Tələbələr yayda necə pul qazana bilər?

Tələbələr yayda necə pul qazana bilər?
SOSİAL
22:41 05.06.2026
180
Tələbələrin yay aylarında qazanc imkanları müxtəlif amillərdən asılı olaraq dəyişir və bu, həm seçim edilən iş növünə, həm də bacarıq və təcrübəyə bağlıdır. Yay tətili bir çox tələbə üçün yalnız istirahət dövrü deyil, eyni zamanda iş təcrübəsi qazanmaq və əlavə gəlir əldə etmək imkanı kimi qiymətləndirilir. Bəs bu imkanların əlçatanlığı nə qədərdir?

Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən sosioloq Elçin Bayramlı bildirib ki, tələbələrin zəhmətə alışması və peşəyə uyğunlaşması çox vacib məsələdir:

"Təkcə maddi ehtiyac baxımından deyil, hətta maddi ehtiyacı olmasa belə, mütləq boş vaxtlarda və tətil dövrlərində fəaliyyətlə məşğul olmaları onların inkişafı üçün önəmlidir. Bizdə iş imkanları o qədər də geniş olmasa da, bacarıqlı tələbələr müxtəlif sahələrdə iş tapa bilərlər. Hətta "part-time", mövsümi və müvəqqəti işlər də mümkündür. Burada həm fiziki, həm də intellektual işlərdən söhbət gedir. Hər kəs öz bacarığına uyğun iş tapa bilər. Tələbələr həm praktiki bacarıqlarını artıra, dünyagörüşünü və iş qabiliyyətini inkişaf etdirə, həm də gəlir əldə edə bilərlər ki, tələbəlik dövründə özlərini daha yaxşı təmin etsinlər".

Ekspert deyib ki, şirkətlər, müəssisələr və müxtəlif təşkilatlar bu baxımdan tələbələrə daha çox imkan yaratmalıdır:

"İstər qeyri-hökumət təşkilatları, istər kommersiya qurumları olsun, müxtəlif sahələrdə, o cümlədən İT sahəsində, hətta kənd təsərrüfatında belə tələbələr üçün imkanlar yaradıla bilər. Məsələn, yay aylarında tələbələrin böyük əksəriyyəti rayonlardan olur və həmin dövrdə onlar həm özlərinin, həm də ailələrinin təsərrüfat işlərinə dəstək verə bilərlər.

Hazırda bir çox tələbə Bakıda kuryer və çatdırılma xidmətlərində işləyir, amma digər sahələrdə də imkanlar mövcuddur. Bu imkanlar tələbələrin inkişafı, gəlir əldə etməsi və vaxtlarını daha səmərəli keçirməsi baxımından əhəmiyyətlidir.

İmkanlar çox geniş olmasa da, yenə də mövcuddur. Tələbələr çalışıb fəaliyyət sahəsi tapa bilərlər. Yüksək gəlir olmasa da, bu həm praktika, həm peşə bacarığı, həm də təcrübə deməkdir. Bunun üçün isə zəhmətkeşlik, axtarış və aktivlik lazımdır.

Hər halda, bu prosesdə təkcə tələbələr deyil, ümumilikdə müəyyən dövlət qurumları və təşkilatlar da dəstək verməlidir. Məsələn, əvvəllər istehsalat müəssisələrində tələbələr bir neçə ay praktika keçirdilər və bu çox faydalı olurdu. Hazırda da bu kimi proqramlar yenidən genişləndirilə bilər və daha yaxşı nəticələr əldə oluna bilər", - deyə o qeyd edib.
OXŞAR XƏBƏRLƏR