirməsini təmin etmək olmalıdır.
Gülay











































