Kustar üsulla hazırlanmış masanın üzərində gənclərimizin mənəviyyatı pozulur Bakının tam mərkəzində, “Azərbaycan” kinoteatrının bir addımlığında bir qrup insanın toplaşaraq, maraqla rezin halqa atmağını yəqin ki, bir çoxlarınız tamaşa etmisiniz. Əslində ev şəraitində hazırlanmış bir taxta üzərində siqaret, oyuncaq, brelok və digər xırda “hədiyyələr” qazandıran bu oyuna şəhər əhalisinin marağı da günü-gündən artmaqdadır. Gənclər bu oyunu oynayarkən rezin halqanı 5 metr məsafədən ataraq, həmin hədiyyələrin üzərinə düşməyə çalışırlar. Rezin halqa hansı hədiyyənin üzərində dayansa, həmin hədiyyə iştirakçınındır. Bir dəfə rezin halqa atmağın qiyməti isə 1 manatdır. Presspost.az İnformasiya Portalının əməkdaşı bu mənzərəni tamaşa etmiş və fürsətdən istifadə edərək, bir-neçə foto da çəkmişdir. Bugün qumar oyunlarının qanunla yasaqlandığı bir dövrdə şəhərin mərkəzində,hamının gözü qarşısında bu iyrənc və cılız qumarın oynanılması kimə və ya nəyə xidmət edir?! Gənclərimizin gündəlik fikrini və vaxtını bucür cılız qumarlara sərf edən “iş adamları” nəyə görə cəzalandırılmır?! Maraqlısı da odur ki, həmin ərazidə gündəlik olaraq, Səbayel rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşları gəzişirlər. Görəsən, onlar niyə görə, açıq havada keçirilən bu qumarın qarşısını almırlar?! Dövlətə heç bir vergi vermədən, qanunu pozaraq həyata keçirilən bu qumar əslində gənclərimizin mənəviyyatını korlamaqdan başqa bir şey deyil. Mövzunu diqqətdə saxlayacayıq.mənbə: Presspost.az