Tbilisi-Bakı qatarına saxta bilet satışı: ADY-dən vətəndaşlara xəbərdarlıq

Tbilisi-Bakı qatarına saxta bilet satışı: ADY-dən vətəndaşlara xəbərdarlıq
SOSİAL
12:43 11.08.2026
252
Son zamanlar Tbilisi-Bakı qatarına bilet almaq istəyən şəxslərin sosial şəbəkələrdə dələduzluqla üzləşməsi ilə bağlı şikayətlər artır.
Belə ki, bəzi şəxslər sosial şəbəkələrdə yayılan elan və qruplar vasitəsilə bilet almağa çalışır, ödəniş etdikdən sonra isə nə bilet əldə edə, nə də ödədikləri pulu geri ala bilirlər.

Məsələ ilə bağlı AZXEBER.COM Azərbaycan Dəmir Yollarına (ADY) sorğu göndərib.

Qurumdan bildirilib ki, son günlər Bakı–Tbilisi–Bakı reysi üzrə saxta biletlərin satılması ilə bağlı bir sıra vətəndaş müraciətləri daxil olur.
"Son günlər Bakı–Tbilisi–Bakı reysi üzrə saxta biletlərin satılması ilə bağlı Azərbaycan Dəmir Yollarına vətəndaş müraciətləri daxil olur. Bəzi turizm şirkətləri və sosial şəbəkə hesabları sərnişinlərə mövcud olmayan yerlər üzrə fərqli qiymətlərə saxta biletlər təqdim edir. Nəticədə eyni yer üçün etibarlı biletlə yanaşı saxta bilet satılması hallarına rast gəlinir”.

Qurum sərnişinlərə tövsiyə edib ki, biletləri yalnız ADY-nin saytından, "ADY Mobile” tətbiqindən və dəmiryol kassalarından əldə etsinlər:

"Bir daha bildiririk ki, ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə heç bir turizm şirkəti və ya vasitəçi ilə əməkdaşlıq etmir və onlara bilet kvotası ayırmır. Sərnişinlərə biletləri yalnız ADY-nin saytından, "ADY Mobile” tətbiqindən və dəmiryol kassalarından əldə etməyi tövsiyə edirik. Saxta biletlərin hazırlanması və satılması ilə bağlı hüquq-mühafizə orqanlarına müvafiq məlumatlar təqdim edilib və hazırda araşdırma aparılır. Sərnişinlərimizi bir daha diqqətli olmağa və biletləri yalnız rəsmi satış xidmətlərindən əldə etməyə çağırırıq”.

Qeyd edək ki, sosial şəbəkələrdə saxta bilet satışı ilə bağlı dələduzluq halları yalnız Tbilisi-Bakı qatarı ilə məhdudlaşmır. Sosial şəbəkələrdə müxtəlif məhsul və xidmətlərin satışı zamanı da vətəndaşların oxşar üsullarla aldadılması halları müşahidə olunur.

Bəs vətəndaşlar saxta hesabı və dələduz satıcını əvvəlcədən necə müəyyən edə bilərlər?

AZXEBER.COM-a açıqlamasında informasiya texnologiyaları üzrə mütəxəssis Fərid Əmirov bildirib ki, sosial şəbəkələrdə bilet alarkən bir sıra məqamlara diqqət etmək lazımdır:

"Bilet satmaq adı ilə pulunuzu mənimsəmək istəyənlər adətən "Telegram”, "Instagram” və ya "Facebook”da anonim profillərlə qarşınıza çıxırlar. Sizdən ödənişi rəsmi sistemlə deyil, birbaşa şəxsi bank kartına köçürməyi tələb edirlər. Üstəlik, ödənişdən əvvəl biletin adınıza rəsmiləşdirildiyini göstərən heç bir rəsmi sənəd və ya PDF təqdim edə bilmirlər. Profilə baxsanız, adətən onun yeni açıldığını, izləyicilərinin az olduğunu və rəylərin bağlandığını görə bilərsiniz. Bir də üstəlik, "Son 1 bilet qalıb, tez olun” deyərək sizi tələsdirirlər ki, düşünüb-daşınmağa vaxtınız olmasın. Tanımadığınız şəxslərə bilet adı ilə pul köçürməyin. Biletlərinizi yalnız rəsmi dəmir yolu kassalarından və ya rəsmi saytlardan alın”.

Fəridə Əsədzadə
 

 


OXŞAR XƏBƏRLƏR