Təhsil naziri universitetlərdəki pul yığımından danışdı - ÇIXIŞ

Təhsil naziri universitetlərdəki pul yığımından danışdı -  ÇIXIŞ
Bütün Xəbərlər
16:39 28.06.2013
3568

70 günlük fəaliyyətimdə əsas məqsəd təhsilin qarşısında duran problemlərlə tanış olmaq, vəziyyəti öyrənmək, eyni zamanda Azərbaycanın digər sahələrdə əldə etdiyi uğurları təhsildə də əks olunmasına çalışmaqdan ibarət olub.

AZXEBER.COM-un məlumatına görə, bunu təhsil naziriMikayıl CabbarovAzTv-yə müsahibəsində deyib: “Təhsil sistemimizin qarşısında duran əsas məqsəd – etnik mənşəyindən, dinindən asılı olmayaraq müstəqil Azərbaycanın vətəndaşını formalaşdırmaqdır. Qloballaşan, müasirləşən dünyada lazım olan biliklərə malik insan yetişdirməkdir. Bu məqsədi qəbul ediriksə, o zaman Azərbaycanın təhsil sisteminin belə bir məhsul yetişdirməsi üçün nələr lazım olduğunu müəyyənləşdirməliyik”. Nazir deyib ki, məktəbəqədər təhsildən başlamış, ali təhsilə qədər bütün pillələrdə eyni yanaşma nümayiş etdirməliyik. O qeyd edib ki, bu problemlərin əksəriyyəti “Azərbaycan-2020” konsepsiyasında aydın şəkildə əks olunub: “Burada təhsilin məzmunu, müəllim elementi, müasir idarəetmə, maddi texniki baza məsələləri əks olunacaq. Təhsili geniş mənada götürdüyümüzdən, yalnız məktəblərlə məhdudlaşa bilmərik. Yeni məktəblər təmir olunsa da, həm bölgələrdə, həm də paytaxtda təmirə ehtiyacı olan məktəblər var. Bundan başqa, təkcə tikililərlə məhdudlaşa bilmərik. Həmçinin elmi baza üçün lazım olan avadanlıqlar, informasiya texnologiyaları, müəllimlərin əmək haqqı və s. məsələlər üzərində də işləməliyik”. M.Cabbarov həmçinin, məktəb direktorlarının vəzifədən azad edilməsinə də aydınlıq gətirib: “Hər bir halın öz səbəbi var. Bunlar hamısı tam şəkildə araşdırılıb, ortaya çıxan faktlar əsasında müvafiq qərarlar qəbul edilib. Bu məsələnin kökündə duran əsas siyasət məktəblərdə mənfi və biabırçı yığım praktikasına son qoymaqdır. Bu heç bir şəkildə dözüləbilən hal deyil”. Nazirin sözlərinə görə, ali və orta təhsil sistemində cari təmir, qəzet abunəsi bəhanələri ilə qeyri-qanuni pul yığımı həyata keçirilir: “Bu problem Azərbaycanda olmamalıdır. Bu bizim üçün qəbulolunmazdır. Proses artıq başlayıb və axıra qədər də davam etdiriləcək. Ümid edirəm ki, bu istiqamətdə irəliləməyimiz kifayət qədər sürətli olacaq”. M.Cabbarov vurğulayıb ki, attestatların verilməsi də bu səbəblərdən idi: “Nazirliyin daxili nəzarət şöbəsi, qaynar xətt və mənim regionlarda keçirdiyim görüşlər zamanı olunan söhbətlər və qəbullarda qaldırılan məsələlər əsasında cəza tədbirləri həyata keçirilib. Gələcəkdə də hər bir hala görə ciddi araşdırma aparılıb, qərar qəbul ediləcək. Bu vaxta qədər intizam tədbirləri, vəzifədən azad etmə ilə məhdudlaşırdıqsa, gələcəkdə qanunvericiliyə uyğun olaraq inzibati və cinayət məsuliyyətinə cəlb olunmalarını qaldırmaq niyyətindəyik”. M.Cabbarov bildirib ki, keyfiyyətli təhsildən danışırıqsa, tam açıq, səmimi olmalıyıq. Biz riyakarlıqla məşğul ola bilmərik. “Çünki bu hallar təhsil atmosferinə, uşaqların mənəviyyatına təsir edir. Valideynlərə də üz tuturam ki, onlar da bu hallarla qarşılaşarkən mübarizə aparsınlar”.

OXŞAR XƏBƏRLƏR